Azərbaycan

22 noyabr Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günüdür. 1918-ci ilin bu tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Ədliyyə Nazirliyinin Əsasnaməsini təsdiq edib. Əlamətdar gün Prezident Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə qeyd olunur.
22 noyabr 1933 - Yazıçı-jurnalist, kinodramaturq Firudin Balakişi oğlu Ağayev (1933-1995) Lerik rayonunda doğulub. Kitabları: “Qardaşlar”, “İldırım dənizə çaxır”, “Mən uşaq olmamışam” və s. Əsərləri əsasında “Skripkanın sərgüzəşti”, “İşarəni dənizdən gözləyin” və s. filmlər çəkilib. Televiziyada “Səhər görüşləri” verilişinin yaradıcılarından biri olub.
22 noyabr 1922 - Görkəmli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (1922-1984) Gəncədə doğulub. Simfonik muğam janrının yaradıcısı (“Şur”, “Kürd-Ovşarı”, “Bayatı-Şiraz” və s.), “Sevil” operası, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu” və s. əsərlərin müəllifidir. Bəstəkarın «Min bir gecə» baleti dünya musiqi xəzinəsinin inciləri sırasına daxildir. “Böyük dayaq”, “Mən ki gözəl deyildim” və s. filmlərə musiqi yazıb.
22 noyabr 1922 - Xalq yazıçısı Hüseyn Abbas oğlu Abbaszadə (1922 - 12.12.2007) Bakıda anadan olub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “General” romanı ilə populyarlıq qazanıb. Kitabları: “Ləpədöyəndə”, “Burulğanlar”, “Çəmbərəkənd balladası” və s. Yazıçılar İttifaqının katibi (1975-1991) olub.
22 noyabr 1933 - Görkəmli kinorejissor, operator, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Rasim Mirqasım oğlu Ocaqov (1933- 12.7.2006) Şəkidə doğulub. “Azərbaycanfilm”də quruluşçu operator (“Sən niyə susursan?”, “Onun böyük ürəyi” və s.), quruluşçu rejissor (“Qatır Məmməd”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Ölsəm, bağışla”, “Təhminə”, “Otel otağı”, “Həm ziyarət, həm ticarət” və s.) işləyib. Filmoqrafiyasına 70-dək bədii və sənədli ekran əsəri daxildir.
22 noyabr 1938 - Tanınmış aktyor, Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədov (1938 - 26.8.2003) Salyan rayonunda anadan olub. Azərbaycan kinosunda çoxsaylı obrazlar qalereyası yaradıb: “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (1965, Əsgər), "Bir cənub şəhərində" (Murad), “Gün keçdi” (Oqtay), “Yeddi oğul istərəm” (Bəxtiyar), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski) və s.
22 noyabr 1949 - Sumqayıt şəhərinin yarandığı gündür. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə İES-in, 40-cı illərdə kimya və metallurgiya zavodlarının inşası ilə başlanıb. Sumqayıtın tikintisində SSRİ-nin bütün respublikalarından inşaatçı dəstələr iştirak edirdi. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.

23 noyabr 1923 - Yazıçı, şair Əmrah Bala oğlu Əmrahov (1923-18.11.1988) anadan olub. "Azərbaycan pioneri" qəzetinin baş redaktoru işləyib. Kitabları: “Ürək vətən üçün döyünəndə”, “Ulduzlar gecə parlar”, “Tapılmış kitab”, “Dağ bənövşəsi” və s.
23 noyabr 1927 - Tanınmış tarixçi, şərqşünas, professor Əhməd Əhməd oğlu İsgəndərov Bakının Mərdəkan kəndində doğulub. Moskvada yaşayır, 1972-87-ci illərdə SSRİ EA-nın Ümumi Tarix İnstitutunda baş elmi işçi, direktor müavini olub. Rusiyanın Əməkdar elm xadimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Tarix məsələləri” jurnalının baş redaktorudur.
23 noyabr 1936 - Ədəbiyyatşünas, yazıçı-dramaturq Aqşin Əlisəttar oğlu Babayev Bakıda anadan olub. Türk dramaturgiyası və Nazim Hikmətin yaradıcılığına dair tədqiqatların, “Həmişə bahar”, “Ağ ulduzlar”, “Ayrılıq”, “Dünyanın axırı” və s. kitabların, tərcümələrin müəllifidir. Mədəniyyət və İncəsənət Universitetinin professoru, «Ədəbi yaradıcılıq» kafedrasının müdiridir.
23 noyabr 1945 - Bəstəkar Mobil Babayev anadan olub. Bir sıra televiziya tamaşalarına və filmlərə musiqi yazıb.
23 noyabr 1948 - Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (18.9.1885 - 1948) vəfat edib. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910), “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər çoxsaylı musiqi əsərlərinin müəllifidir. Bəstəkarın doğum günü Azərbaycanda “Milli musiqi günü” (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.
23 noyabr 1999 - Görkəmli aktrisa, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Leyla Ağalar qızı Bədirbəyli (8.1.1920 - 1999) vəfat edib. 1945-ci ildə “Arşın mal alan” filmi ilə (Gülçöhrə) məşhurlaşıb. “Fətəli xan”, “Görüş”, “Onun böyük ürəyi”, “Dəli Kür”, “Dərviş Parisi partladır”, “Qanlı zəmi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

