Təbii ehtiyatları ilə zəngin, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyətə malik, Avropa ilə Asiyanı birləşdirən Azərbaycan adlı məmləkətə yadellilər həmişə göz dikmişlər. Lakin xalqımız öz şücaəti, mərdliyi və qəhrəmanlığı ilə heç kəsin qarşısında baş əyməmiş, dost ilə dost olmuş, düşməninə layiqincə cavab vermişdir.
   
   XIX-XX əsrlərdə dəfələrlə millətimizin başına ağır faciələr gətirilmiş, böyük dövlətlərin yürütdükləri imperiya siyasətinin qəddar və məkrli icraçısı olan ermənilərin əli ilə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılaraq soyqırımı törədilmişdir. Minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilmiş, öz ata-baba yurdundan didərgin salınmış, Azərbaycanın qədim yaşayış məskənləri xarabalığa çevrilmişdir.
   Tariximizi qara ləkələrdən təmizləmək, keçmişdə baş verənləri olduğu kimi öyrənib xalqa çatdırmaqda xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin xüsusi xidmətlərini hər zaman minnətdarlıqla qeyd etməliyik. Məhz ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı tariximizin qaranlıq səhifələrinə işıq salmışdır.
   Tariximizə nəzər salsaq görərik ki, Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanması Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarının bölünməsinin əsasını qoydu. Xalqımızın bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlanmış, qısa bir müddətdə bu siyasətin nəticəsi olaraq ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilmişdir.
   “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıda başlanan vəhşilikləri Azərbaycanın bir çox bölgələrini və indiki Ermənistan ərazisindəki tarixi yurd yerlərimizi əhatə etmiş, yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan olunmuş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bu qətliamlar sonralar daha geniş və müdhiş xarakter almışdır.
   1918-ci ildə azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə olduğu kimi, Quba qəzasında da xüsusi qəddarlıqla həyata keçirilmişdir. Yüzlərlə günahsız uşaq, qadın və qoca amansızcasına qətlə yetirilmiş, kəndlər dağıdılmış, əhali ev-eşiyindən didərgin salınmışdır.
   Ümummilli lider Heydər Əliyev Qubanın Azərbaycan tarixində yerindən, malik olduğu qədim ənənələrdən bəhs edərkən belə demişdir: “Qubanın zəngin, qədim tarixi var. Quba həm coğrafi mövqeyinə görə, həm təbiətinə görə, həm də tarixi ənənələrinə görə Azərbaycanın keçmişində də, bu günündə də çox mühüm yer tutur, böyük rol oynayır. Qubanın tarixində Azərbaycanın, Azərbaycan xalqının çox parlaq səhifələri həkk olunubdur”.
   Ulu öndərin hər birimiz üçün iftixar hissi doğuran bu müdrik fikirlərini ona görə xatırladırıq ki, mənfur ermənilər tərəfindən Qubada törədilən soyqırımı siyasətinin ağır nəticələrini təsəvvür etməyə imkan versin.
   Bu il Quba soyqırımının 94 ili tamam oldu. Xalq olaraq qanlı tarixi heç vaxt yaddan çıxarmamalı, törədilmiş bu genosid faktını böyük kədər və düşmənə nifrət hissi ilə qeyd etməliyik.
   Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin məlumatında ermənilərin kütləvi surətdə yaşamadığı, demək olar ki, onların barmaqla sayıldığı Quba şəhərində bu hadisələrin necə baş verdiyi konkret faktlarla əsaslandırılır. Erməni cəza dəstələri tərəfindən dağıdılana qədər Quba şəhərində 20 minə yaxın əhali və 10 minə yaxın ev olmuşdur. Daşnakların Qubaya hücumu 1918-ci il may ayının 1-də başlamış və qırğınlar 9 gün davam etmişdir. Bu müddət ərzində Quba şəhərində azərbaycanlılara məxsus 200-ə yaxın ev tamamilə dağıdılmış və yandırılmışdır. Ən çox dağıntı Bazar, Bulvar, Komendant və A.Bakıxanov küçələrində törədilmişdir.
