Bu xalqın tale tarixçəsi, daha bir “milli mən”lik doğuluşu - Bakı QURTULUŞU!..

Yetmiş ildən çox “məxfi”, iyirmi ildən çoxdur aşkar bayramladığımız Gün...
Bayramlar - hər hansı bir müşküldən qurtuluşun, çətinlikdən xilasın mənəvi-psixoloji sərgisi. Şəxsisi, ailəvisi, məhəllisi, millisi, qitəvisi, dünyəvisi var. Ən ibtida-lokalları ilə “modern”-qloballarına misal olaraq, anaların (və hər il “ad günü” adıyla qeyd edən balaların) “doğum qurtarışı”nı və bəşəriyyətin faşizmdən xilasını göstərmək olar.
Başlıqdakı tarixçə də məmləkətimizin ən intellekt-elitar, sənaye-bədaye aləmini ehtiva edən paytaxtını... ən azı Azərbaycandan ayırıb ayrıca quberniya etmək cəhdində olan bolşevik-daşnak quldurlarından qurtarışını ifadə edir.
Milli tariximizə qızıl hərflərlə düşmüş bu təqvim-tarixçə öz “mövzusunu” özündən əvvəlki bir çox siyasi olaylardan - daşnak-bolşevik dualizminin törətdiyi kataklizmlərdən, çoxusu qələmdən-yaddaşdan yayınmış səbəblərdən götürmüşdü. O olay və səbəblərin ən qan-qadalısı da ki, bu xalqın heç zaman unutmayacağı məlum soyqırımı - ermənilərin (əlbəttə, bolşeviklərin “dobro”su ilə) Bakıda törətdiyi mart (1918) qırğınları!
O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi. 1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bu həmin hökumət idi ki, onun vaxtında Bakı və ətraf ərazilərdə ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı ağlasığmaz soyqırımı siyasəti həyata keçirilmişdi. Bu qanlı olayın reallaşmasına, artıq bütün soydaşlarımızın bildiyi kimi, daşnak-bolşevik hökumətinin rəhbəri Stepan Şaumyan başçılıq edirdi. İndiki nəsil tarixçilərimizin dedikləri kimi, ermənilərin (və digər yad qüvvələrin) Bakıda yaratdıqları bu xaos 1918-ci ilin avqustunda Denstervilin komandanlığı ilə Bakını zəbt edib, mahiyyətcə Bakı Xalq Komissarları Soveti kimi antiazərbaycan siyasətli “Sentrokaspi” hökuməti yaratmaqla Bakı neftinə sahib çıxmaq, Xəzər dənizini ələ keçirmək, Mərkəzi Asiyaya gedən yola nəzarət etmək niyyətləri güdən ingilislərə də sərf edirdi.
Bu tarixçənin şəhid-şərəf mücrüsündə əbədi arxa-dayağımız Türkiyənin 1130, Azərbaycanın yüzlərlə əsgəri (habelə, bolşevik-daşnak birləşmələrinin qırıb-çatdığı minlərlə dinc-mülki əhalimiz!) yatır. İyirmi ildən çoxdur bu tarixçənin şöhrət dəftər-kitabına əlavə edilən qürur dolu sözlər, mədəni tədbirlər, maddi-mənəvi əməllər isə həmin şəhid-əsgərləri bütün milli gələcəyimizə doğru yaşatmaqda. Öz şəhid və qazisini daim uca tutan Türkiyədəki möhtəşəm törənlərlə, hər ildönümdə bizim Şəhidlər Xiyabanımızda ucaldılmış Bakı qurtuluşçuları - türk əsgərləri abidəsi önündə yüksək rütbəli hərbçilərin, hökumət adamlarının, deputatların, ziyalıların, media mənsubları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali, sevgili anım mərasimləri keçirməklə, Türkiyənin Azərbaycandakı səfirliyinin əsas salonuna Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın adının verilməsi kimi faktlarla, xatirəsinin daha da əzizlənib-əbədiləşdirilməsi üçün Bakıda heykəlinin qoyulması sayaq təkliflərlə, digər sayğı-qayğılarla yaşatmaqda...
Və bütün bunları öz süngüləri, al qan, cismi-can, ad-sanları ilə -

Yazıb-yaşadanlar...

