Azərbaycan
   
   15 avqust 1784 - Görkəmli şair, Azərbaycanın realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olub.
   15 avqust 1832 - Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Şuşada "Məclisi-üns" ədəbi birliyinin yaradıcısı olub. Xeyriyyəçiliyi ilə tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
   15 avqust 1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edib.
   15 avqust 1955 - Xalq artisti Afaq Bəşirqızı anadan olub. Lənkəran Dram, Sumqayıt Musiqili Dram teatrlarında çalışıb. 1989-cu ildən Dövlət Musiqili Teatrında fəaliyyət göstərir. Teletamaşalarda (“Yaşıl eynəkli adam”, “Bala - başa bəla”, “Yarımştat” və s.), filmlərdə («Bəxt üzüyü», «Girov») yaddaqalan obrazlar yaradıb.
   
   16 avqust 1925 - Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 - 13.2.2009) Şəkidə anadan olub. Azərbaycanın ikiyə bölünməsindən bəhs edən "Gülüstan" poeması (1959) şairə məşhurluq gətirib. Ümumilikdə 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
   16 avqust 1925 - Yazıçı-dramaturq, şair, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 - 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” pyeslərinin, poema, şeir və hekayələrin müəllifidir. Azərbaycan KP MK-nın katibi olub.
   16 avqust 1998 - Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 - 1998) vəfat edib. «Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı (1995-1998) olub. «Qətl günü» romanı, «220 saylı otaq», «Qalaktika» kitablarının, “Yeddi oğul istərəm, “Qətl günü” filmlərinin ssenari müəllifidir.
   
   17 avqust 1933 - Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub.
   17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 - 25.10.2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, 1969-cu ildə Sopotda (Polşa) beynəlxalq mahnı festivalında ilk mükafatını qazanıb. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Populyar mahnıların müəllifidir. Rejissor Eldar Quliyevin “Nizami” filmində baş rola çəkilib, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” filmlərinə musiqi yazıb. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
   17 avqust 1943 - Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva Bakıda anadan olub. Azərbaycan Televiziyası və Radiosu estrada orkestrinin, Dövlət Filarmoniyasının solisti olub. “Şöhrət” ordeni ilə (2002) təltif edilib.
   17 avqust 1950 - Əməkdar artist Ənvər Həsənov Bakıda doğulub. Çəkildiyi filmlər: “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Qanlı zəmi”, “Cavad xan” və s.
   17 avqust 1950 - Xalq artisti Cəfər Namiq Kamal (Əhmədov) Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Milli Dram Teatrında çalışır. Televiziya tamaşalarında maraqlı rollar oynayıb. “Yalan”, “Yük”, “Günaydın, mələyim!” filmlərində çəkilib.
   17 avqust 1958 - Şair, tərcüməçi Əjdər Ol (Əjdər Feyzulla oğlu Cəbiyev) Hacıqabulda anadan olub. Kitabları: “İndidən...”, “Könül vuruşu” və s. Latış və kumık folklorundan dilimizə tərcümələr edib.
   
   18 avqust 1946 - Ədəbiyyatşünas alim, türkoloq, professor Kamil Vəli Nərimanoğlu Cəbrayıl rayonunda anadan olub. BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri olub. Türkiyə, Şimali Kipr universitetlərində çalışıb. Türk Dil Qurumunun üzvüdür.
   18 avqust 1991 - Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 - 1991) vəfat edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" və s. kitabların müəllifidir.
   
   19 avqust 1901 - Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə (1901-11.11.1951) anadan olub. Opera və Balet Teatrında "Koroğlu", "Arşın mal alan" tamaşalarını səhnələşdirib. İlk milli baletimiz olan "Qız qalası"nın (bəstəkarı Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. "Qız qalası", "Almaz" filmlərində çəkilib.
   19 avqust 1912 - Xalq şairi Mirvarid Paşa qızı Dilbazi (1912 - 13.7.2001) Qazax rayonunun Musaköy kəndində anadan olub. "Məhəbbət", "Əlcəzairli qız", "Partizan Aliyə", "Ana ürəyi", "Məhəbbətin göz yaşları" poemaları, “Bənövşələr üşüyəndə”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və s. kitabların müəllifidir. Nizaminin, Nəvainin (fars dilindən), rus şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib. «İstiqlal» ordeni ilə təltif edilib.
   19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas, pedaqoq Lyudmila Karagiçeva-Bretanitskaya anadan olub. Qara Qarayev, Fikrət Əmirov və digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair tədqiqat əsərlərinin müəllifidir.
   
   20 avqust 1901 - Məşhur xanəndə, muğam ustadı, Xalq artisti Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşirov; 1901 - 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl" və s. mahnı və təsnifləri bəstələyib.
   20 avqust 1912 - Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazi (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə,1912 - 2.8.1984) anadan olub. "Xosrov və Şirin" operası, "Çitra" baleti, "Zaqatala süitası", "Qaytağı", "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının müəllifidir.
   20 avqust 1929 - Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın Çingiz oğlu Qaradağlı (1929 - 28.1.1980) anadan olub.
   
