Azərbaycan

9 iyul 1821 - Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1918-ci ildə erməni quldur dəstələrinin törətdiyi qırğınlar vaxtı el-obasından didərgin düşüb, sonra doğma kəndə qayıdıb və orada dünyasını dəyişib.
9 iyul 1926 - Yazıçı-dramaturq Nəcəf bəy Vəzirov (1854, Şuşa - 1926) vəfat edib. Ədib "Müsibəti-Fəxrəddin" pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. «Ev tərbiyəsinin bir şəkli», “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.
9 iyul 1939 - Əməkdar artist Firuz İmam oğlu Xudaverdiyev Bakının Lökbatan qəsəbəsində doğulub. Mingəçevir teatrında çalışıb, 1976-cı ildə Akademik Dram Teatrının truppasına qəbul olunub. Televiziya tamaşalarında, “Biz qayıdacağıq”, “Cavid ömrü” və s. filmlərdə çəkilib.

10 iyul 1835 - Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 1835 - 20.5.1888) Şamaxıda anadan olub. Azərbaycan lirik və satirik poeziyasını zənginləşdirib, “Əkinçi”, “Ziya” qəzetlərində publisistik yazılar yazıb. Azərbaycan şairlərinin qısa tərcümeyi-halını və əsərlərindən nümunələri kitab şəklində ("Təzkirə") nəşr etdirib.
10 iyul 1899 - Şair Xəstə Bayraməli (Bayraməli Abbasəli oğlu Xudiyev; 1899-1952) Qərbi Azərbaycanda, Göyçə mahalının Nərimanlı kəndində anadan olub.
10 iyul 1930 - Xalq yazıçısı Sabir Məhəmməd oğlu Əhmədli (1930 - 17.4.2009) Cəbrayıl rayonunda doğulub. "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Kütlə", "Axirət sevdası" və s. kitabları işıq üzü görüb. Əsərləri xarici dillərə tərcümə edilib.
10 iyul 1924 - Ədəbiyyatşünas, tərcüməçi Əkbər Ağarza oğlu Babayev (1924 - 12.9.1979) anadan olub.

11 iyul 1918 - Şair, yazıçı, maarifçi Abbas Səhhət (Abbasqulu Mehdizadə, 1874-1918) vəfat edib. Bədii yaradıcılıqla yanaşı, Azərbaycan məktəbləri üçün ilk dərsliklərin ("Yeni məktəb", "Türk ədəbiyyatına ilk qədəm") hazırlanmasında iştirak edib, uşaqlar üçün şeir və hekayələr yazıb. İxtisasca həkim olub. 1918-ci ildə ermənilərin talan etdiyi Şamaxıda həkimlik borcunu yerinə yetirərkən vəba xəstəliyinə tutularaq dünyasını dəyişib.
11 iyul 2006 - Görkəmli kinorejissor, operator, Xalq artisti Rasim Mirqasım oğlu Ocaqov (22.11.1933 - 2006) vəfat edib. “Tütək səsi”, “Qatır Məmməd”, “Ad günü”, “İstintaq”, “Özgə ömür”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və s. filmlərə quruluş verib. “Bir cənub şəhərində”, “Onun böyük ürəyi”, “Bizim küçə” və s. filmlərin operatoru olub.
11 iyul 2007 - Əməkdar artist Ofeliya Kamal qızı Məmmədzadə (4.8.1939 - 2007) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb. “Bir cənub şəhərində”, “Yenilməz batalyon” filmlərində, teletamaşalarda yaddaqalan obrazlar yaradıb.

