Tək elə dünyamızı ümummilli Göz və Sözlə tarixə köçürən jurnalistlərin yox, hamımızın mənəvi-irfani Güzgü-Günü...

Əvvəlcə ərz edim ki, biz jurnalistlər də, bir az dolayısilə, “Ay bərəkallah, nə gözəl canlar”danıq. Məsələn, heç bir sahə mənsubu öz “gün”ünü qutlamağa belə bir minorluqla başlamaz: “Xaricdə qəzet bağlansa, camaat neyləyər? Biri deyər “vay, kor oldum!”, biri deyər “vay, kar oldum!”, biri deyər “vay, lal oldum!”... Bəs bizdə bağlansa? Heç zad, bir məşədi digərinə deyər: “Vaay, Məşədi, bəs şorumuzu nəyə büküb satacağıq?!.”

Bu, o dövrün milli qəm Qələmkeşlərindən birinin (Üzeyir Bəyin) ulu “Əkinçi”mizin doğurduğu onlarca qəzetlərdən birində düz otuz il sonra çap etdirdiyi milli-mənəvi “şəkil”lərimizdən biri...
Bax, bütün canlı-cansız mübtəda, təyin, tamamlıq və zərfliklərimizin XƏBƏR ATASI Həsən Bəy(!)in müqayisəsiz bir rəiyyət əzabkeşliyilə düz 141 il bundan irəli qəzet nəşrinə başlaması həm də (və əsasən!) bu sayaq geriliklərimizdən yana...
Barələrində hər ay, hər həftə, bəzən hər gün bəhs edilən şou əhlindən fərqli olaraq, ildə bir kərə yad etdiyimiz o tutiya Qəzet, sonraların sovet leksikonuyca desək, o dövrkü “məzlum xalq”ın ilk milli bəyan “Ərizə”si, o bəyandar Zat isə -

İlk milli Mətbu-Mirzəsi...

Bu çağlar - o vaxtdan yüz qırx neçə il keçəndən sonra belə, hər hansı bir şəxsi mənafe təyinatlı “proje”yə ərinildiyi halda, o möhtərəm Vətəndaş o boyda müşkül bir ictimai işə qol qoyur...
İndilər - “saçların burda isladılıb Amerikada qırxılma” mümkünlüyü çağlarında belə xariclərə (hətta keyfi-istirahət, nəfi-ticarət üçün) getməyin kimlərəsə çətin gəldiyi halda, ucqar Zərdabdan çıxmış bu maarif-mədəniyyət Koroğlusu şrift və digər çap avadanlığı üçün “dərə-təpə düz” formatı ilə İstanbul səfəri etmişdir...
1970-lərdə ADU (BDU) auditoriyasında başdan-başa milli mahiyyətli ədəbiyyatşünas-alimimiz Abbas Zamanovun dilindən “...bu qanda bir Kişinin sümükləri, bu qədirli bir Zatın qəbri üç dəfə dəyişdirilib” məlumatını eşidəndə sarsılsam da, onun dəfn mərasimindən danışarkən iftixarla dediyi “Üzeyir bəyin dəfninəcən Azərbaycan bu sayda, bu sayğıda və bu ağrıda hüzn mərasimi görməmişdi” ifadələrindən xeyli dirçəldim. Sonra sözünün evini demək istəyirmiş kimi görünən hörmətli professor auditoriyaya cari dövrün məzaqına uyğun bir qıyğacı göz gəzdirib, mühazirəsindən çıxdığı bu “solaxay” haşiyəni bu kəlmələrlə qapadı: “Belə-belə işlər...”
...Sonralar baş vurduğumuz dünya mətbuatı məlumatlarından öyrəndiklərimizə görə, bu fani dünyada “belə-belə işlər” çox az olub...

Belə işlər isə çox;

