Hətta, uğrunda dövrün Rusiya və Böyük Britaniya kimi derjavalarının çəkişdiyi Mirzə Kazım Bəy...

Dünya elminin böyük zəkalarından biri, Rusiya Elmlər Akademiyasının akademiki, mükəmməl siyasi, hüquqi, fəlsəfi, tarixi əsərləri Şərq və Qərb elm aləminin qızıl fonduna daxil edilmiş, Böyük Britaniya, ABŞ, Almaniya, Fransa kimi ölkələrin akademiya, universitet və bir çox elm cəmiyyətlərinin adlı-sanlı üzvü olmuş Mirzə Məhəmmədəli Kazım bəyin daşıdığı ən yüksək və əbədi “üzv”lük bizə məxsusdur: “Azərbaycan oğlu”!..

Düz yüz qırx il əvvəl Gürcüstanın Qori şəhərində açılan, xristian uşaqların “padşah xərcinə”, müsəlman balalarınınsa öz hesablarına oxuduğu seminariyanın nəzdində Azərbaycan şöbəsinin də açılması xahişi ilə M.F.Axundov və M.H.Qayıbzadə (Tiflis müsəlman məktəbinin şəriət müəllimi) Qafqaz canişini M.Romanovun qəbuluna gedirlər. “Xaotik muslimanlar”ın bu iki nümayəndəsi o tipik rus məmuruna nə qədər ənənəvi-patetik yalvarışlar, təbəəvi-diplomatik gedişlər etsələr də, canişin yola gəlmir. O, müxtəlif bəhanələrlə bərabər, bunu da vurğulayır ki, hətta belə bir şöbə açılsa belə, əsasən qaçaq-quldur, adamöldürən, tez-tez tayfa davaları salan millət kimi tanınan müsəlmanlardan bura gəlib oxuyan olmayacaq. Çiyinlərində qarşısındakı personanın mənsub olduğu dövlətin polkovnik epoletini daşıyan Axundov “bütün Rusiya şöhrətli” böyük zəka sahiblərindən Bakıxanov, Topçubaşov, Zərdabi və başqalarının adlarını çəksə də, xeyri olmur. Bu millətin hələlik ikinci Mirzəsi olan Fətəli bir qədər qeyzlənib: “Dünya şöhrətli, Peterburq Universitetinin fəxri doktoru, üç dəfə Demidov ordenli Mirzə Kazım bəy də azərbaycanlıdır!” - deyəndə isə, sifətindəki heyrət və məmnunluğu gizlədə bilməyən canişin sözügedən şöbənin tezliklə açılacağını da açıqlamalı olur...
Bəli, minlər-milyonlardan fərqli, məhsuldar, çətin, mürəkkəb, nəticə etibarilə işıqlı ömür yaşamalı olan dahilər ölümdən sonra da millətin işinə yarayırlar...

Onun yaşamı...

