Azərbaycan

3 dekabr 1920 - Şair Ələkbər Şahid (Ələkbər Şahbaz oğlu Axundov; 1920 -12.12.1999) anadan olub.
3 dekabr 1928 - Xalq rəssamı Rasim Həşim oğlu Xələfov (1928-2010) anadan olub. Dekorativ-tətbiqi və monumental işlərin, Bakı metrosunun "Gənclik", “Qara Qarayev” stansiyalarının, Bakı Dövlət Sirkinin bədii tərtibatının müəllifidir.
3 dekabr 2008 - Bakıda Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» adlı konfransında «Bakı bəyannaməsi» qəbul olunub. Konfransda ilk dəfə Avropa və müsəlman ölkələri mədəniyyət nazirləri bir araya gəlib.

4 dekabr 1825 - Rəssam Mirzə Qədim İrəvani (1825-1875) anadan olub.
4 dekabr 1950 - Tanınmış ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamal Mehdi oğlu Abdulla Bakıda anadan olub. Kitabları: “Gizli Dədə Qorqud”, “Ruh” (pyeslər), “Unutmağa kimsə yox” (pyeslər), “Yarımçıq əlyazma” (roman), “Sehrbazlar dərəsi” (roman) və s. 2000-ci ildən Bakı Slavyan Universitetinin rektorudur.

5 dekabr 1906 - Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvanın Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, 1933-cü ildən ömrünün sonunadək Gəncə Dram Teatrında fəaliyyət göstərib. “Səhər” (Mirəli), “Kölgələr sürünür” filmlərində çəkilib.
5 dekabr 1912 - Əməkdar incəsənət xadimi, rəssam Sadıq Hüseyn oğlu Şərifzadə (1912-2.1.1986) Təbrizdə anadan olub. Əsərləri: "Səttarxan fədailəri Təbrizin müdafiəsində", “Sərkərdə Babəkin porterti” və s.
5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. "Görüş" (Musa), "O olmasın, bu olsun" (Əzim Əzimzadə), "Onu bağışlamaq olarmı?" (Qüdrət), "Aygün" (Əmirxan) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
5 dekabr 1924 - Aktrisa Şəfiqə Qasım qızı Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Görüş”, “Ögey ana” (Zeynəb) filmlərində çəkilib.
5 dekabr 1924 - Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır” (Kamil Rüstəmbəyovla birgə) və s. filmlərə quruluş verib.
5 dekabr 1925 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008) Laçında doğulub. Azərbaycan Rəssamlar İttifaqı idarə heyətinin sədri olub.
5 dekabr 1927 - Tanınmış yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov Füzuli rayonunun Dədəli kəndində anadan olub. “Azərbaycanfilm”in direktoru, “Azərnəşr”, “Yazıçı” nəşriyyatlarının baş redaktoru olub. “Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "İlk məhəbbət" (roman), "Qayaların göz yaşı" (povest), "Gülüstanda qətl" (pyes) və s. əsərlərin, sənədli filmlərin ssenari müəllifidir. Çingiz Aytmatovun əsərlərini dilimizə tərcümə edib.
5 dekabr 1941 - Böyük şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 24.10.1882 - 1941) vəfat edib. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin ("İblis", "Topal Teymur", "Şeyx Sənan", “Xəyyam”, “Səyavuş”, “Peyğəmbər” və s.) müəllifidir. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub. Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.
5 dekabr 1947 - Xalq artisti, Prezident təqaüdçüsü Larisa Afanasyevna Vinoqradova (1947-16.9.2009) Türkmənistanın Mari şəhərində anadan olub. 1968-ci ildən Azərbaycan Musiqili Komediya Teatrında çalışıb. “Yaşıl eynəkli adam” televiziya tamaşasında, “Yoxlama” teleserialında çəkilib.

6 dekabr 1881 - Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı ilə 6 dekabr Azərbaycanda “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.
6 dekabr 1954 - Əməkdar artist Ayşad Kamal oğlu Məmmədov anadan olub. Milli Dram Teatrında çalışır. “Bəxt üzüyü”, “Güllələnmə təxirə salınır!”, “Yalan”, “Məhkumlar” və s. filmlərdə çəkilib.
6 dekabr 2006 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940, Qazax rayonu - 2006) dünyasını dəyişib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Əsli və Kərəm" və s.) əsas partiyaları ifa edib.