12 iyul 1812 - Mütəfəkkir yazıçı, dramaturq, şair Mirzə Fətəli Axundzadə (1812 - 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.
12 iyul 1911 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (30.5.1862, Şamaxı - 1911) vəfat edib. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti şairin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra şeirləri «Hophopnamə» adlı topluda nəşr olunub.
12 iyul 1915 - Teatr xadimi, rejissor, Əməkdar incəsənət xadimi Zəfər Paşa oğlu Nemətov (1915-1974) anadan olub. Yaradıcılığının əsas dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır. Burada aktyor, 1942-1969-cu illərdə quruluşçu rejissor və baş rejissor işləyib.
12 iyul 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ruhəngiz Nağı qızı Qasımova anadan olub. Teatr və televiziya tamaşalarına (“Qonşu qonşu olsa...”, “Yollar görüşəndə”), filmlərə (“Möcüzələr adası”, “Alman klinikasına şəxsi səfər” və s.) musiqilər yazıb, populyar mahnıların müəllifidir.
12 iyul 1993 - Almatı şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirləri “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalayıblar. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı adlanır.

13 iyul 1889 - Maarif xadimi Xosrov Mirzə Əli oğlu Axundzadə (1889-1960) anadan olub.
13 iyul 1910 - Yazıçı-dramaturq Nağı Kərim oğlu Nağıyev (1910-1981) Naxçıvan MR Culfa rayonunun Yaycı kəndində anadan olub. «Səadət», «Polad» və s. pyeslərin müəllifidir.
13 iyul 1926 - Xalq rəssamı Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (1926-2001) anadan olub. "Yolda", "Xatirələr", 20 Yanvara həsr etdiyi "Qatillər" tabloları və s. əsərlərin müəllifidir.
13 iyul 1936 - Operator, rejissor, Əməkdar incəsənət xadimi Rasim Rza oğlu İsmayılov (1936 - 4.5.2004) anadan olub. «Yeddi oğul istərəm», «Axırıncı aşırım», «Gün keçdi», «Nəsimi», «Dədə Qorqud», «Babək» və s. filmlərin quruluşçu operatoru olub. «Şir evdən getdi», «Asif, Vasif, Ağasif», «Sizi dünyalar qədər sevirdim» və s. bədii filmlərə quruluş verib.
13 iyul 1957 - Aktyor, rejissor, Xalq artisti Bəxtiyar Oqtay oğlu Xanızadə Bakının Şağan kəndində doğulub. Azərbaycanda pantomim teatrının (1994) yaradıcısı və bədii rəhbəridir. Bir sıra səhnə əsərlərinin müəllifidir. Çəkildiyi filmlər: “Qərib cinlər diyarında”, “Ovsunçu”, “Cavid ömrü”, “Günaydın, mələyim!” və s.

14 iyul 1905 - Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905-1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.
14 iyul 1914 - Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914-2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib. 10-dək kitabın müəllifidir.

15 iyul 1915 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış rəssam və heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) Şuşada anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.
15 iyul 1925 - Azərbaycanın Xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.
15 iyul 1926 - Xalq artisti Sədayə Mustafayeva (1926 - 13.8.2004) Şəkidə anadan olub. Şəki, Ağdaş, Göyçay, Gəncə teatrlarında çalışıb, bir sıra filmlərdə ("Mən ki gözəl deyildim", "Ölsəm, bağışla", "Həm ziyarət, həm ticarət" və s.) yaddaqalan obrazlar yaradıb.
15 iyul 1930 - Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev (1930 -14.12.2015) anadan olub. “Bakı-90” simfoniyası, kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Dövlət Filarmoniyasında bədii rəhbər, Akademik Opera və Balet Teatrının direktoru olub.
15 iyul 1952 - “Kirpi” satirik jurnalı nəşrə başlayıb.

Dünya

9 iyul 1764 - İngilis yazıçısı Anna Radklif (Ann Radcliffe, 1764-1823) anadan olub. Ədəbi effektlər, qorxulu situasiyalarla zəngin olan qotik romanın yaradıcılarından biridir. Əsərləri: “İtalyan və ya bir etirafın sirri”, “Udolf qəsrinin sirləri” və s.
9 iyul 1834 - Çex yazıçısı Yan Neruda (1834-1891) anadan olub. “Qəbiristanlıq çiçəkləri”, “Kosmik nəğmələr”, “Ovliya cüməsi nəğmələri” və s. kitabların müəllifidir.

