Səhnə və ekranda bütün “növ” rolları “əla növ” oynamış İsmayıl Osmanlı

Rolları yaxşı oynamaq, yaddaqalan obrazlar yaratmaq aktyorluğun peşə borcudur. Əks təqdirdə, o özü də məkan (səhnə-salon) fərqi ilə - adicə tamaşaçıdır.
Amma salondakılardan tam fərqlənmək də hələ hər şey demək deyil. Bu işdə əsas məsələ səhnədəki fərqlilər içərisində fərqlənməkdədir. İş-peşələri xarakter yaratmaq olanlar arasında seçilmək məsələsi isə əsl “inteqralçı”lıqdır ki, İsmayıl Osmanlı bütün şəxsi-təbii və “süni”-bədii xarakter yaradıcılığıyla buna nail olmuşlardandır.

İsmayıl Osmanlı böyük sənət ailə-aləmində təkrarsız (mənfi ya müsbət) əmi, dayı, qağa olub. Bənzərsiz məşədi, hacı, şeyx rolları oynayıb. Milli mesenat (H.Z.Tağıyev), dahi filosof (Nəimi), dahiyanə avam (Novruzəli) obrazları yaradıb. Saysız-hesabsız “bihesab” adamları gülünc günlərə qoyub, həyati məzə-gəvəzə tipləri bədii-ictimai qınaq tipajlarına çevirib: Mirzə Qərənfil, Xəlil, Mirzə Heydərqulu, Şəkinski, Keçəl Aslan, Kefli Bəşir və sair. Neçə-neçə əcnəbi “don”larına girib: Aleksandrov (“Canlı meyit”), Baş senator (“Otello”), Tixon (“Tufan”), İsidor Cakeli (“Darıxma, ana!”), Gilderstern (“Hamlet”) və ilaxır...
“Hamını bəzər”lə başlayan -

Bir məsəl var...

Yox, yüzlərlə özgə obraz-adamları al-əlvan xarakterik cizgilərlə bəzəmiş bu sənətkarın özü də şan-şöhrətdən xali deyildi. Xatırlayaq, baxaq görək bütün ədəbi-dram əsərlərindəki hansı bədii və ya dramatik obraz bu həmişəyaşar real qəhrəmanımızdan daha canlı, daha bütöv, əhatəli, universaldır. Bu adam lap cavanlığında, bu aktyor lap ilk rollarında belə, çöhrəsindən tutmuş bütün mənəvi-psixoloji sifətlərinə, hərəkətlərinə, oturuş-duruşuna, təbəssümünədək təsəvvür-təsvirlərimizin imkanı yetdiyi qədər ən qədim və ən müasir Azərbaycan kişilərinin ümumiləşdirilmiş obrazı idi.
Tarixən varlı-hallı, qızıllı-gümüşlü Şəkidə maddi cəhətdən ən kasıb ailədə doğulsa da, iyirmi yaşından canlı aləmin mənən ən zəngin sahəsinə - sənət dünyasına düşüb. On bir yaşında “yetimlik divinin əlinə keçib” (Ə.Xaqani), mükəmməl təhsil ala bilməsə də, dükan-bazar yükçülüyündə, Şəki ipək fabrikində, hətta dabbaqxanada işləməli olsa da, bunlar onun həyatın hər üzünü görməsində, dünyanın bütün mənfiliklərinin “dabbaqda gönünə bələd” olmasında mühüm rol oynayıb.
Məğzi böyük çətinlik, qabar-qübarlı məşəqqətlərdən ibarət olan bu ilkin tale yazısıyla o, 1920-ci ildə rayonda yeni fəaliyyətə başlamış “Fəhlə-kəndli klubu”nun dram dərnəyinə üzv yazılır və bununla da, bütün ömrünü həsr edəcəyi sənət sahəsində yeni bir tərcümeyi-halın bünövrəsini qoyur. Təbiətən şux olması, hər hərəkətindən məzə, hər söz-həkətindən yoz yağması, duzlu-məzəli Şəki lətifələrini teatral bir şəbehlə söyləməsi onun sədasını bölgədən uzaqlara da yayır. “Yüz ildə bir” deyiminə xas nadirlik arşını ilə ölçülən qabiliyyət, istedad vergisi təqvim aylarını, illərini qabaqlayır. 1922-ci ildə Gəncəyə köçüb, buradakı teatrda çalışan İsmayılı altı il sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət edirlər. Orada yerini bərkidib, anadilli sənət ocağını daha gur alovlandırmaq arzusuyla çalışan sənətkar bu istəyinə nail olmaq ərəfəsində Bakıya çağırılır. 1929-cu ilin sonlarında Azərbaycan Milli Dram Teatrının truppasına qəbul edilir. Qırmızı sovet Bakısının qızğın teatr səhnəsi onun simasında yeni bir türk soyadlı ad, orijinal ədalı, qulaqlara xoş sədalı bir sənətkar qazanır. Salon isə onun dramatik nüanslarından vəcdə gəlir, faciəvi rollarından göz yaşlarına, komik obrazlarından gülüşlərə, satirik surətlərindən “izhari-nifrət”lərə qərq olur. Bir yazılanı iki etməyə çalışıban, yüzlərlə “kim-kimsə”ləri, “nələr-nəməliklər”i yaradıb-yarıtmağa başlayır. Özü də -