   Əldə olan məlumatlara görə, 1918-ci il may ayının 1-də erməni Amazaspın quldur dəstələri üç istiqamətdə şəhərə daxil olmuşdur. Dəstədə 4 top və 8 pulemyot vardı. Düşmən şəhəri dörd hissəyə bölərək hər bir hissədə ayrıca qərargah yaratmışdır. Birinci qərargah Leontyev bağının yanında, ikinci qərargah erməni kilsəsinin ərazisində, üçüncü qərargah müsəlman qəbiristanlığının yaxınlığında, dördüncü-mərkəzi qərargah isə yəhudi qəsəbəsindəki yüksəklikdə yaradılmışdır. Daşnak dəstələri çox amansızlıqla dinc əhalini məhv etmiş və bütün əmlakını talan etmişlər. Təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı öldürülmüşdür ki, onların da əksəriyyəti qadın və uşaqlar idi. Böyük Şosse və Bazar küçələrində evlər qarət edilmişdir. Hücumun ikinci günü erməni quldur dəstələri şəhərdə 1012 azərbaycanlı qətlə yetirmişlər. Onlar evlərə soxularaq südəmər uşaqlara belə rəhm etmir, onları analarının qucağındaca qılıncla doğrayırdılar.
   Mənfur ermənilərin vəhşiliklərini göstərmək üçün bəzi faktları nəzərinizə çatdırmaq istərdim. Kərbəlayi Məhəmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsi qəddarlıqla qətlə yetirilmişdir. Məhəmməd Rəsul Mahmud oğlunun 3 uşaq və arvadından ibarət bütün ailəsi ağır işgəncələrlə öldürülmüşdür. Onun özünün diri-diri qarnını yırtmış, gözü qabağında 3 uşağının başını kəsmişlər. Hacı Dadaşbala Qasım oğlu arvadı Məşədi Bibixanım və oğlu Əbdül Qasımla öz evlərində öldürülmüş və yandırılmışlar. Kərbəlayi Abuzər Məstan oğlunun iki qızı - Hökümə və Buta analarının qucağındaca xəncərlə doğranmışlar. Şəhərin hörmətli ağsaqqallarından Kərbəlayi Əlipaşa və oğlu amansızcasına qətlə yetirilmişlər. Erməni vəhşiləri əvvəlcə Əlipaşanın gözü qabağında oğlunun gözlərini çıxarmış, üzünü ülgüclə doğramış, sonra isə canını tapşırana qədər süngü ilə dəlik-dəlik etmişlər.
   Doqquz gün ərzində 3000-ə yaxın müsəlman kişi, qadın və uşaq qətlə yetirilmişdir. Qubada Amazaspın dəstəsi tərəfindən oğurlanmış və qarət edilmiş əmlak 4 milyon manat nağd pul, 4,5 milyon manat brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş 25 milyon manatlıq müxtəlif mallar, xalça və ev əşyaları və s. olmuşdur.
   Bundan əlavə, Amazaspın dəstələri təkcə Quba şəhərində 105 evi və digər tikililəri yandırıb dağıtmışlar ki, bunun da nəticəsində onların sahiblərinə dəyən zərər 100 milyon manatdan yuxarı olmuşdur. Ümumilikdə Quba qəzasında bir neçə dəfə törədilmiş qırğın nəticəsində 16 min dinc əhali qətlə yetirilmiş, 122 kənd və 26 məscid yandırılmışdır.
   Ermənilər Xəzər dənizi sahillərindən tutmuş Şahdağa qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək, xanımanlarını yer üzündən silməyi qarşılarına məqsədi qoymuşdular. Lakin onlar istədiklərinə nail ola bilmədilər. Şəhərin Qırmızı qəsəbə adlanan hissəsində Qusardan köməyə gələn silahlı dəstə ilə birləşməyə nail olan polkovnik Əli bəy Zizinskinin dəstəsi əhali arasında “Qanlı dərə” adlanan yerdə erməni silahlı birləşmələrinin qarşısını kəsmişdir. Ermənilər döyüş zamanı ciddi itkiyə məruz qalaraq geri çəkilməyə məcbur olmuşlar. Beləliklə, düşmənin bütün Quba qəzasını ələ keçirmək planları puça çıxmışdır. Bu mübarizədə qəzanın bütün əhalisi milliyyətindən asılı olmayaraq, ciddi şəkildə birləşərək düşmənə qarşı müqavimət göstərmişdir. Bu, regionumuzda xalqlar dostluğunun dərin köklərə malik olduğunu bir daha sübut edir.
