Azərbaycan
   
   30 avqust 1940 - Yazıçı-jurnalist Əhməd İsayev Zaqatala rayonunun Suvagil kəndində doğulub. Tarixi, sənədli publisistik əsərlərin, “Boş barılar" pyesinin müəllifidir.
   30 avqust 1984 - Xalq artisti Rübabə Muradova (22.3.1933 - 1984) vəfat edib. Dövlət Opera və Balet Teatrının solisti olub. Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm", Ü.Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z.Hacıbəyov) və başqa partiyaları ifa edib.
   30 avqust 1991 - Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edib. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı.
   
   31 avqust 1863 - Maarifçi, yazıçı-dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) Şəkidə anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin - "Uşaq bağçası" ("Əlifba") və "Bəsirətülətfal" adlı qiraət kitabının müəllifidir. "Qan ocağı", "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Diş ağrısı" və s. pyeslərin müəllifidir.
   31 avqust 1927 - Şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov; 1927-1996) anadan olub.
   31 avqust 1968 - Cənubi Azərbaycanın tanınmış yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939, Təbriz - 1968) vəfat edib. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib.
   31 avqust 2000 - Tanınmış şair, publisist Şahmar Əkbərzadə (28.12.1941, Ağdam, Çəmənli - 2000) vəfat edib. "Həsrət qoxlayıram çiçək yerinə", "Mərkəzi poçtxana", "48 ölçülü qadın paltarı", "Tüstümüz", "Tikan, gəl öpüşək", "Salam de" və s. məşhur şeirlərin müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.
   
   1 sentyabr 1900 - Sirk pəhləvanı, peşəkar güləşçi Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) anadan olub.
   1 sentyabr 1919 - Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib.
   1 sentyabr 1920 - Bakıda Şərq Xalqlarının I Qurultayı keçirilib.
   1 sentyabr 1920 - Görkəmli tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 - 16.8.2002) Şəkidə anadan olub. AMEA-nın Tarix İnstitutunun direktor müavini, “Azərbaycanın yeni tarixi” şöbəsinin müdiri vəzifələrində çalışıb. “Azərbaycan tarixi” kitabının müəllifi, 7 cildlik «Azərbaycan tarixi»nin IV və V cildlərinin məsul redaktoru olub.
   1 sentyabr 1924 - Məşhur Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (10.1.1838 - 1924) vəfat edib. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir çox xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) Tağıyevin köməyi sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları Tağıyevin köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.
   1 sentyabr 1930 - Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq və gənclər üçün 40-a yaxın kitabın, 30-dək səhnə əsərinin müəllifidir.
   1 sentyabr 1930 - Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930-2.4.2012) anadan olub.
   1 sentyabr 1937 - Aktyor, Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1937 - 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm), “Ən vacib müsahibə” (Altay) filmlərində maraqlı obrazlar yaradıb.
   1 sentyabr 1938 - Şair, yazıçı Əlağa Mərdanlı anadan olub. Əsərləri: "Dan ulduzu", “Pərvanə ömrü”,"Dördüncü meyit" və s.
   1 sentyabr 1945 - Xalq artisti, sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru Məcnun Təbriz oğlu Kərim Zəngəzur mahalının Şəki kəndində anadan olub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib. 1996-cı ildən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəridir, kollektiv musiqi sənətimizin təbliğinə töhfələr verir.
   1 sentyabr 2009 - Tanınmış təsviri sənət ustası, Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928, Bakı - 2009) vəfat edib.
   
   2 sentyabr 1909 - Nasir, dramaturq Rza Nəbi oğlu Şahvələd (1909-2.7.1984) anadan olub.
   2 sentyabr 1949 - Bəstəkar İsmayıl Soltan oğlu Hacıbəyov anadan olub. "Füruzə" operasının, romansların, digər musiqi əsərlərinin müəllifidir.
   2 sentyabr 1954 - Bakıda Televiziya Mərkəzinin təməli qoyulub. Bakı Televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başladı.

   Dünya
   
   30 avqust 1748 - Fransız rəssamı Jak Lui David (Jacques-Louis David, 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.
   30 avqust 1860 - Məşhur rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb. Əsərləri: “Ağcaqayın meşəsi”, “Göl” və s.
   30 avqust 1887 - Amerika yazıçısı, fantastik seriallar müəllifi Rey Kamminqs (Raymond King Cummings, 1887-1957) anadan olub.
   30 avqust 1972 - Amerika aktrisası və top modeli Kameron Dias (Cameron Michelle Diaz) anadan olub. Filmləri: “Ən yaxşı dostumun toyu”, “Məzuniyyət mübadiləsi”.
   
   31 avqust 1749 - Rus yazıçısı Aleksandr Radişşev (1749-1802) anadan olub. “Peterburqdan Moskvaya səyahət” inqilabi romanının müəllifidir.
   31 avqust 1811 - Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier, 1811-1872) anadan olub. Romanları: “Gənc Fransa”, “Madmazel Mopen” və s.
   31 avqust 1897 - Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897-1975) anadan olub. Filmləri: “Doktor Cekil və cənab Hayd”, “Anna Karenina”, “Mayda yeddi gün” və s.
   31 avqust 1941 - Görkəmli rus şairi, yazıçı Marina Svetayeva (8.10.1892 - 1941) vəfat edib. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr əsərləri) və s.
   31 avqust 1949 - İngilis-irland əsilli Amerika kinoaktyoru Riçard Gir (Richard Tiffany Gere) anadan olub. Filmləri: “Ameliya”, “Doktor “T” və onun qadınları”, “Qaçmış gəlin”, “Birinci cəngavər”, “Gözəlçə”, “Çaqqal”, “Çikaqo”, “Gəl, rəqs edək” və s.

   1 sentyabr 1854 - Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck, 1854-1921) anadan olub.
   1 sentyabr 1875 - Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs 1875-1950) anadan olub. Tarzan haqqında romanların (26 roman), elmi-fantastik janrda “Marslılar” seriyasından əsərlərin müəllifidir.
   1 sentyabr 1896 - Hind yazıçısı və din xadimi, Krişna hərəkatının yaradıcısı Bxaktivedanta Svami Prabxupada (1896-1977) anadan olub.
   1 sentyabr 1922 - İtalyan aktyoru Vittorio Qassman (Vittorio Gassman) (1922-2000) anadan olub.
   1 sentyabr 1945 - Türk yazıçısı Mustafa Balel anadan olub. “Peyğəmbər çiçəyi”, “Asmalı pəncərə”, “Şənbəyə çoxmu var?” (uşaqlar üçün) və s. romanların müəllifidir.
   1 sentyabr 1957 - Kuba əsilli Amerika müğənnisi Qloriya Estefan (Gloria Estefan - Gloria Maria Milagrosa Fajardo) anadan olub.
   1 sentyabr 1970 - Fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) vəfat edib. Əsərləri: “Keçmiş zamanların yeniyetməsi”, “Məhəbbət səhrası” və s.
   
   2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget, 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Andre Korneli”, “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.
   2 sentyabr 1926 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlemenləri”, “Mimino”, “Payız marafonu” və s.
   2 sentyabr 1935 - Rusiyanın Xalq artisti Valentin Qaft anadan olub. Filmləri: “Qaraj”, “Salam, mən sizin xalanızam”, “Fleyta üçün unudulmuş melodiya” və s.
   2 sentyabr 1964 - Amerika aktyoru Kianu Rivz (Keanu Charles Reeves) anadan olub. Filmləri: “Sürət”, “Göl yaxınlığında ev”, “Balaca Budda”, “Matrisa” və s.
   
   Hazırladı: Vüqar Orxan