Azərbaycan
   
   1 oktyabr 1932 - Aktyor, mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib. Kinoda yaddaqalan obrazlar yaradıb: “Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz).
   1 oktyabr 1949 - Şair Vaqif Bayatlı (Vaqif İsib oğlu Cəbrayılov) Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Kitabları: “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır!” və s.
   1 oktyabr 1960 - Tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olub. 1993-cü ildən opera tamaşalarında çıxış edir. Əsas partiyaları: "Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Qərib, "Gəlin qayası"nda Camal və s. "Qarabağ" muğam üçlüyünün rəhbəridir. “Şöhrət” ordeni ilə təltif olunub. Azərbaycan Milli Konservatoriyasının professorudur.
   1 oktyabr 1962 - Tanınmış rejissor, Əməkdar incəsənət xadimi Bəhram Məcid oğlu Osmanov Gəncədə doğulub. 1987-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Füzuli, Gəncə, Lənkəran dram teatrlarında, Musiqili Dram Teatrında, Azərbaycan televiziyasında ("6 saylı palata" (A.Çexov), "Bəyaz gecələr" (F.Dostoyevski) tamaşalara quruluş verib. 2012-ci ildən Gənc Tamaşaçılar Teatrının baş rejissorudur.
   1 oktyabr 1965 - Böyük qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov, 14 (18).2.1895 - 1965) vəfat edib. Nizami, Xaqani, Füzuli, Nəvai və s. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
   
   2 oktyabr 1897 - Görkəmli şairə, maarifçi və xeyriyyəçi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşudbanu Natəvan (1832 - 1897) vəfat edib. Şuşada "Məclisi-üns" (dostluq, ülfət məclisi) ədəbi birliyinin yaradıcısı olub.
   2 oktyabr 1913 - Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 – 18.1.1971) anadan olub.
   2 oktyabr 1923 - Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923-12.9.2004) anadan olub. Azərbaycan Teatr İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) teatr tarixindən dərs deyib, C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.
   2 oktyabr 1924 - Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.
   2 oktyabr 1935 - Şair, yazıçı, tərcüməçi Səyavuş İmran oğlu Məmmədzadə anadan olub. Azərbaycan klassik və müasir ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib.
   2 oktyabr 1953 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Teymur Həşim oğlu Kərimli Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Nürgüd kəndində anadan olub.
   2 oktyabr 1975 - Azərbaycanda «Sovet ədəbiyyatı günləri» mədəniyyət həftəsi (2-8 oktyabr) başlanıb.
   2 oktyabr 1979 - Azərbaycanda «Ukrayna ədəbiyyatı və incəsənəti günləri» (2-11 oktyabr) başlanıb.
   2 oktyabr 1981 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (5.12.1921- 1981) vəfat edib. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   2 oktyabr 1982 - Gəncədə Nizami Gəncəvinin xatirə muzeyi açılıb.
   3 oktyabr “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2010-cu il sentyabrın 16-da türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında təsis olunub.
   
   3 oktyabr 1875 - Görkəmli yazıçı-dramaturq Süleyman Sani Axundov (1875-1939) Şuşada anadan olub. «Qorxulu nağıllar» toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. «Laçın yuvası», «Eşq və intiqam», «Şahsənəm və Gülpəri», «Tamahkar», «Bir eşqin nəticəsi» və s. pyeslərin müəllifidir.
   3 oktyabr 1887 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 - 14.11.1967) anadan olub. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.
   3 oktyabr 1972 - Azərbaycanda Zaqafqaziya Sovet Sosialist Respublikalarının «Ədəbiyyat və incəsənət ongünlüyü» (3-10 oktyabr) başlanıb.
   3 oktyabr 1996 - Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyev (26.5.1914, Füzuli - 1996) vəfat edib. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» və s.) müəllifidir.
   
   Dünya
   
   1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.
   1 oktyabr həmçinin Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Dünyada geniş konsert proqramları ilə qeyd edilir.
   1 oktyabr 1865 - Fransız bəstəkarı Pol Düka (Paul Dukas, 1895-1935) anadan olub.
   1 oktyabr 1912 - Görkəmli rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada” və s.
   1 oktyabr 1927 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Oleq Yefremov (1927-2000) anadan olub.
   1 oktyabr 1930 - Fransız aktyoru Filipp Nuare (Philippe Noiret, 1930-26.11.2006) anadan olub.
   1 oktyabr 1935 - Amerika aktrisası və müğənnisi, «Emmi», «Qremi» və «Oskar» mükafatları laureatı Culi Endrüs (Julie Elizabeth Andrews) anadan olub.
   
   2 oktyabr 1832 - İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor, 1832-1917) anadan olub.
   2 oktyabr 1869 - Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi, 1869-1948) anadan olub.
   2 oktyabr 1904 - İngilis yazıçısı Qreem Qrin (Graham Greene, 1904-1991) anadan olub.
   2 oktyabr 1914 - Məşhur sovet diktoru, SSRİ-nin Xalq artisti Yuri Levitan (1914-1983) anadan olub.
   2 oktyabr 1951 - Amerika müğənnisi və aktrisası Romina Pauer (Romina Francesca Power) anadan olub.
   
   3 oktyabr 1867 - Fransız impressionist rəssamı Pyer Bonner (Pierre Bonnard, 1867-1947) anadan olub.
   3 oktyabr 1895 - Məşhur rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-1925-ci illərdə Bakıda yaşayıb. Burada olduğu dövrdə 40-dək şeirini yerli mətbuatda dərc etdirib, "İran nəğmələri" ("Persidskie motivı") silsiləsindən şeirlərin bir qismini qələmə alıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var.
   3 oktyabr 1897 - Fransız şairi, ədəbiyyatda sürrealizmin banisi Lui Araqon (Louis Aragon - Louis-Marie Andrieux, 1897-1982) anadan olub.
   3 oktyabr 1900 - Amerika yazıçısı Tomas Vulf (Thomas Clayton Wolfe, 1900-1938) anadan olub.
   3 oktyabr 1919 - Məşhur Litva şairi Eduardas Mejelaytis (Eduardas Miezelaitis, 1919-1997) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan