Azərbaycanın bütün dünya dinləyiciləri üçün ruhi qidaları, xoş ovqatları...

Cismi əbədi olaraq dahi sələflər dünyasında, ismi əbədi olaraq xələflər aləmində...
“Gedər bir gün bu gözəllik, sənə də qalmaz” deyilir mahnılarının birində. Amma onun bu dünyaya bəxş etdiyi qeyri-adi melodiyalar, özəl-gözəl ritmlər əbədi. Səksən üç illik ömrünün son akkordunadək yaxın-uzaq ətrafına yayımlanan səmimilik, şəxsi-xarakterial bənzərsizlik həmişəlik!..

Sağ ikən əyani-real bir xoş ovqat ünvanı idi Tofiq Quliyev. Böyük tədbirlərdə, irili-xırdalı məclislərdə ayrıca bir canlı “guşə”, alayıca bir “şöbə”, əndazəli ciddiliyilə elani-qadağa, təbəssümü ilə “yaşıl işıq” saçan nüfuzi bir ovqat, ayna bir dünya idi. Bu korifeyimizi mətbuatdan, televiziya kadrlarından tanıyanlar və hələ tanıyasılarçün də xeyli elementlər, mənbələr, xatirələr var: 80 illik yubileyində ümummilli lider Heydər Əliyevin onu necə qiymətləndirməsi, özünəməxsus hərarətlə bağrına basması, haqqında - sənət-sənətkar-zaman kontekstində müdrik kəlamlar söyləməsi, məşhur rus bəstəkarı Solovyov-Sedoyun: “Mənim “Moskva axşamları” mahnımı öz “Bakı - gözəl şəhər” mahnısının kölgəsində qoyan bakılı dahi Tofiq Quliyev!” sözləri, böyük Rəşid Behbudovun “Neçə illərdir Azərbaycanın, xüsusən Bakının mədəniyyət-musiqi nəbzi Tofiq Quliyev ritmi ilə döyünür!” heyrəti və sair və bəndənizin əqlindən fəhminə, ismindən cisminə melodiya kanı hesab etdiyi bu korifey haqda belə bir yarımbaşlığı -

Tofiq-Musiqi - Musiqi-Tofiq...

Qədimdən-qədim musiqi mədəniyyətimizdə yenidən-Yeni - Tofiq Quliyev!
Sənətə gəlişi Ü.Hacıbəyli fenomenli, A.Zeynallı ultralı, Q.Qarayev neo-mogikanlı dövrə təsadüf etsə də, Tofiq Quliyev böyük və çox dinamik Azərbaycan musiqi prosesində “hamı kimi”likdən əlavə, ayrıca bir majorital Yeni oldu. İrs-xronometraj baxımından ölkəmizin bütün fonoteka-filmoteka-“teatroteka” və... “qəlboteka”larında uyuyan (əslində heç zaman uyumayan!) “köhnə”, lakin həmişəmüasir üç-dörd ən məhsuldar Yeni bəstəkarlarımızdan biri.
Bu Melodiya-Adamın oturuş-duruşundan, sir(r)-sifət, söz-söhbət, təhər-tövr və hətta “Gecələr uzun...”, “Sənə də qalmaz” mahnılarını ehtiva edən ömründən də musiqi dalğalanırdı...
Bu uzun və çox məhsuldar ömür dolaylarına qısaca varmalı olsaq, gedib çıxacağıq XX əsrin əvvəllərinə. Onun doğulduğu 1917-ci il Bakısına. Proletar mizraq-mizrablı, “Çadrova” küçəli, “Tarqovı” dardalanlı Bakı dövrünə. Sözümüzü “Gecələr uzun”la sinxronlaşdırsaq, uzunömürlü əsərlər fonunda çox füzun gecə-gündüzlər yaşamalı, “Sənə də qalmaz”a bağlansaq, “gəlimli-gedimli dünya” ladına düşməli olacağıq...
Nə yaxşı ki, notlarının çoxdan çoxu major hiss-duyğular saçır bu nəğməkarın. Bunların fonu isə hər cür minor nastaljidən uzaq! Belədə xatırlayacağıq ki, biz bütün yaradıcı ömrü uzunu dəvət aldığı məclislərin yuxarı başında, xüsusi diqqət-məhəbbətlər nişangahında olan bir sənətkar haqda yazır və oxuyuruq. Fərqinə varacağıq ki, belələrinin cismi müvəqqəti olsa da, ismi əbədidir. Belə bir ismə yiyələnməkçünsə, gərək dünyaya göz açandan Tofiq zəhmətinə qatlaşıb, Tofiq əzminə, Tofiq şəxsiyyətinə malik olub, küll-ətrafına Tofiq Quliyev nuru saçasan. Təbii istedadla həyati çaba-çalışmalar hesabına yeni ladlar, insanın çövhəri hesab edilən iş-güc məhsulları yaradasan. 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki məktəbə gedib, 17 yaşında Konservatoriyaya qəbul edilə, “ən diribaş, zirək, yüksək qavramlı” tələbə adı qazanıb, İttifaq şöhrətli İ.S.Aysberq və S.Q.Ştrasserin siniflərində fortepiano və dirijorluq dərslərinə “si” sürətilə yiyələnəsən!..
Onun gənclik aləmi - sonralar dəstləyib-bəstələdiyi bir sıra ecazkar musiqilərini - dünyada heç bir bəstəkara nəsib olmayan super-şıdırğı taktlarını xatırladır. Konservatoriyada iki il oxuduqdan sonra Üzeyir bəyin xüsusi təşəbbüsü ilə Moskva Dövlət Konservatoriyasına göndərilən 20 yaşlı Tofiq, orada fürsəti fövtə verməyib, məşhur A.Tfasmanın rəhbərlik etdiyi adlı-sanlı orkestrdə diqqət mərkəzinə düşən bir pianoçu kimi fəaliyyət göstərir. İyirmi üç yaşında Bakıya qayıdıb, iki ilə yaxın musiqi-mədəniyyət proseslərində iştirakından sonra, 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaratmaqla, öz qabil “mən”ini elan etmiş olur. 402-ci diviziyanın tərkibində fəaliyyət göstərən bu ansambl üçün vətənpərvər ruhlu mahnılar, döyüşkənlik mayalı marşlar yazır. Səs-sədası tezliklə hər yana yayılan və 1943-cü ildə iki yarıya ayrılıb, ayrı-ayrı diviziyalarda çalışmalı olan bu ansamblın “Qırmızı flot” bölümünün rəhbəri olur.
Qələbədən dərhal sonra iyirmi səkkiz yaşlı bu aqil gəncin qəlbində sənət qələbəliyi başlayır. Gəncliyin ilk baharında geyinməli olduğu hərb-zərb mundirindən “təğyiri-libas” olub, rübabını həmişəyaşar nəğmələr, kantatalar üstə kökləyir. Sülhsevər sənətkar qəlbi yenidən coşur və hələ on il əvvəl (18 yaşında!) bəstəkar Z.Bağırovla birgə fortepiano variasiyalarını işlədiyi muğam-məqam (“Rast”, “Segah”, “Zabul”, “Dügah”) halətlərinə düşür. “Azdram”, “Rusdram”, “Gənc tamaşaçılar” və digər teatrlarla əməkdaşlığa başlayır. Afişalara vaxtaşırı olaraq “Musiqisi Tofiq Quliyevindir” sözləri də yazılır və bu imza yaddaşlara birdəfəlik həkk olunur.