7 dekabr 1918 - Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti işə başlayıb. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev sədr müavini seçilib. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi.
7 dekabr 2010 - Şair, Əməkdar incəsənət xadimi Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. 30-dək kitabın, poeziya toplusunun müəllifidir. Şairin sözlərinə "Ayrılma məndən", "Toy olsun, bayram olsun", "Əgər sevgi olmasa" və s. populyar mahnılar bəstələnib.

8 dekabr 1901 - Görkəmli aktrisa, SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901-6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya köçüb, Azərbaycan teatr sənətinə böyük töhfələr verib. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib. Məşhur aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.
8 dekabr 1914 - Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914-11.9.2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
8 dekabr 1930 - Bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamların («Nəva», «Humayun», «Rahab»), “Xəzər balladası», "Şərq poeması", «Xeyir və Şər» baleti, "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" (hər ikisi N.Məmmədovla birgə) musiqili komediyalarının müəllifidir.
8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Teletamaşalarda maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» bədii filmlərinə çəkilib.
8 dekabr 1946 - Xalq artisti, balerina Tamilla Xudadat qızı Şirəliyeva anadan olub.
8 dekabr 1957 - Bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. “Səhnədə məhəbbət" (libretto - Ə.Əmirli), "Bankir adaxlı" (libretto - T.Vəliyeva) musiqili komediyaları, "Dədə Qorqud" oratoriyası, simfonik süitalar, digər musiqi əsərlərinin müəllifidir. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibidir.

Dünya

3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır.
3 dekabr 1358 - Osmanlı imperatorluğunda məşhur sufi şeyxi və mütəfəkkir kimi ad çıxarmış Bədrəddin Mahmud Simavi (1358 - 1416/1420) anadan olub.
3 dekabr 1927 - Amerikalı estrada müğənnisi və aktyor Endi Uilyams (Andy Williams - Howard Andrew Williams; 1927-2012) anadan olub.
3 dekabr 1930 - Fransız rejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın banilərindən biridir. Filmləri: “Kiçik əsgər”, “Motsart - həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.

4 dekabr 1875 - Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke, 1875-1926) anadan olub.
4 dekabr 1896 - Rus şairi, yazıçı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.
4 dekabr 1922 - Fransız aktyoru Jerar Filipp (Gerard Philipe, 1922 - 1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Monparnas 19”, “Təhlükəli əlaqələr” və s.

5 dekabr Beynəlxalq Könüllülər Günüdür (International Volunteer Day). BMT Baş Assambleyasının tövsiyəsi ilə 1985-ci ildən qeyd olunur.
5 dekabr 1791 - Dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən məşhur nümayəndələrindən biri Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 - 1791) vəfat edib.
5 dekabr 1803 - Rus lirik şairi Fyodor İvanoviç Tyutçev (1803-1873) anadan olub.
5 dekabr 1901 - Məşhur amerikalı multiplikasiya rəssamı, rejissor, ssenarist, prodüser Uolt Disney (Walter Elias "Walt" Disney, 1901 - 15.12.1966) anadan olub. «Walt Disney Productions» şirkətinin qurucusudur, cizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.

6 dekabr 1813 - Rus şairi, publisist, naşir Nikolay Oqaryov (1813 - 1877) anadan olub.
6 dekabr 1841 - Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille, 1841-1870) anadan olub.

7 dekabr 1598 - İtalyan memarı və heykəltəraşı, İtaliya barokkosunun məşhur nümayəndəsi Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.
7 dekabr 1872 - Niderland filosofu, tarixçi, kulturoloq Yohan Heyzinqa (Johan Huizinga, 1872 - 1945) anadan olub.
7 dekabr 1889 - Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel, 1889 - 8.10.1973) anadan olub.
7 dekabr 1926 -Rusiyanın Xalq artisti Pyotr Velyaminov (1926 - 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur” (Zaxar Bolşakov), «Əbədi çağırış», «Çelyuskinçilər» və s.

8 dekabr 1723 - Alman əsilli fransız yazıçısı, filosof Pol Anri Holbax (Paul Heinrich Dietrich von Holbach, 1723 - 1789) anadan olub.
8 dekabr 1865 - Görkəmli fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals”, simfoniya, süitalar və s. əsərlərin müəllifidir.
8 dekabr 1934 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub. Filmləri: “İşdə məhəbbət macərası” (Lyudmila Kaluqina), “Zolaqlıların səfəri”, “Qəddar romans” və s.

Hazırladı: Vüqar Orxan