24 noyabr 1922 - Opera müğənnisi, Əməkdar artist Rəhilə Muxtar qızı Cabbarova (1922-2.12.2002) anadan olub. “Kölgələr sürünür” (Cahan), “Sevil” (Gülüş, mahnıların ifası) filmlərində çəkilib.
24 noyabr 1924 - Məşhur rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 - 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.
24 noyabr 1934 - Azərbaycan Dövlət Muzeyinin müvafiq şöbəsinin bazasında yaradılan Azərbaycan Dövlət Teatr Muzeyinin açılışı keçirilib. Muzeyə tanınmış teatr xadimi Ağakərim Şərifov rəhbərlik edirdi.
24 noyabr 2001 - Aktyor Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1.9.1937 - 2001) vəfat edib. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm), “Ən vacib müsahibə” (Altay) filmlərində maraqlı obrazlar yaradıb.

25 noyabr 1901 - Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901- 6.1.1962) Həştərxanda doğulub. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onu bəyənib və Bakıya dəvət edib. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.
25 noyabr 1913 - Memar, Əməkdar inşaatçı Nəsrulla Yaqub oğlu Kəngərli (1913-25.2.1991) anadan olub.
25 noyabr 1918 - Xalq yazıçısı, tanınmış nasir və dramaturq İmran Haşım oğlu Qasımov (1918 - 20.4.1981) anadan olub. «Uzaq sahillərdə» romanının (Həsən Seyidbəyli ilə birgə), povest və hekayələrin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», “Əsl dost”, «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenari müəllifidir.
25 noyabr 1928 - Bakıda V.Q.Korolenko adına Mərkəzi Gənclər Kitabxanası (Fəhlə Gənclər Kitabxanası) təşkil olunub. Hazırda Binəqədi rayon MKS-nin Mərkəzi kitabxanasıdır.
25 noyabr 1935 - Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov Ağdam rayonunun Əfətli kəndində anadan olub. 1964-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, gənc ifaçılar yetişdirib.
25 noyabr 1994 - Xalq artisti Məmməd Burcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrında çoxsaylı obrazlar qalereyası yaradıb. “Dəli Kür” (Allahyar), “Qəm pəncərəsi (Rəşid bəy), “Köhnə bərə” (İbrahim) və s. filmlərdə çəkilib.

Dünya

22 noyabr 1801 - Rus yazıçısı, etnoqraf və dilçi alim Vladimir İvanoviç Dal (1801-1872) anadan olub.
22 noyabr 1808 - Britaniyalı iş adamı, dünyada ilk turizm agentliyinin (1841) yaradıcısı Tomas Kuk (Thomas Cook; 1808-1892) anadan olub.
22 noyabr 1869 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1947) laureatı Andre Pol Qiyom Jid (Andre Gide, 1869-1951) anadan olub.
22 noyabr 1916 - Dünya şöhrətli Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 12.1.1876 - 1916) vəfat edib. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.

23 noyabr 1875 - Rus yazıçısı, sənətşünas, publisist, ictimai-siyasi xadim Anatoli Vasilyeviç Lunaçarski (1875-1933) anadan olub.
23 noyabr 1887 - İngilis aktyoru, qorxu filmlərində (ilk filmi “Frankeşteyn”, 1931) çəkilmiş Boris Karloff (Boris Karloff - William Henry Pratt, 1887-1969) anadan olub.
23 noyabr 1908 - Rus uşaq yazıçısı Nikolay Nosov (1908-1976) anadan olub.

24 noyabr 1632 - Niderland filosofu, rasionalizm cərəyanının nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza, 1632-1677) anadan olub.
24 noyabr 1888 - Amerika psixoloqu və yazıçısı, praktik psixologiya üzrə məşhur kitabların müəllifi Deyl Karneqi (Dale Breckenridge Carnegey, 1888 - 1955) anadan olub.
24 noyabr 1913 - İrland əsilli Amerika aktrisası Ceraldin Fitscerald (Geraldine Fitzgerald, 1913 - 17.7.2005) anadan olub.
24 noyabr 1934 - Alman əsilli məşhur Rusiya bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.
24 noyabr 1954 - Tanınmış serb kinorejissoru Emir Kusturitsa (Emir Kusturica) Bosniya-Herseqovinanın paytaxtı Sarayevoda doğulub.

25 noyabr 1562 - İspan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562 - 27.8.1635) anadan olub.
25 noyabr 1889 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 - 13.12.1956) anadan olub. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyənin UNESCO-da təmsilçisi olub.
25 noyabr 1893 - Danimarkalı alim Vilhelm Tomsen qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxuduğunu elan edib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türk yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə dəyərli töhfə verib.
25 noyabr 1925 - Rus aktrisası, SSRİ Xalq artisti Nonna Viktorovna Mordyukova (1925-2008) anadan olub. Filmləri: “Brilyant əl”, “Doğma”, “Mama” və s.
25 noyabr 1926 - Amerikalı fantast-yazıçı Pol Anderson (Poul William Anderson) (1926 - 2001) anadan olub.

Hazırladı: Vüqar Orxan