Necə, nə cür, nə sayaq!

Başlayaq (və elə qurtaraq) “kim-kimsə”lərdən. Nədən ki, “nələr-nəmənəliklər” həddən çox, səbri-xərc ilə dərci-həcmimiz isə az...
Ötən əsrin ilk yarısında S.Vurğunun “Xanlar”, “İnsan”, “Vaqif” pyeslərinin tamaşalarından yazan tənqidçilər, danışan mütəxəssislər, həftələrlə bəhs açan tamaşaçılar İsmayıl Osmanlının ifa etdiyi Keçəl Aslan, Fon Hols, Şaliko obrazları üstündə xüsusi vurğu ilə dayanırmışlar. Söyləyirmişlər ki, H.Cavid əfəndi “Şeyx Sənan”, “Səyavuş”, “Knyaz” dramlarındakı Şeyx Hadi, Vali və Şakro obrazlarının açımına nə dərəcədə istedad və zəhmət sərf edibsə, İsmayıl Osmanlı da, onların səhnə təfsirinə o qədər can “yanacağı” yandırır. Böyük komediya ustası S.Rəhman isə onu öz obrazlarının “üst obrazı” kimi qələmə verib: “Mənim qələmlə yaratdığım bir neçə obrazı (Mirzə Qərənfil, Əhməd bəy, Zakir, Xəlil, Qasım) İsmayıl Osmanlı öz tərzi-hərəkətlərilə daha yaxşı yazır. Mən bir yazıçı ikən bir verdiyimi o mənə tamaşaçı ikən, bəzən, beş qaytarır...”
İllər yavaş-yavaş keçir, İsmayıl Osmanlının sənətkar azmanlığı zirvələrə daha sürətlə qalxırdı. “O olmasın, bu olsun”dakı “qəzetəçi” Rza obrazı ilə hər bir tamaşaçı qəlbində əbədi nəşr olunmuş bu kişi özü haqda “bir kaç kəlmə” də söyləmədən, onu dinləyib etiraf edəsiləri “bəkləmədən” irəliləyirdi. Məşədi İbaddan 10(ca) manat istəməklə, ətrafındakı digər statuslu “kustar” rüşvətxorlardan nə qədər aşağı olduğunu üz-gözündəki əlamətlərlə daha da incələyən bu “qəzetlər padşahı” əsl sənət şahı kimi çıxış etmirmi? Sonralar oynadığı rolların bir neçəsi “epizodik”ləşsə də," baş qəhrəmanlarla şöhrət döyüşünə bac vermədi. Məsələn, “Mən ki gözəl deyildim” filmində yaratdığı poçt işçisi obrazının məhzunluq ab-havası oradakı müqəyyəd “üçkünc məktub”lardan azmı hekayətlər söyləyir?
Bütün bu deyilən və yazılanlara yüzə-yüz inam-imanımın bir səbəbi də mənim öz gördüklərimdir və o vaxtlar bunlar mənə o qədər gözəl əsər, qeyri-adi təsirlər edirdi ki, sonralar o nüanslar haqda kiməsə danışarkən, az qala, “göz kirəsi” istəmək fikrinə də düşmüşəm. Məsələn, 60-cı illərin sonlarında “Solğun çiçəklər”də oynadığı (yox, yox, yaşadığı!) Əbdül dayı! Bu adam o səhnədə elə bir “ədəbi-bədii dayı” olurdu ki, mən bir abituriyent-tamaşaçı olaraq, həyatdakı bütün real (ən əvvəl özümə və ən yaxın özgələrə aid) dayıları “persona non qrata” hesab edir, hətta hərdən “mənim də belə bir himayədar nökər-dayım olsaydı, məmnuniyyətlə yetim olmaq istərdim” kimi minor eşqə də düşürdüm. Hələ mənim “Kaş Cabbarlı diriləydi, Məhluqə Sadıqovanın oynadığı əzazil “əmidostu” roluna qələm çalıb, bu müqəddəs (və çarəsiz!) Əbdül dayını müşküldən qurtaraydı!” arzu-istəyim...