10 iyul 1871 - Fransız yazıçısı Marsel Prust (Valentin Louis Georges Eugune Marcel Proust; 1871-1922) anadan olub. “İtirilmiş zamanın axtarışında” adlı silsilə əsərlərin (17 roman) müəllifidir.
10 iyul 1918 - Avstraliya əsilli ingilis yazıçısı Ceyms Oldric (James Aldridge; 1918 - 23.2.2015) anadan olub. Əsərləri: “Şərəf məsələsi”, “Dəniz qartalı”, “Diplomat” (romanda 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən olaylar da təsvir olunub) və s.

11 iyul Dünya Əhali Günüdür (World Population Day). 1987-ci ilin 11 iyulunda Yer kürəsi əhalisinin sayının 5 milyardı keçməsi ilə bağlı təsis olunub. 1989-cu ildən BMT İnkişaf Proqramının tövsiyəsi ilə qeyd olunur.
11 iyul 1960 - Azərbaycan əsilli İran kinorejissoru və ssenaristi Cəfər Pənahi anadan olub. Filmləri beynəlxalq festivalların (Kann, Venesiya) qalibidir: “Ağ şar”, “Dairə” və s.

12 iyul 1813 - Fransız psixoloqu, eksperimental psixologiyanın banisi Klod Bernar (Claude Bernard, 1813-1878) anadan olub.
12 iyul 1884 - İtalyan rəssamı Amadeo Modilyani (Amedeo Clemente Modigliani 1884-1920) anadan olub. Qadın rəsmlərinin mahir ustası olub.
12 iyul 1904 - Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1971) laureatı Pablo Neruda (Pablo Neruda - Ricardo Eliezer Neftal Reyes Basoalto, 1904-1973) anadan olub.

13 iyul 1841 - Avstriya memarı, müasir Avropa memarlığının banilərindən biri Otto Vaqner (Otto Koloman Wagner, 1841-1918) anadan olub.
13 iyul 1923 - SSRİ Xalq artisti Mixail Puqovkin (1923-2008) anadan olub. Əksəriyyəti komediya olmaqla 100-dək filmdə (“I” əməliyyatı...”, “Sportloto-82”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.) çəkilib.
13 iyul 1934 - Nigeriya yazıçısı, dramaturq, şair, ədəbiyyat üzrə Nobel mükafatı (1986) laureatı Vole Şoynika (Akinwande Oluwole Soyinka) anadan olub.
13 iyul 1954 - Türk müğənnisi və bəstəkarı Sezən Aksu (Fatma Sezən Yıldırım) İzmirdə anadan olub. Populyar mahnıların, filmlərə musiqilərin müəllifidir.

14 iyul 1860 - Rus tarixçisi, şair, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Bir çox tarixi gerçəklərə işıq salan «Qafqaz» kitabının müəllifidir.
14 iyul 1903 - Amerika yazıçısı İrvinq Stoun (Irving Stone; 1903-1989) anadan olub. Van Qoq, Cek London, Ziqmund Freyd, Çarlz Darvin və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.
14 iyul 1904 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (Isaac Bashevis Singer; 1904-1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” və s.
14 iyul 1918 - İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst Ingmar Bergman, 1918 - 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.
14 iyul 1928 - Gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Mən günəşi görürəm”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.

15 iyul 1606 - Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn, 1606-04.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması”, “Azğın oğulun qayıtması” və s.
15 iyul 1901 - İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano, 1901-1990) anadan olub. Əsərləri: “Fəlsəfənin müdrikliyi və həyatımızın problemi”, “Həyatın müdrikliyi” və s.
15 iyul 1904 - Görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (29.1.1860 -1904) vəfat edib. “6 nömrəli palata”, “Qılaflı adam” və s. hekayələrin, “Qağayı”, “Vanya dayı”, “Üç bacı”, “Albalı bağı” pyeslərinin müəllifidir.
15 iyul 1924 - Çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayev (1924-2000) anadan olub. "Azərbaycanfilm" kinostudiyasında rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filminə (1962, rejissor Tofiq Tağızadə) çəkilib.

Hazırladı: Vüqar Orxan