Həmin il mayın sonlarında üç yüz illik çar imperiyası buxovundan qopmuş birliklərdən biri olan “Zaqafqaziya Seymi” dağıldı, mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi və Azərbaycan Xalq Cümhuriyyəti adlanan bu dövləti tanıyan ilk dövlət, məhz Bakının sözügedən qurtuluşunda həlledici rol oynayası Türkiyə oldu.
Qeyd edilməlidir ki, Xalq Cümhuriyyətinin siyasi gündəmindəki ilk və əsas məsələlərdən biri paytaxt məsələsi idi. Belə ki, həmin dönəmdə Bakı şəhəri işğal altında idi və bu səbəbdən də milli hökumətin məhz Gəncədə (müvəqqəti olaraq) fəaliyyətə başlaması barədə qərar qəbul edilmişdi. Lakin bu hökumətin ixtiyarındakı hərbi qüvvənin çox az (cəmi 600 nəfərlik) olması Gəncəni belə işğalçılardan azad etməyə yetmirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət Türkiyə idi. Azərbaycan rəhbərliyi qardaş dövlətin rəhbərliyinə müraciət etdi və 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri Ənvər paşa öz qardaşı Nuru paşaya rəhbəri olduğu hərbi hissələrlə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi.
Bu, əvvəli şərəfli türk və Azərbaycan əsgərlərinin ölüm-dirim savaşı, sonu isə - şöhrətli Bakı qurtuluşu üçün verilmiş hərbi əmr idi. Tezliklə böyük Əhməd Cavad tərəfindən bunun poetik izharı da veriləcəkdi:

Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah!
O Xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri, zəfər, Bismillah!..


Türk ordu hissələrinin Gəncəyə girməsi iyun ayında Azərbaycan milli hökumətinin Tiflisdən bu şəhərə köçməsinə zəmin yaratdı və o, yuxarıda vurğuladığımız kimi, bütün qüvvəsini paytaxt Bakını işğalçılardan azad etmək çabalarına yönəltdi...
Nuru paşanın Azərbaycana gəlişi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrin bizim kürklərimizdən çox fərqli börklərinə xeyli əvvəldən birə salmışdı, rəhbərlik etdiyi Qafqaz İslam Ordusu ilə Bakıya doğru irəliləməsi isə onları Mirzə Ələkbərin məşhur “Qabla dəxi marfaşını, Mir Haşım, Durma, götür, qaç başını Mir Haşım!” vəziyyətinə gətirmişdi. Tərkibi Osmanlı və Azərbaycan əsgərlərindən ibarət bu ordu paytaxtımızın qurtuluşu uğrunda misilsiz şücaətlər göstərdi. Şəhərin xilas mühasirəsinin çox dəqiqliklə həyata keçirilməsinə nail olan bizim komandan ingilis qoşunlarının komandanı Denstervilin xatirələrinə də düşdü: “Nuru paşanın topçuları elə bir dəqiqliklə atəş açırdılar ki, Bakıdakı memarlıq abidələrinin birinə də ziyan dəymədi...”
1918-ci il sentyabrın 15-də - Qurban bayramı günü Bakı işğalçılardan azad edildi. Bu hadisə Azərbaycan tarixinə daha bir milli zəfər günü, dahi Mustafa Kamal Atatürkün sonralar söyləyəcəyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!” fikrinin əyani təsdiqi kimi düşdü. İki gün sonra Azərbaycan hökuməti “müvəqqəti paytaxtımız” Gəncədən Bakıya - əzəli-əbədi siyasət, mədəniyyət, incəsənət mərkəzimizə köçürüldü.
O Günü milli tariximizin universal millətləşmə erasının başlanğıcı kimi də xarakterizə etmək olar. Elə bir çox tarixçilərimizin, milli ziyalılarımızın qənaəti də belədir. Onların fikrincə, əgər həmin xaotik dövrdə Bakı azad edilməsəydi, indi bu şəhərin Azərbaycanın paytaxtı olması sual altında qalardı. Axı, bolşeviklər və xüsusən də erməni daşnaklar Bakını - anamız Azərbaycanın bu ali, baş parçasını qoparmaq, onu “muxtar şəhər”ə və ya ayrıca quberniyaya çevirməyi planlaşdırmışdılar! Bunun nə demək olduğunu bütün “ədəvaları” ilə təsəvvür edə bilirikmi, görəsən? Bakısız Azərbaycan? Bakısız dövlət müstəqilliyi?!
Həmin dövrə məxsus (və bütün gələcəyimizə aid) bu sualları indilər Qarabağa transfer etməklə, yaşasın şanlı 15 sentyabr 1918 tarixçəmiz!

Tahir Abbaslı