Mənim bu “real Əbdül dayı” obrazı ilə ilgili sentimental ağrı-acılarım, ta onun “Yeddi oğul istərəm”dəki “Kələntər dayı” əzazilliyinədək davam etdi. İndicə xatırladığım Cabbarlının “Şərif”i demişkən, “hansı ki”, bu rəhmətlik, söhbətlərimizin birində demişdi: “Bu kəmfürsət Kələntərə görə hətta məni yaxşı tanıyan məhəlləmizdə də yaxşı qarşılamayanlar var...”
Hə, ömrünün axır çağlarında hərdən onu ziyarət (bir az da - tələbə-jurnalist marağı) üçün tamaşalaröncəsi “Azdrama”ya, yaxud, yaşadığı binanın (Statistika İdarəsinin arxa tərəfi) həndəvərinə yığışar, onun “Poçt qutusu” filmindəki Novruzəliliyinə gah babamız kimi ağrındığımız, gah etno-avamlığımızın klassik bir şəkli kimi baxıb sıxılmaqla bərabər, böyük ədiblərimizin ustadlıqla yaratdıqları rəngarəng milli avtoportretlərimiz içrə bu ən gülmə-gülməcəlisinə için-için uğundugumuzla bağlı sual-cavablar edər, Mirzə Cəlil dahiliyilə yaradılmış o bədii şedevr-sadəlövhlüyü bu korifeyliklə vizuallaşdıran İsmayıl Osmanlı fenomeni ilə fəxarət hissləri yaşadığımızı bəyan edib, bu real sənətkar-obrazın şipşirəli “çox sağ olun, mənim yeşil balalarım!” kimi ifadələrinə, bu ixtiyar yaşında da par-par parıldayan göz-baxış hərarətlərinə qonaq olardıq...
Daha sonralar isə eşidərdim ki, bizim tələbəlik davamçılarımız tez-tez onun yaşadığı o binaya, işlədiyi teatra gedər, onu bizim salam-kalam, rəğbət-məhəbbət qədərimizdən də artıq qədirləyər, üz-gözündən sənət qədimliyi, münasibətlərindən ipək həlimliyi yağan, lakin... bir vaxtlar cıdır sürətli, amir şöhrətli sənət anşlaqı yaşamış bu qocanın son halətini - bir az təbii-obyektiv, bir az süni-subyektiv “unutqanlıq” duyğularını - imkan dərəcəsində kompensasiya edirmişlər...
Və... Azərbaycanın, SSRİ-nin Xalq artisti adları, digər təltifləri öz yerində, deyirəm, bu dünyada o məhəbbət dolu salam-kalamlardan, sağ ikən ziyarət edilmələrdən gözəl nə var?! Bir az da göynək çalarlı bu kövrək xitabım həm də bu dünyadan o dünyaya İsmayıl Osmanlı nam-nişanında, İsmayıl Osmanlı şan-şöhrətində köçmüş rəhmətliklərin hamısınadır...

Tahir Abbaslı