Azərbaycan

5 noyabr 1938 - Tanınmış ərəbşünas, filologiya elmləri doktoru, professor Malik Rüstəm oğlu Mahmudov (1938-3.6.1991) Ordubad şəhərində anadan olub.
5 noyabr 1948 - Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 - 17.4.2004) Bakının Kürdəxanı qəsəbəsində anadan olub. Kitabları: "Acı həqiqət", "Mən nə dedim ki...", "Kim nə götürdü".
5 noyabr 1952 - Filologiya elmləri doktoru, professor Vilayət Muxtar oğlu Quliyev Ağcabədidə anadan olub. Xarici işlər naziri (1999-2004), Azərbaycanın Polşada səfiri (2004-2010) işləyib. 2010-cu ildən ölkəmizin Macarıstanda səfiridir. Kitabları: “Mirzə Kazımbəy”, “Ağaoğlular”, “Tarixdə iz qoyan şəxsiyyətlər” və s.
5 noyabr 2001 - Xalq artisti, tanınmış aktyor Eldəniz Zeynalov (1.1.1937 - 2001) dünyasını dəyişib. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də isə Azərbaycanda ilk televiziya verilişi efirə çıxdı - Bakı televiziya studiyası fəaliyyətə başladı. 6 noyabr Azərbaycan televiziyası və radiosu günü kimi qeyd olunur.
6 noyabr 1931 - Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-4.4.1997) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir, SSRİ Yazıçılar İttifaqı uşaq və gənclər ədəbiyyatı şurasının üzvü olub.
6 noyabr 1974 - Görkəmli şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923, Naxçıvan, Babək rayonu - 1974) vəfat edib. Sözlərinə populyar mahnılar ("Bakı, sabahın xeyir", "Bakılı qız" və s.) bəstələnib. "Göz həkimi", "Ana ürəyi", "Yolayrıcı" və s. pyeslərin müəllifidir. Rus poeziyasından tərcümələr edib.
6 noyabr 2009 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 11.4.1914 - 2009) vəfat edib. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.

7 noyabr 1906 - Aktyor, rejissor Məmməd Əli oğlu Əlili (1906-1993) anadan olub. “Ögey ana” , “Arşın mal alan” (1965), “Ulduzlar sönmür”, “Dağlarda döyüş” filmlərinin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” və s. filmlərdə çəkilib.
7 noyabr 1908 - Tanınmış azərbaycanlı şair, alim, pedaqoq Maqsud Məsim oğlu Şeyxzadə (1908-19.2.1967) anadan olub. Bakıda təhsil alıb, sonra Daşkəndə köçüb. Özbəkistanın məşhur ədibi olub, özbək dilində çoxsaylı əsərlər, ssenarilər yazıb, tərcümələr edib.
7 noyabr 1917 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti Tofiq Ələkbər oğlu Quliyev (7.11.1917 - 4.10.2000) anadan olub. Azərbaycan estrada musiqisinin yaradıcılarından biri, çoxsaylı mahnıların müəllifidir. “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi”, “Xoşbəxtlik qayğıları”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub.
7 noyabr 1917 - Xalq rəssamı Tağı Əzizağa oğlu Tağıyev (1917-1993) Bakıda anadan olub. "Qara Qarayev", "Səttar Bəhlulzadə", “Koroğlu”, “Babək” tablolarının müəllifidir.
7 noyabr 1920 - Tanınmış diktor, Xalq artisti Fatma Ağacabbar qızı Cabbarova (1920-2008) anadan olub. Azərbaycan radiosunun ilk diktorlarından biridir.
7 noyabr 1923 - Dilçi alim, filologiya elmləri doktoru Rəhilə Cavad qızı Məhərrəmova (1923-2011) Bakıda doğulub. Dil tarixi, leksikologiya və dialektologiyaya dair kitabların müəllifidir.
7 noyabr 1940 - Məşhur xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 1940 - 6.12.2006) Qazax rayonunda doğulub. Opera tamaşalarında ("Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm və s.) əsas partiyaları ifa edib.
7 noyabr 1945 - Xalq artisti Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində anadan olub. Teatrda, teletamaşalarda (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi”), filmlərdə ("Dantenin yubileyi", “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) maraqlı obrazlar yaradıb.
7 noyabr 1990 - Tanınmış rejissor, ssenarist, operator, rəssam Əlisəttar Atakişiyev (25.12.1906 - 1990) vəfat edib. Filmləri: “Bir qalanın sirri”, “Bizim küçə” (quruluşçu rejissor), “Uzaq sahillərdə” (operator) və s. Estoniyanın ilk rəngli filmini çəkib.

Dünya

5 noyabr 1878 - Rus (polyak əsilli) yazıçısı və dramaturqu Mixail Arsıbaşev (1878- 3.3.1927) anadan olub. 1923-cü ildə Polşaya mühacirət edib. Əsərləri: “Sanin”, “Ən son həddə” (roman), “Qısqanclıq”, “Vəhşi qanunu” (pyes) və s.
5 noyabr 1913 - Məşhur ingilis aktrisası Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub. “Küləklə sovrulanlar” filmində Skarlett roluna görə “Oskar” mükafatına layiq görülüb.
5 noyabr 1938 - Dünya şöhrətli fransız (yəhudi əsilli) müğənnisi və bəstəkarı Co Dassen (Joe Dassin - Joseph Ira Dassin; 1938-20.8.1980) anadan olub.

6 noyabr 1814 - Belçikalı musiqi aləti ustası, saksafonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax, 1814-1894) anadan olub.
6 noyabr 1852 - Rus yazıçısı və dramaturqu Dmitri Mamin-Sibiryak (1852-1912) anadan olub. “Dağ yuvası”, “Privalov milyonları”, “Qızıl” və s. romanların müəllifidir.
6 noyabr 1931 - Rus əsilli Amerika rejissoru, “Oskar” mükafatı laureatı Mayk Nikols (Mixail İqoreviç Peşkovski) anadan olub.
6 noyabr 1936 - Tanınmış Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-18.4.2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım”.

7 noyabr 1598 - İspan rəssamı Fransisko de Surbaran (Francisco de Zurbaran, 1598-1664) anadan olub.
7 noyabr 1810 - Macar bəstəkarı, pianoçu və dirijor Erkel Ferens (Erkel Ferenc, 1810-1893) anadan olub.
7 noyabr 1903 - Məşhur rus aktyoru Georgi Milyar (1903-1993) anadan olub. Uşaq filmlərində “Küpəgirən qarı” rolunu oynayıb.
7 noyabr 1913 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957) Alber Kamyu (Albert Camus, 1913 - 4.1.1960) anadan olub. Ekzistensializm fəlsəfəsinin tanınmış nümayəndəsidir. Əsərləri: “Vəba”, “Özgə”, “Sizif haqqında mif”, “Qiyamçı adam”, “Şeytanlar” və s.

Hazırladı: Vüqar Orxan