Bu ad-soyad titrlərdə...

Onun kino musiqisi işləri bitib-tükənmək bilməyən bir serialdır. Səksən üç il yaşamış bir sənətkarın adı yetmiş üç filmə düşüb. Bunlardan, heç olmasa, yeddisini - “Bəxtiyar”, “Qızmar günəş altında”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız”, “Nəsimi”, “Qayınana”nı xatırlayaq və birincidəki şən xalları, şux notları yada salaq, “Bəxtiyar”laşmış Rəşid Behbudovun “do”dan “lya”ya qalxıb-düşən həqiqi və rəmzi ifa variasiyalarına, “xalalar”ın əndirəbadi duetlərinə, tutma balerin və balerinanın (məlum “korafəhm” pianoçunun müşayiətilə) rəqslərinin musiqi bəzək-düzəyinə, dəniz neftçilərinin “la-la, la-lala!” nidalarına xəyallanaq. Bəs, bir neçə nəslin “ikinci ana” qismində sevdiyi “Ögey ana”?! Bu qeyri-adi filarmonik filmin musiqi müəllifinin “musiqi dili” hikmətini yenidən dinləməyəkmi? Deməyəkmi ki, o musiqi parçaları, bəzən, İsmayılın ürəkparçalayıcı “Ana! Anacan!!!” fəryadlarından da yanıqlı, təsirli, ssenari dilinin adekvat paralelidir? Hələ İsmayılın meşədə üzü bizə irəliləyərkən əlindəki dirijor çubuğuvari ağac budağının sehrilə səslənən ilahi taktları, o təbiət-filarmoniyada “Quş-lar, quş-lar, nə qəşəng o-xu-yur!” sözlərinə qüvvət kimi gurlayan “bəh-bəh!”ləri!..
Bütün bu xəyali dinləmələrdən sonra, inanmaya bilmirəm ki, hörmətli oxucularımızın könülləri bu dahi bəstəkarımızın öz kəmiyyət və keyfiyyət zənginliyilə seçilən irsindən, A.Zeynallının məsləhətilə M.Ə.Sabirin şeirinə bəstələdiyi ilk mahnısından ta sonuncu şedevrlərinə qədər - hərəsindən bir-iki xal şirə çəkib, bütün şərri-şərablardan daha məstedici sənət gülabından hallanıb-allanıb-güllənmədilər...
Sizi deyəmmərəm, mən bu məqamda bir az da sentimentallaşdım və belə bir üsluba vardım: Onun bircə notunu eşitcək, hər kəs deyəcək; Tofiq Quliyev! Elə ki gördün pianoda, fortepianoda ən usta ifaçı da taktları yığıb-yığışdıra bilmir, - deməli, Tofiq Quliyev! Onun əsərlərinin çalımında piano-fortepianoların şirmayı dilləri sürməyi ağızlarına sığmaz ki! İnstrumental-sentimental rəqsləri zamanı klarnetlərin, saksafonların klapanları “şalako” vurmaqdan bir hovur dincəlməzlər, ha! Budur haa; gah leysan, gah tufan, gah lirikal, gah fizikal yağış-yağmur! Heyf ki, bunları yazıda səsləndirmək, bunlara qələm-dirijorluq etmək olmur...

Tahir Abbaslı