Dərbənd hakiminin baş xəzinədarı Nazir Məhəmməd xan Məkkəyə həcc ziyarətindən qayıdarkən, nədənsə (əlbəttə, taledən!) İranın Gilan vilayətində ləngiməli olur, oğlu Məhəmməd Qasım Kazım bəy yerli hakim Bağır xanın qızı Şərəfnisə ilə evlənir və Mirzə Kazım bəy 1802-ci il iyulun 22-də Rəşt şəhərində doğulur. Bir qədər sonra atası hələ Quba xanlığının tərkibində olan (sonralar Rusiya imperiyasına ilhaq edilən) Dərbəndə qazi təyin olunur və ailə bu şəhərə köçür.
Dərbənddə yaşadığı dövrdə (sonralar Həştərxanda) şotland missionerlərlə görüşüb saatlarla müzakirələr aparan gənc fenomen xristian dininin əsaslarına dair mütəmadi sualların məna-məğzinə varır, bu din haqda daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır və ciddi götür-qoydan sonra xristianlığı qəbul etmək qərarına gəlir. O vaxtkı Dərbənd üçün görünməmiş bir hadisə olan bu iş onun ailəsilə münasibətlərinin pozulmasına da səbəb olur. Lakin o, bütün ömrü boyu islam təəssübkeşliyindən də qalmır, XIX əsr Qərb fəlsəfi düşüncəsindəki “İslam dininin sosial inkişafa maneə olması” kimi fikir və qənaətlərə ciddi etirazlarını bildirir.
İslam dininin əsaslarını, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənib, türk və ərəb dillərinə də yiyələnən Mirzə cəmi 17 yaşında ikən “Ərəb dilinin qrammatikası” kitabını yazır. İyirmi altı yaşında Böyük Britaniya Akademiyasının üzvü seçilir, iki il sonra fars dilində ərəb filologiyasına dair əsərinə görə Şərq dilçiliyi magistri dərəcəsini alır. 20 illik Kazan həyatında olduqca səmərəli elmi-pedaqoji fəaliyyətlə məşğul olan alim öz yaradıcılığında Azərbaycan dilinin öyrənilməsilə bağlı da xüsusi tədqiqatlar aparır. Bu bir faktdır ki, Azərbaycan dili qrammatikasının əsas prinsiplərini, ümumiyyətlə, “Azərbaycan dili” termininin elmi əsaslarını ilk dəfə məhz Mirzə Kazım bəy işləyib-hazırlamışdır. XIX əsrin ikinci yarısından etibarən şöhrəti Avropa hüdudlarını keçib Amerikaya doğru irəliləyən Mirzə Kazım bəy 1851-ci ildə Amerika Şərqşünaslar Cəmiyyətinin müxbir üzvü, 1862-ci ildə isə Amerika Fəlsəfə Cəmiyyətinin üzvü seçilir.
Tarixi sənədlərin bəyanına görə, Kazan Universitetinə lektor təyin olunarkən rus dilini bilməyən Mirzə Kazım bəy üç ay sonra mühazirələrini bu dildə oxumağa başlayıb.
Kazım bəy əsas yaradıcılıq sahəsi olan dilçiliyə xristianlığa dair fundamental əsərlərin Şərq dillərinə tərcüməsi ilə qədəm qoyub. Sonradan fransız, alman dillərini də öyrənən bu qeyri-adi təfəkkür sahibi 1825-ci ildə, üzdə “təhsilini davam etdirmək”, içdə isə mənimsənilmə məqsədilə Londona dəvət olunur. Rusiya hakim dairələri isə bu təklifin həyata keçməsinə imkan vermir və “yadlar”ın bu himayədarlıq jesti əvəzində onu “İmperiyanın xüsusi sərəncamı” ilə Omska tatar dili müəllimi göndərirlər. Lakin Kazanda xəstəliyə tutulması səbəbilə Omska gedə bilməyən Kazım bəy Kazan Universitetinin rektoru Karl Fuksdan ərəb və fars dillərindən dərs demək təklifini alır və heç üç il keçməmiş yenicə yaradılan Türk dilləri fakültəsinə rəhbər təyin olunur.
Dünyanın nüfuzlu elm mərkəzlərinin Yaxın və Orta Şərq xalqları ədəbiyyatlarını tədqiq edən, islamın və müsəlman hüquq elminin böyük bilicisi kimi də tanıdığı bu alim getdikcə yaradıcılıq diapazonunu daha da genişləndirir. Tezliklə “Türk-tatar dillərinin qramatikası” (o dövrlər Rusiya imperiyasında əksər türk dilləri “Tatar”, “Türk-tatar” dialektləri kimi qəbul olunurdu) adlı fundamental elmi monoqrafiyasına görə, Rusiya erasının ən “brend” elm təltiflərindən olan “Demidov mükafatı”na (hələ birincisinə) layiq görülür (Osmanlı, azəri, digər türk dillərinin fonoloji, morfoloji və sintaktik təhlil və müqayisəsi aparılmış bu əsər 1846-cı ildə ikinci dəfə nəşr, sonralar isə Qərbi Avropada türk dilləri barəsində ən zəngin elmi mənbə hesab ediləcək). Ardınca Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. Bu dahi fenomendən əli çıxmış London isə, onu “Britaniya Kral Şərqşünaslar Cəmiyyəti”nin üzvü etməklə kifayətlənməli olmuşdu.
1863-cü ildə Sankt-Peterburq Universitetində “Şərq tarixi” kafedrasını təsis edən Mirzə Kazım bəy öz milli və qitəvi kökənliyinin daxili “sifarişi” ilə ilgili də çox işlərə əl qoyur; Şərq mədəniyyətinin öyrənilməsinə maraq göstərən tələbələrin təcrübi ekskursiyalarını təşkil edir, “Türk dillərinin öyrənilməsində kurs dərsliyi”, “Şərq dillərindən törəmiş rus söz və söz birləşmələrinin izahına dair” vəsaitlərini hazırlayır, 6700 sözdən ibarət “Rus-türk lüğəti”ni nəşr etdirir və s. O, 1868-ci ildə rus elmi dairələrində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönəli akademik hərəkata da başlayır. Lakin 68 yaşında ikən (1870) onu haqlayan ölüm bu dahi alimin ən böyük arzusunu - mənsub olduğu və həmişə sadiq qaldığı türk millətinin vahid elmi-mədəni dəyərlər layihəsini həyata keçirməsinə imkan vermir...

Onun böyük elm-qələm aləmi

Dünyanın digər fenomen-alimlərindən fərqli olaraq, Mirzə Kazım bəy çox müxtəlif mövzulu kitabların müəllifi və tərcüməçisidir. Onun türk dilində yazdığı (Krım xanlığının 1466-1737-ci illər aralığında tarixi haqqında) “Əssəb əs-Səyyar”, uyğurların tarixi barədə dəyərli elmi məlumatlar verən “Uyğurlar” əsərlərini və iki iri əsərin ingilis dilinə tərcüməsini cəmi iki ilə başa vurmasının özü belə ən peşəkar müasirlərinin də heyrət və təəccübünə səbəb olmuşdur. Alimin “Bab və Babilər: 1848-52-ci illər İranda dini və siyasi təlatümlər”, “Qurani-Kərimdə ahənglik”, “Müridilik və Şamil”, “İslam tarixi”, üzərində on iki il çalışdığı “Dərbəndnamə” kitabları isə onun çox dərin, fenomenal təfəkkür sahibi olduğunu təsdiqləyir. Digər əsərlərini, dünyanın bir çox ölkələrində keçirilən mötəbər elmi yığıncaqlarda müxtəlif dillərdə çıxış etməsini, yuxarıda toxunulan titul-təltiflər silsiləsinin davamı olan “Kopenhagen Şimali Antikvarilər - Kral Cəmiyyəti”nin üzvlüyünü, üç dəfə layiq görüldüyü Demidov medalını, Böyük Britaniya kraliçası Elizabetin qızıl medal laureatlığını cəmləşdirəndə isə, bu insan, mənsub olduğu xalqın “dünyanın barmaqla sayılanlarından biri” deyimini ehtiva edir...

Tahir Abbaslı