I Türkoloji Qurultay - 90

Ötən əsrin birinci yarısında türkologiyaya dair araşdırmaları ilə tanınan alimlərdən biri də özbək Xalid Səid Xocayev olub. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda fəal iştirak edən alim əlifba islahatına (latın qrafikalı əlifbaya keçid) da mühüm töhfələr verib.

Xalid Səid Seyid Əli oğlu Xocayev 1888-ci ildə Özbəkistanın Bustanlıq nahiyəsinin Koşkurqan qışlağında dünyaya göz açıb. Atası dövrünün nüfuzlu ruhanilərindən olub. Xalid ibtidai təhsilini kənd molla məktəbində alır. Daşkənd mədrəsəsində təhsilini bitirib, İstanbul Universitetinin tibb fakültəsinə daxil olsa da, sonra universitetin tarix-ədəbiyyat fakültəsinə dəyişilir. Məzun olduqdan sonra uzun müddət İstanbulda qalır. 1918-ci ildə Osmanlının Azərbaycan Xalq Cümhuriyyətinə köməyə göndərdiyi Qafqaz İslam Ordusuna yazılaraq Gəncəyə gəlir. Buradakı Müəllimlər Seminariyasında, daha sonra Bakıda pedaqoji fəaliyyət göstərir.
1920-ci ildə Xalq Cümhuriyyəti devriləndən sonra Xalid Səid Özbəkistana gedir, Daşkənd Müəllimlər İnstitutunun direktoru təyin edilir. Bir müddət sonra səhhəti pisləşir, işdən ayrılır. 1922-ci ildə yenidən Bakıya dönməli olur və general Səməd bəy Mehmandarovun bacısı qızı Sitarə xanımla ailə qurur.
Bakı Müəllimlər İnstitutunda, Bakı Dövlət Universitetində dərs deyən X.Səid özbək gənclərinin burada təhsil almasına şərait yaradır. Eyni zamanda Birinci Türkoloji Qurultaydan (1926) sonra latın əlifbasına keçid mərhələsində həlledici simalardan biri kimi tanınıb. Araşdırmalarda göstərilir ki, o dövrdə Krımda çap olunan və Azərbaycanda latın qrafikası ilə çıxan ilk kitabın (“Yeni əlifba yollarında əski xatirə və duyğularım”) müəllifi də X.Səid olub.
“Xalid Səid Xocayev - şəhid türkşünas” kitabının müəllifi, tədqiqatçı, publisist Azər Turan müsahibələrinin birində deyib: “Repressiya dövrünün istintaq materiallarını araşdırarkən Xalid Səidin adına rast gəldim. İkinci dəfə 1926-cı ildə keçirilən I Türkoloji Qurultayın stenoqramında gördüm. Üçüncü dəfə Əli bəy Hüseynzadənin arxivində diqqətimi çəkdi. Türkoloji qurultayla bağlı stenoqramda yazılır ki, özbək Xalid Səid türkcə danışdı... O, ortaq ədəbi türkcənin, ortaq türk mədəniyyəti coğrafiyasının yaradılmasının fəal tərəfdarı olub”.
Araşdırmadan o da məlum olur ki, Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsərini, Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanını Azərbaycan dilinə ilk dəfə X.Səid tərcümə edib.
Bir dəfə onu “Kommunist” qəzeti reaksiyasına çağırır və M.Kaşğari “Divan”ının tərcüməsini istəyirlər. O isə bundan imtina edir. Ancaq həbs olunan gecəsi həmin qovluqla bərabər onun “Orxon kitabələrinin izahlı tədqiqi”, “Türk dilinin tarixi qrammatikası”, “Cığatay ədəbiyyatı haqqında mühazirələr”, “Türküstan tarixinin qısa icmalı”, “Müfəssəl sintaksis”i kimi qiymətli araşdırmalarını da aparırlar.
Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov araşdırmasında yazır ki, X.Səid 1926-cı ildə Səmədağa Ağamalıoğlunun tapşırığı ilə Türküstana gedir. Aşqabadda Maarif Komissarlığında yeni əlifbanın unifikasiyası ilə bağlı söhbətlər aparır. Sonra Özbəkistan Mərkəzi İcraiyyə Komitəsi sədrinin evində olan alim Azərbaycanda yeni əlifbanın böyük nəticələr verdiyini bildirir. Yeni əlifbanı həyata keçirmək üçün lazım olan idarələrə əmr verilməsini xahiş edir. Ancaq məktəblərdə yeni əlifbanı həyata keçirmək üçün Maarif Komissarlığına müraciət etmək lazım olduğu bildirilir. Həmin dövrdə bir sıra çətinliklərlə üzləşən X.Səid yazırdı: “...Azərbaycanda ilk əvvəl Mirzə Fətəli Axundov ilə başlayan yeni əlifba fikri böyük inqilab nəticəsində yenə Azərbaycan Yeni Əlifba Komitəsinin fəal təşəbbüsü ilə həyata tətbiq edildi”.
Türkologiyaya dair araşdırmaları, milli köklərə bağlılığı onu da 1930-cu illər repressiyalarının qurbanı edir. Görkəmli türkoloq 1937-ci il iyunun 3-də həbs edilir. Həmin il oktyabrın 12-də güllələnir. Ondan sonra həyat yoldaşı Sitarə xanım da həbs olunur və çox ağır sürgün həyatı yaşayır.

Savalan Fərəcov