Azərbaycan

26 noyabr 1928 - Əməkdar artist Müxlis Sabir oğlu Cənizadə (1928-1972) Bakıda anadan olub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb. “O olmasın, bu olsun” (Sərvərin dostu), “Bəxtiyar” (Kərim), “Əsl dost” (Əsəd), “Dəli Kür” (Kipiani), “Yenilməz batalyon” (Nəriman Tağıyev) və s. filmlərdə maraqlı obrazlar yaradıb. Dövlət Teatr İnstitutunda dərs deyib, “Tədris teatrı”nda tamaşalara quruluş verib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib, bədii qiraət ustası kimi tanınıb.
26 noyabr 1946 - Xalq rəssamı Fərhad Qurban oğlu Xəlilov anadan olub. Əsərləri: “Dənizə gedən yol”, “Mərdəkanda həyət”, “Bulud və dəniz”, “Qalada bahar”, “Dağlarda” və s. 1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının sədridir. «Şöhrət» ordeni ilə (2006) təltif edilib.

27 noyabr 1912 - Xalq artisti, aktyor İsa Həsən oğlu Musayev (1912-8.2.1976) anadan olub. Naxçıvan Musiqili Dram Teatrında fəaliyyət göstərib.
27 noyabr 1946 - Rejissor, ssenarist Akif Rüstəmov anadan olub. Bir sıra filmlərin (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi” və s.) ikinci rejissoru və rejissor assistentidir.

28 noyabr 1852 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794, Gəncə - 1852) Tiflisdə vəfat edib. 1840-cı ildən bu şəhərdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Alman şərqşünas-səyyah Fridrix Bodenştedtlə tanış olub. Şair ona qəzəllərini hədiyyə edib. Bodenştedt şeirləri tərcümə edərək öz imzası ilə çap etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfi Vazehə məxsus olduğunu etiraf edir.
28 noyabr 1939 - Tanınmış bəstəkar, Xalq artisti Sevda Mirzə qızı İbrahimova anadan olub. Müxtəlif janrlarda musiqi əsərlərinin ("Vətən şəhidləri" kantatası, «Əhval-ruhiyyələr», «Azərbaycan təranələri» və s.) müəllifidir. Bakı Musiqi Akademiyasının professorudur.
Dünya

26 noyabr 1909 - Rumın dramaturqu, absurd teatrı estetik cərəyanının banisi Ejen İonesko (Eugene Ionesco, 1909 - 28.3.1994) anadan olub. Pyesləri: “Daz müğənni”, “Dərs”, “Stullar”, “Təmənnasız qatil”, “Çamadanlı adam” və s.
26 noyabr 1939 - Amerika müğənnisi, aktrisa, 8 dəfə “Qremmi” mükafatı laureatı Tina Terner (Tina Turner - əsl adı Anna Mae Bullock) anadan olub.

27 noyabr 1895 - Fransız yazıçı-dramaturqu Aleksandr (oğul) Düma (Alexandre Dumas fils, 27.7.1824 - 1895) vəfat edib. Əsərləri: “Kameliyalı qadın”, “Diana de Lis”, “Yarıqaranlıq”, “Doktor Servan”, “Üç güclü kişi” və s.
27 noyabr 1940 - Məşhur çinli (Honkonq) aktyor, rejissor, Şərq əlbəyaxa döyüş növlərinin ustası Brüs Li (Bruce Lee, 1940-1973) anadan olub.
27 noyabr 1953 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 16.10.1888 - 1953) vəfat edib. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.

28 noyabr 1820 - Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820 - 5.8.1895) anadan olub.
28 noyabr 1880 - Rus şairi Aleksandr Aleksandroviç Blok (1880 - 7.8.1921) anadan olub. “Qisas”, “On iki” və s. poemaların müəllifidir.
28 noyabr 1881 - Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig, 1881 - 22.2.1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.

Hazırladı: Vüqar Orxan