Bunu - Eldəniz Zeynalovun doğum xəbərini eşidən Səməd Vurğun deyib...

İncəsənət adamları səhnələrdə, emalatxanalarda, müxtəlif “pult”lar arxasında yarada-yarada öz obrazlarını da yaradırlar. Bəzilərininki qol-budaqlı roman formulunda olur, bir çoxlarınınkı müxtəsər statik hekayət, bir qismininki də dramatik “şəkil”lərdə...
İndi görək məşhur aktyorumuz, Xalq artisti Eldəniz Zeynalov bu “şəkil”lərdən hansına sahibdir.


Əvvəla

qeyd edək ki, Zeynalov Eldəniz Məmməd oğlunun doğumu da siyasi cəhətdən hədsiz dramatik ilə təsadüf edir; 1 yanvar 1937. Amma həm də “poetik-estetik” şəcərə qapsamında; zamanın ünlü sənətkarı Həsənağa Salayev nəsli çevrəsində. Eldəniz bu doğma dayının təşviq-təşkililə hələ məktəbliykən “Azdram”ın bir çox tamaşasında uşaq rolları oynayıb.
Daha sonra Teatr İnstitutunun aktyorluq fakültəsinə qəbul olunan Eldəniz tələbə ikən “Əhməd haradadır?”da əsas rollardan birinə çəkilib. Ali məktəbi bitirdiyi ildən (1962) Akademik Dram Teatrında işə başlayıb. İlk rolu (“Sevil” tamaşasında Gündüz) ilə teatrsevərlərin diqqət “dövriyyə”sinə daxil olub. Ovaxtdan ta ömrünün sonuna qədər ölkənin baş teatrında olduğu kimi, 50-yə yaxın müxtəlif səpkili filmlərdə, radio-televiziya tamaşalarında, dövrün ictimai ifşa “brend”i sayılan “Mozalan” satirik kinojurnalının saysız-hesabsız süjetlərində də yaddaqalan obrazlar yaradıb.
Azərbaycandan kənarda da kinematoqrafçıların diqqətini cəlb edən görkəmli aktyor “Dulsineya Tobosskaya” (“Mosfilm”), “Təyyarələr enmədi” (“Özbəkfilm”) kimi filmlərə çəkilib. İştirak etdiyi və səsləndirdiyi Azərbaycan filmlərinin sayı isə bir qəzet yazısına sığası deyildir, - deyə, əminliklə söyləyəcəyim bir qənaət naminə, onun özünün məşhur “Ay yoldaş, emotsiya, emotsiya!” (Yaşar Nurinin “Alə, bir az diri oynayın dəə!”) epizodunu və “rejissor”un kəndlilərə umu-küsüylə ərz etdiyi “...belə olar də, xarici kinolara yüz dəfə baxırsız, öz kinolarımıza heç dəfə!” replikasını xatırlatmaq istəyirəm. Qənaətimsə bundan ibarət ki, Eldəniz Zeynalovun - çoxunda əlahiddə-aksental, bir neçəsində maksimum-ştrixal səpki-səviyyədə iştirak etdiyi “Bir cənub şəhərində”, “Əhməd haradadır?”, “Yeddi oğul istərəm...”, “Babamın babasının babası”, “Bəyin oğurlanması”, “Həyat bizi sınayır”, “Yol əhvalatı” və s. filmlərə yüz yoldan çox baxılıb və hələ min dəfələrlə baxılacaq...
Respublikanın Əməkdar artisti, Xalq artisti fəxri adlarına, “Humay” mükafatına layiq görülmüş sənətkar 2001-ci il noyabrın 5-də dünyasını dəyişib.
Bunlar rəsmi mənbə və statistik-kütləvi xatirələrdəki Eldəniz Zeynalov. Qaldı dost-doğma, məxsusi -

“Seçilmiş” xatirələr...

