Orta əsrlərdə Azərbaycanın elminə və mədəniyyətinə töhfə verən bir çox mütəfəkkir alimlər olub. Elmi əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilən belə görkəmli alimlərdən biri də tarixçi və dilçi alim Məhəmməd Naxçıvani olub.

Məhəmməd ibn Fəxrəddin Hinduşah Naxçıvaninin təxminən 1293-cü ildə Naxçıvanda dünyaya göz açdığı bildirilir. Erkən çağlardan elmə maraq göstərir, fars və ərəb dillərini öyrənir. Elm və yaradıcılıqla məşğul olan Məhəmmədin sorağı gedib Təbrizə - Elxanilər sarayına çatır. Şah tərəfindən saraya dəvət olunur və münşi (katib) vəzifəsinə təyin edilir. Uzunmüddətli səmərəli fəaliyyətinə görə ona “Naxçıvandan olan münşilərin günəşi” adı verilir.
O, bir müddət Elxani Əbu Səidin (1316-1335), daha sonra isə Arpa xanın (1335-1336) vəziri olur. Görkəmli islahatçı, siyasi xadim və tarixçi alim Fəzlullah Rəşidəddinin oğlu Qiyas Rəşidi ilə dostluq edir. Onun şərəfinə “Sihahül-fürs” lüğətini yazır.
Qiyas Rəşidinin tövsiyəsi ilə Əbu Səid xüsusi fərmanla M.Naxçıvaniyə Elxanilər dövlətinin quruluşunu və idarəçilik sistemini təsvir edən əsər yazmasını tapşırır. Sifariş çox ciddi olduğundan əsərin yazılıb başa çatması xeyli vaxt aparır. Nə Əbu Səid, nə də Qiyas Rəşidi bu əsəri görə bilmirlər. M.Naxçıvani əsəri 1360-cı ildə başa çatdırır. Lakin alınan nəticələr onu qane etmir. 6 il üzərində əlavə işlədiyi əsəri tamamlayıb Elxanilərdən sonra Azərbaycanda hakimiyyətə gələn Cəlairilərin hökmdarı Şeyx Üveysə həsr edir.
Araşdırmalarda göstərilir ki, orta əsrlərin elm və dövlət xadimləri əsəri yüksək qiymətləndirib. Bu da M.Naxçıvaniyə böyük şöhrət gətirib. Dünyanın məşhur siyasətçi və islahatçı alimləri bu əsəri Xacə Məhəmməd Nizam əl-Mülkün “Siyasətnamə” və F.Rəşidəddinin “Came ət-təvarix” əsərlərinə bərabər tuturlar.
Qeyd edək ki, bu ensiklopedik əsərdə dövlətin quruluşu ilə yanaşı, vergi qoyulmasının iqtisadi-hüquqi normaları, mülkiyyət məsələləri, məhkəmə və pul dövriyyəsinin müxtəlif problemləri yer alıb. Bundan başqa, əsərdə din, dinlə dövlətin qarşılıqlı münasibətləri, fəlsəfə və cərəyanlar, mədəniyyət, ticarət, sənətkarlıq, hətta xəttatlıq alətlərindən istifadə məsələlərinə dair suallara bu əsərdə cavab tapmaq mümkündür. Müəllif dövrün idarə sistemində mövcud olan vəzifələrə təyinatları şərh edərkən nümunə kimi faktiki sənədləri misal göstərib. Burada real tarixi şəxsiyyətlər və yer adları da verilib. Əsərdə 100-dən artıq tarixi termin, anlayış müəllif tərəfindən şərh edilib.
M.Naxçıvaninin fars dilinin izahlı lüğəti olan “Sihahül-fürs” əsəri də yüksək qiymətləndirilir. Bir çox araşdırıcılar bu nəticəyə gəliblər ki, XI-XIII əsrlər ərzində fars dilçiliyi sahəsində aparıcı rol Azərbaycan türklərinə məxsus olub. Müasir tədqiqatçılar orijinallığına və materialın əhatə dairəsinə görə Naxçıvaninin bu əsərini Qətran Təbrizinin izahlı lüğəti ilə müqayisə edirlər. Əsərdə fars dilində işlədilən 2300 sözün, ibarənin izahına yer verilib. Müəllif lüğətin tərtibində sələflərinin təcrübəsindən ustalıqla yararlanıb. Sözlərin izahı zamanı bir çox dillərdən, o cümlədən Azərbaycan türkcəsində olan materiallardan geniş faydalanıb. Lüğətdə Azərbaycan əhalisinin həyat tərzini əks etdirən etnoqrafik materiallar və bir çox söz ustalarının, eləcə də atası Hinduşah Naxçıvaninin şeirlərindən parçalar da yer alıb. Lüğətin 4 əlyazma nüsxəsi 1962-ci ildə Tehranda Ə.Taəti tərəfindən nəşr olunub. Əsər bir müddət tədqiqatçıların diqqətindən kənarda qalsa da, son zamanlar fars leksikoqrafiyası tarixindəki əhəmiyyəti yüksək qiymətləndirilir.
M.Naxçıvaninin əlyazmaları dünyanın bir çox kitabxanalarında saxlanılır. Avropa və Şərq alimləri həmin əlyazmaların tədqiqinə həsr olunan əsərlər yazıblar.
Ömrünün ixtiyar çağlarında Naxçıvana dönən alim 1376-cı ildə burada vəfat edib.

Savalan Fərəcov