Azərbaycan
   
   27 avqust 1921 - Yazıçı-dramaturq Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov; 1921 - 18.1. 1983) Xızıda doğulub. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyeslərinin, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı” və s. kitabların müəllifidir.
   27 avqust 1929 - Tanınmış aktyor, rejissor Məmmədkamal Allahqulu oğlu Kazımov (1929 - 13.12 2005) Bakıda anadan olub. Akademik Milli Dram, Sumqayıt Musiqili Dram, Ağdam Dram teatrlarında çalışıb. Çəkildiyi filmlər: “Yol əhvalatı”, “Qətl günü”, “Güllələnmə təxirə salınır...” və s.
   27 avqust 1937 - Ədəbiyyatşünas alim, professor, yazıçı, tərcüməçi Qəzənfər Məhəmməd oğlu Paşayev Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olub. İraq türklərinin dialekt və folklorunu tədqiq edib. “İraq-türkman folkloru”, “Altı il Dəclə-Fərat sahillərində” və s. kitabların müəllifidir.
   27 avqust 1942 - Görkəmli ərəbşünas-alim, professor, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəli oğlu Məmmədəliyev Bakıda anadan olub. BDU-nun professoru, ərəb filologiyası kafedrasının müdiridir. Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biridir. “Ərəb dilçiliyi”, ”Kufə qrammatika məktəbi”, “Quran və elm” - ümumilikdə 20-dən çox monoqrafiya, dərslik, tərcümə kitablarının müəllifidir.
   27 avqust 1998 - Məşhur kinorejissor, Xalq artisti Tofiq Tağızadə (7.2.1919 - 1998) vəfat edib. Filmləri: “Görüş”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Arşın mal alan” (1965), “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam” və s.

   28 avqust 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.
   28 avqust 1935 - Tanınmış yazıçı Əlibala Qüdrət oğlu Hacızadə (1935 - 9.10.2009) Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulub. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş”, “Təyyarə kölgəsi”, “Vəfalım mənim”, “Dünyanı tanı”, “Unutmaq olmur”, “Möcüzə” və nəsr əsərlərinin müəllifi kimi geniş oxucu rəğbəti qazanıb.
   28 avqust 1940 - Yazıçı-publisist Ağəddin Mansur oğlu Mansurzadə (1940-2008) anadan olub.
   28 avqust 1948 - Musiqişünas, sənətşünaslıq doktoru, professor Elxan Əlisəttar oğlu Babayev (1948-2.2.2003) anadan olub.
   28 avqust 1953 - Tanınmış rejissor və ssenarist, Xalq artisti Vaqif Behbud oğlu Mustafayev anadan olub. Filmləri beynəlxalq festivallarda mükafatlar qazanıb: “Musiqili xaş”, “Bəyin oğurlanması” (Ceyhun Mirzəyevlə birgə), “Yaramaz” (Azərbaycan Dövlət mükafatına layiq görülüb), “Hər şey yaxşılığa doğru” və s. Böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli filmlərin müəllifidir. Avropa Kino və Televiziya Akademiyasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidentidir. “Space” telekanalına (2006-cı ildən) rəhbərlik edir.
   28 avqust 1968 - Aşıq Xındı Məmməd (Məmməd Gülabı oğlu Qəniyev; 1896, Borçalı, Qaş Muğanlı - 1968) vəfat edib. Şeirlərinin külliyyatı "Meydanda mərdi-mərdanə" adı altında çap olunub.
   
