Azərbaycan

12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu) Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Araz çayından şimaldakı torpaqlarımız - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış (Lənkəran) xanlıqları, həmçinin Şərqi Gürcüstan və Dərbənd Rusiya imperiyasının tərkibinə daxil edilib. 1828-ci ildə ikinci Rusiya-İran müharibəsindən sonra bağlanan Türkmənçay müqaviləsi ilə İrəvan və Naxçıvan xanlıqları da ruslar tərəfindən ilhaq edildi.
12 oktyabr 1961 - Tarzən, Əməkdar artist Malik Məmməd oğlu Mansurov anadan olub.
12 oktyabr 1990 - Tanınmış saz-söz ustadı, Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924- 1990) vəfat edib. "Mikayıl Azaflı və Narinc xatın" dastanı, "Qoca qartal" şeirlər kitabının müəllifidir.

13 oktyabr 1938 - Kinooperator Şərif Şərifov Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.
13 oktyabr 1943 - Nasir, dramaturq, tərcüməçi Vaqif Ənvər oğlu Əlixanlı Quba rayonunun Erfi kəndində anadan olub.
13 oktyabr 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev) anadan olub. Uşaqlar üçün musiqi əsərlərinin müəllifidir: "Baş tutmayan hiylə", "Tülkü, Tülkü, Tünbəki..." (nağıl-komediya) və s.
13 oktyabr 1949 - Rejissor Cahangir Zeynallı anadan olub. “Əlaqə” bədii (1989), çoxsaylı sənədli filmlərin müəllifidir.
13 oktyabr 1967 - Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897, Tiflis - 1967) vəfat edib. Uzun illər Tiflis Azərbaycan Dram Teatrında çalışıb, müxtəlif vaxtlarda teatrın baş rejissoru, bədii rəhbəri işləyib. Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq" filmində (1962) Yarməmməd roluna çəkilib.
13 oktyabr 1974 - Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadə (15.12.1909, Bakı, Əmircan - 1974) vəfat edib. Dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilən rəssamın əsərləri müxtəlif xarici muzeylərin daimi eksponatları sırasındadır. Onun peyzajlarında, lirik natürmortlarında incə xalq yaradıcılığı motivləri hiss edilir.

14 oktyabr 1875 - Tanınmış maarif xadimi, nasir, mühərrir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875-1941) anadan olub.
14 oktyabr 1892 - Heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912-2007) Dərbənd şəhərində anadan olub.
14 oktyabr 1933 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 - 2.12.2004) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib. Kitabları: «Daş harayı», “Qayalara yazılan səs”, “Dünya düzəlmir”, “Yol ayrıcında söhbət” və s. “İstiqlal” ordeninə layiq görülüb (1995).
14 oktyabr 1962 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (20.6.1898, Tiflis - 1962) vəfat edib. Səhnə fəaliyyətinə Tiflisdəki Azərbaycan teatrında başlayıb, 1925-ci ildən Bakıda Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

15 oktyabr 1910 - Tarixçi, ictimai xadim İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.
15 oktyabr 1910 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvan şəhərində anadan olub. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.
15 oktyabr 1928 - Tanınmış təsviri sənət ustası, Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (1928 - 1.9.2009) Bakıda anadan olub.
15 oktyabr 1932 - Şair Hafiz Həbib oğlu Baxış (1932-4.9.1989) Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Kirətağ kəndində anadan olub. Populyar mahnıların sözlərinin müəllifidir. Kitabları: “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram”, “Dağlar üçün darıxmışam”.
15 oktyabr 1950 - Xalq artisti, tarzən Ağasəlim Sahib oğlu Abdullayev anadan olub.
15 oktyabr 1996 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 - 1996) vəfat edib. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xidmətləri olub.

Dünya

12 oktyabr 1896 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.
12 oktyabr 1924 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 - 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.
12 oktyabr 1935 - Dünya şöhrətli italyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935 - 6.9.2007) anadan olub.

13 oktyabr 1921 - Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.
13 oktyabr 1934 - Məşhur rus komediya aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

14 oktyabr 1864 - Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski, 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” romanları, “Qızılgül” pyesi və s. əsərlərin müəllifidir.
14 oktyabr 1896 - Amerika kinoaktrisası, “Oskar” laureatı Lilian Qiş (Lillian Diana Gish, 1896- 1993) anadan olub. Filmləri: “Toy”, “Komediyaçılar”.
15 oktyabr 1814 - Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 - 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” romanı, “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” poemaları, “Maskarad” pyesi və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb. 1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.
15 oktyabr 1844 - Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və Şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist” və s.
15 oktyabr 1897 - Rus yazıçısı İlya İlf (İxeil Faynzilberg; 1897 - 13.4.1937) anadan olub. Yevgeni Petrov (Katayev) ilə məşhur “12 stul”, “Qızıl buzov” və s. əsərlərin həmmüəllifidir.
15 oktyabr 1905 - İngilis yazıçısı Çarlz Persi Snou (Charles Percy Snow, 1905-1980) anadan olub. Əsərləri: “Özgələr və qardaşlar”, “Hakimiyyət dəhlizləri”, “Yelkənlər altında ölüm” və s.
15 oktyabr 1920 - İtalyan əsilli Amerika yazıçısı, ssenarist Mario Pyuzo (Mario Puzo, 1920-1999) anadan olub. Əsərləri “Xaç atası” (roman və eyniadlı filmin ssenarisi), “Siciliyalı”, “Xoşbəxt səhifə” və s.
15 oktyabr 1929 - Tanınmış serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanı ilə məşhurlaşıb.

Hazırladı: Vüqar Orxan