   21 avqust 1930 - Tanınmış ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı Bəkir Əhməd oğlu Nəbiyev (1930-15.3.2012) Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Nizami adına Ədəbiyyat Muzeyinin, Ədəbiyyat İnstitutunun direktoru işləyib. Azərbaycan ədəbiyyatşünaslığının inkişafında xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
   
   Dünya
   
   15 avqust 1771 - Şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub. Tarixi roman janrının banilərindəndir. Əsərləri: “Edinburq həbsxanası”, “Rob Roy”, “Ayvenqo”, “Marmion” (ilk mənzum roman) və s.
   15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” (opera), “Səyyah cəngavər” (balet) və s.
   
   16 avqust 1934 - Məşhur fransız aktyoru, komik rollar ifaçısı Pyer Rişar (Pierre Richard) anadan olub. Filmləri: “Oyuncaq”, “Çətirin ucu ilə”, “Bəxti gətirməyənlər”, “Liftdən solda” və s.
   16 avqust 1954 - Amerika-Kanada kinorejissoru Ceyms Kemeron (James Francis Cameron) anadan olub. Filmləri: “Terminator”, “Doğru yalan”, “Titanik” (11 “Oskar” mükafatı), “Avatar” (3 “Oskar”) və s.
   16 avqust 1958 - Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub. Dünyada ən çox tirajla (300 milyon) musiqi albomu satılan qadın müğənnidir. 9 dəfə “Grammy” mükafatı qazanıb.

   17 avqust 1935 - Aktyor, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edir. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “Baharın on yeddi anı”, “D’Artanyan və üç muşketyor” və s.
   17 avqust 1943 - Amerika aktyoru, rejissor və prodüser Robert de Niro anadan olub. Məşhur filmləri: “Xaç atası-2” (“Oskar” mükafatı), “Bir dəfə Amerikada”, “Qudurmuş öküz” (“Oskar”), “Taksi sürücüsü” və s.
   17 avqust 1960 - Amerika aktyoru Şon Penn (Sean Justin Penn) anadan olub. Filmləri: “Karlitoya yol”, “Sirli çay” (“Oskar”, 2004), “Harvi Milk” (“Oskar”, 2009) və s.
   
   18 avqust 1933 - Polyak (yəhudi) əsilli Amerika rejissoru Roman Polanski (Rajmund Roman Liebling) anadan olub. Filmləri: “Acı ay”, “Çin məhəlləsi”, “Pianoçu” (Kann festivalının qalibi və “Oskar” laureatı) və s.
   
   19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizm cərəyanının banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub. “Pamela”, “Klarissa”, “Çarlz Qrandison” epistolyar romanların müəllifidir.
   19 avqust 1909 - Tanınmış polyak yazıçısı Yeji Andjeyevski (1909-1983) anadan olub. Əsərləri: “Cənnətin qapıları”, “Qaranlıq yeri örtür”, “Kül və almaz”.
   19 avqust 1915 - Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (24.12.1867, İstanbul - 1915) vəfat edib.
   19 avqust 1951 - Tanınmış rus aktyoru Vladimir Konkin anadan olub. Filmləri: “Polad necə bərkidi” (Pavel Korçaqin), “Görüş yerini dəyişmək olmaz” (Şarapov).
   
   20 avqust 1847 - Polyak yazıçısı Boleslav Prus (əsl adı Aleksandr Qlovaski, 1847-1912) anadan olub. Əsərləri: “Forpost”, “Kukla”, “Firon” romanları və s.
   20 avqust 1901 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1959) laureatı Salvatore Kvazimodo (1901-1968) anadan olub. “Həyat yuxu deyil”, “Qənirsiz yer” kitablarının müəllifidir.
   20 avqust 1937 - Rus kinorejissoru və ssenaristi Andrey Mixalkov-Konçalovski anadan olub. 80-ci illərdən Amerikada yaşayıb. Filmləri: “Asya Klyaçinanın əhvalatı”, “Sibiriada”, “Mariyanın sevgililəri” və s.
   
   21 avqust 1913 - Rus yazıçısı və dramaturqu Viktor Rozov (1913-2004) anadan olub. Dramaturqun “Ədəbi yaşayanlar” pyesi əsasında çəkilmiş “Durnalar uçur” ekran əsəri Kann kinofestivalının qalibi olmuş (1958) yeganə sovet filmidir.
   21 avqust 1925 - Fransız kinorejissoru Moris Piala (Maurice Pialat; 1925-2003) anadan olub. Filmləri: “Çılpaq uşaqlıq”, “Lulu”, “Şeytanın günəşi altında” (Kann festivalının qalibi, 1987), “Van Qoq” və s.
   21 avqust 1997 - Görkəmli rus aktyoru, məşhur sirk ustası Yuri Nikulin (18.12. 1921-1997) vəfat edib. Moskva Sirkinə rəhbərlik edib. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s.
   
   Hazırladı: Vüqar Orxan