   29 avqust 1890 - Şair Məhəmmədəli Şəfai (1890- 1967) anadan olub.
   29 avqust 1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub.
   29 avqust 1965 - Görkəmli tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (30.10.1880, Ağdam, Abdal-Gülablı - 1965) vəfat edib. 1905-ci ildən xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib, xarici ölkələrdə konsertlər verib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
   
   Dünya
   
   27 avqust 1770 - Alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel; 1770 - 14.11.1831) anadan olub. Əsərləri: “Ruhun fenomenologiyası”, “Məntiq elmi”, “Tarixin fəlsəfəsi” və s.
   27 avqust 1856 - Klassik Ukrayna ədəbiyyatının banilərindən biri, yazıçı, şair İvan Yakovleviç Franko (1856-1916) anadan olub. Əsərləri: “Kəsişən cığırlar”, “Cəmiyyətin dirəkləri” romanları, “Oğurlanmış xoşbəxtlik”, “Zirvələrdən və düzənlərdən“ şeirlər toplusu.
   27 avqust 1871 - Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 1871 - 28.12. 1945) anadan olub. Əsərləri: “Kerri bacı”, “Cenni Gerhardt”, “Arzular trilogiyası”, “Amerika faciəsi”, “Dahi” və s. romanların müəllifidir.
   27 avqust 1896 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Faina Ranevskaya (Feldman, 1896-1984) anadan olub. Bir müddət (1925-1927, 1929-1931) Bakı İşçi Teatrında çalışıb.
   27 avqust 1899 - İngilis yazıçısı Sesil Forester (Cecil Scott Forester - Smith; 1899-1966) anadan olub. Əsərləri: “Xoşbəxt qayıdış”, “Ödəniş təxirə salınıb”, “Amerika kraliçası”.
   
   28 avqust 1749 - Görkəmli alman şairi, yazıçı-dramaturq Yohann Volfqanq Göte (Johann Wolfgang von Goethe; 1749 - 22.3.1832) anadan olub. Əsərləri: “Faust” mənzum tragediyası, “Vilhelm Meysterin təhsil illəri", "Gənc Verterin iztirabları" romanları, “İfifeniya”, “Torkvato Tasso” dramları və s.
   28 avqust 1867 - İtaliya bəstəkarı Umberto Cordano (Umberto Menotti Maria Giordano; 1867-1948) anadan olub. Operaları: “Andre Şenye”, “Fedora”, “Sibir”, “Madam Sen-Jen” və s.
   28 avqust 1925 - Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski ilə fantastik əsərlərin həmmüəllifidir. Əsərləri: “Bikini külü”, “Tünd qırmızı buludlar ölkəsi”, “Günorta, XXII əsr”, “Əsrin yırtıcı əşyaları” və s.
   28 avqust 1948 - Rusiyanın Xalq artisti Natalya Qundareva (1948-2005) anadan olub. Filmləri: “Payız marafonu”, “Qaqrada qış axşamı” və s.
   
   29 avqust 1632 - İngilis filosofu Con Lokk (John Locke, 1632-1704) anadan olub.
   29 avqust 1862 - Belçika yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck: 1862-1949) anadan olub. “Göy quş”, “Beatris bacı” pyesləri, “Güllərin idrakı”, “Arıların həyatı” fəlsəfi pritçaları və s.
   29 avqust 1903 - Rus-sovet aktyoru Andrey Fayt (1903-1976) anadan olub. “Ələddinin sehrli çırağı”, “Brilyant əl”, habelə “Azərbaycanfilm”də lentə alınan “Uzaq sahillərdə” (Mazelli), “Bir qalanın sirri” (Göygöz kosa) filmlərində çəkilib.
   29 avqust 1915 - Məşhur İsveç aktrisası, üç dəfə «Oskar» laureatı İngrid Berqman (Ingrid Bergman; 1915-29.8.1982) anadan olub. Filmləri: “Anastasiya”, “Şərq ekspresində qətl”, “Qaz işığı” və s.
   29 avqust 1920 - Amerika caz musiqiçisi Çarli Parker (Charlie "Bird" Parker, 1920-1955) anadan olub.
   29 avqust 1958 - Dünya şöhrətli amerikalı müğənni Maykl Cekson (Michael Joseph Jackson; 1958-25.6.2009) anadan olub. 15 dəfə “Qremmi” mükafatına layiq görülüb. Dünyada satılan albomların tirajına (750 milyondan çox) görə “Ginnesin rekordlar kitabı”na düşüb.
   
   Hazırladı: Vüqar Orxan