Məsələn, bizim bu mübarək Söz, Fikir, Təfəkkür əkinçimizin o dövr əkin-biçin, zəhmət-ziraətçi xalqımızın milli oyanışında əvəzsiz rolu olub. O qədər çox ki, çar Rusiyasının siyasi oyaqları onu bu xalqı əkinçilikdən zəka-zəkiçiliyə, proletarlıqdan elitarlığa yüksəltmə təhlükəsi sayıb, iki yol qapatmağa cəhd etmiş, iki il sonra - 1877-ci ilin sentyabrında (guya Rusiya-Türkiyə müharibəsi səbəbi ilə) isə buna nail olmuşlar.
Ayda iki dəfə, cəmisi üç-dörd yüz tirajla və vur-tut ikicə il nəşr edilsə də, o qəzet böyük işlər gördü, derjava -imperiyanın canına vəlvəleyi-həşir saldı və bağlandı...
Lakin o fanilər bu Bani ziya ağacımızın atacağı qol-budaqların qarşısını ala bilmədilər. Möhtəşəm “Əkinçi” əsrimizin sonlarına doğru “Ziya”, “Kəşkül”, “Kaspi” qəzetləri nəşrə başladı. O əsrin aşırında Mirzə Cəlil, Məhəmmədağa Şahtaxtinski, Seyid Hüseyn, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov və başqalarının yeni demokratik mətbuat uğrunda mübarizələri “Şərqi-rus”, “Həyat”, “Açıq söz”, “Azərbaycan” kimi milli qayəli qəzetlər, Azərbaycan mətbuatında siyasi satiranın əsasını qoyan “Molla Nəsrəddin” fütuhatlı, bütün əməkdaşları - əcnəbi mətbuatda “feodal-patriarxal”, “kilkəli-çadralı” damğaları ilə təqdim edilən qadınlarımızdan ibarət olan “İşıq” ad-timsallı jurnallar yarandı.
Çar Rusiyasının süqutu ilə Azərbaycanda Şərqin ilk Demokratik Cümhuriyyəti quruldu, daha demokratik, daha dünyəvi, daha elit spektrli mətbuat nümunələrimiz yarandı. Lakin “biri getdi, biri gəldi” dilemması; sovetlər Rusiyası gəldi. Xalq şairi Rəsul Rzanın “Qayğı” sözü, qayğı özü” paradiqmasından yanaşsaq, həqiqətdə həqiqəti yazmayan “Pravda” qəzetinin ilk nömrəsinin çapdan çıxdığı günü - 5 mayı Mətbuat Günü kimi qeyd etməyi bizə də “imza”latdılar. İndi isə biz, hamıya bəlli olduğu kimi, ilk milli mətbuat orqanımız olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü günü - iyulun 22-sini “Milli Mətbuat və Jurnalistika Günü” kimi qeyd edirik.
Hələ bundan irəliki dövr mətbuatının “atgetməz” yolları! Yeni nəsillərə məlumat üçün deyim ki, dəmir senzuralı, qırmızı-qızartdaq obrazlı o qəzet və jurnallar yalnız bolşevik rejimi və kommunist ideyalarının təbliğilə məşğul olurdu. Hələ “dad”ları bir yana, onların adları! Paytaxtımızın elit-elitarları, uzaq-ucqarlarımızın ağzıdualıları bu ad-ladlarla xəbər-ətərlənirdilər: “Kommunist”, “Kirovabad kommunisti”, “Sovet Naxçıvanı”, “Sovetski Karabax”, “Sosialist Sumqayıtı”, “Lenin yolu”, “Kommunizm yolu”, “Lenin bayrağı”, “Kolxozçu”, “Qırmızı bayraq”, “Pambıqçı”, “Qalibiyyət bayrağı”, “Leninçi”, “Qızıl bayraq”, “Oktyabr bayrağı”, “Kommunist əməyi”...
Milli azadlıq, müstəqillik arzuları daim ayaqda olan, ötən əsrin sonlarında sabiq SSRİ daxilində başlayan “yenidənqurma” ab-havasına daha ayıqlıqla yanaşıb-yararlanmağa başlayan Azərbaycan xalqı ictimai oyanış və qalxımın bu əvəzsiz vasitəsinə - mətbuata da xüsusi önəm verdi. Milli tariximizə misilsiz dirçəliş, kütləvi azadlıq hərəkatı dövrü kimi düşən 1988-1991-ci illərdə özgürlük çağrılı “Azərbaycan”, yeni müstəqil mətbuatımızın qaranquşu hesab edilən digər qəzetlər nəşr olunmağa başladı. Müstəqillik illərimizdə qəzetlərimizin sayı artdı. 1998-ci il avqustun 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə senzura ləğv edildi, 1999-cu ildə KİV haqqında qanun və bu sahədə digər hüquqi-normativ aktlar qəbul olundu. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”na uyğun olaraq 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.
Bir sözlə, 141 il bundan əvvəl dünya mətbuatı şəbəkəsinə 300-400 tirajlıq bir qəzetlə başlayan bu xalqın informativ-elitar xidmətində bu gün minlərlə informasiya vasitəsi - qəzet, jurnal, agentlik, sayt, televiziya, radio vardır...

Tahir Abbaslı