   Məhz bu illərdə Azərbaycanın bütün bölgələrində baş vermiş cinayətlərə, haqsızlıqlara görə cəza almayan, azərbaycanlıların qanına susamış erməni daşnakları 1920-ci illərdə Cənubi Qafqazın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edərək Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar. Erməni millətçiləri öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına start verdilər. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də gücləndi. Onlar milli mədəniyyətimizin ən dəyərli nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar.
   1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ münaqişəsi nəticəsində 230 min soydaşımız Ermənistan SSR ərazisindəki tarixi torpaqlarından qovuldu. O zaman məhz Azərbaycan rəhbərliyinin passiv mövqeyi nəticəsində bu hadisələrə qiymət verilmədi, 1990-cı ilin yanvar hadisələri baş verdi. Ərazi bütövlüyünün pozulmasına qarşı etiraz edən yüzlərlə günahsız vətəndaşımız yaralandı və qətlə yetirildi. Bir sözlə, Azərbaycan xalqına qarşı kütləvi terror aktı həyata keçirildi.
   1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı həkk olundu. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə nəticələndi. Ata-baba torpaqlarımızın 20 faizi işğal altına düşdü. Say-seçmə oğullarımız Vətən uğrunda, torpaq uğrunda vuruşdular, canlarından keçdilər. Rayonumuzdan Qarabağ uğrunda gedən döyüşlərdə 215 oğul şəhidlik zirvəsinə yüksəldi, 107 nəfər əlil oldu.
   2007-ci il aprel ayının 5-də Quba şəhər stadionunda aparılan yenidənqurma işləri zamanı aşkar olunmuş kütləvi məzarlıq ermənilərin Qubada törətdikləri vəhşiliklərin danılmaz sübutlarından biridir.
   Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Quba şəhər stadionunun yaxınlığında aşkar olunmuş kütləvi məzarlıqda “Soyqırımı monumental abidə kompleksi”nin yaradılması haqqında 30 dekabr 2009-cu ildə sərəncam imzalanmışdır və ərazidə Heydər Əliyev Fondu tərəfindən möhtəşəm kompleksin tikintisi başa çatmaq üzrədir.
   Artıq dünyanın bütün ölkələrindən məzarlığa ziyarətə gələn nümayəndələr Quba soyqırımının azərbaycanlılara qarşı yönəldilən ən qatı cinayət kimi qiymətləndirirlər. Bu möhtəşəm abidə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq üçün mühüm mədəniyyət əsəri olacaq.
   Soyqırımı və deportasiya ilə bağlı hadisələr, tarixi sənədlər bütün dünyaya çatdırılmalı, əsrlər boyu yaddaşlarda qalmalıdır. Ulu öndər Heydər Əliyevin “Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur” sözləri bu gün də çox əhəmiyyətlidir. Bunun üçün hamımız Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşməli, respublikamızın taleyüklü məsələsi olan Qarabağ probleminin həllində ona yardımçı olmalıyıq.
   Azərbaycan xalqı möhtərəm Prezidentimizin bu istiqamətdəki fəaliyyətini dəstəkləyir, müdafiə edir. Biz yaxşı bilirik ki, yalnız Prezidentimizin səyi nəticəsində bu problem öz ədalətli həllini tapacaq, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın qaçqınlıq həyatına son qoyulacaq.
   
   Elza Orucova,
   Quba Heydər Əliyev Mərkəzinin direktoru, Beynəlxalq Muzeylər Şurasının üzvü
   
   Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Mədəni irs və tarix-mədəniyyət qoruqları” mövzusunda müsabiqəyə təqdim olunur.