Çox seçkin, özünəməxsus sənət və həyat yaşamış bu aktyorun oğlu (bəzi səbəblərdən layiqincə tanınmayan) rejissor Elbrus Zeynalovun mətbu səhifələrdə çizgilədiyi “Eldəniz Zeynalov obrazı” bir çox maraqlı mətləblərə aydınlıq gətirir. Oğul Zeynalov da, incəsənət ictimaiyyətinin belə bir qənaətini təsdiq edir ki, ata Zeynalovun kinoda yeganə baş rolu, fundamental ekran məhsulu “Bir cənub şəhərində”ki Tofiq obrazı olub. “Elə yaratdığı saysız-hesabsız obrazlar içərisində ən çox bəyəndiyi də məhz Tofiq idi...” - deyir Elbrus.
Ola bilər. Amma zövqlər müxtəlifdir. Məsələn, bəndəniz onun “Əhməd haradadır?” musiqili kinokomediyasındakı “Rəngsaz Əhməd”ini daha rəngarəng-kolorital obraz kimi qəbul edir.
Oğlunun dediklərindən: “Çox zarafatcıl, başdan-başa yumor damarlı, ən bəd kədərini də zarafata çevirən atamın yoxluğunu ciddi məqamlarda daha çox hiss edirəm. Münaqişə sevən adam deyildi, küsülü qalmağı xoşlamazdı. Heç başqalarının da küsülü qalmasına imkan verməz, bir-iki “monoloq” və məhrəmanə dialoqla ayrılmaq ərəfəsində olan ailələri barışdırardı. Təmiz insan idi. Bizə deyirdi, hansı peşədə olursunuz-olun, çörəyinizi halal qazanın. Hərdən “pavilyon” əhvalatlarından da danışardı. Onlardan birini də “mentalitet hekayəti” adlandırırdı. “Bir cənub şəhərində”yə çəkilərkən Tofiq - atam, ssenariyə uyğun olaraq, qızı qucaqlamalıymış. Amma aktrisa buna razılıq verməyib. Rejissor nə qədər israr etsə də, qız “yumşalmayıb” və çəkiliş dayanıb. Atam rejissora pıçıldayıb ki, narahat olma, işıqları söndür, mən onu qəfildən qucaqlayacam. Belə də edirlər. İşıqlar sönən kimi, atam onu necə qucaqlayırsa, qız başlayır qışqırmağa. Rejissor göstəriş verir ki, dayanmayın, çəkin. Bir sözlə, həmin filmdəki o epizod “bədii” deyil; qız həqiqən çığır-bağır edir, qışqırır.
Bir neçə filmdə də macəraları olub, bir çoxu da atamın ziyanına. Məsələn, “Yeddi oğul istərəm” filmindəki Mirpaşa obrazını əvvəlcə ona həvalə etmiş rejissor atamın atdan qorxduğunu biləndə, rolu başqasına verib.
Atamın adını Səməd Vurğun qoyub. Babamgilə qonşu Abdulla Şaiqgildə tez-tez olan şair Yeni ilin ilk gecəsi məclisində “qonşu Məmməd kişinin oğlu olub” xəbərini eşidəndə deyib: “Aya, a Həsənağa (H.Salayev - red.), Aybənizimiz var, Gülbənizimiz var, qoy bu da olsun Eldənizimiz!”
Nəhayət... Dünyasını dəyişəndə yastığı altından bir kağız çıxdı. Yaxın dostları Telman Adıgözəlov və Mikayıl Mirzəyə yazmışdı ki, mən həyatda olmayanda uşaqlarımı sizə əmanət edirəm...”

Belə...

Tez-tez gülər üzünə, şən zarafatlarına, “alayıca süfrə zövqünə” gələn dost-tanışları da, artıq “ölümün döyməyə başladığı” qapısını az açırmışlar. Belə şeylərə təəssüflənsə də, tamaşalarda yaratdığı obrazların hələ də yaddaşlarda yaşamasına, böyük ekran yadigarlarının uzun illər unudulmayacağına əminliyi, onu, başı üstünü kəsdirmiş ölüm kabusu qarşısında “zəlili-məğlubiyyət” duyğularından xilas edirmiş. Qaraciyər serrozu, ağır ürək ağrıları, olmazın ağrı-əzablar yaşayan, şəkər xəstəliyi səbəbindən son günlərində hədsiz dərəcədə arıqlayan Eldəniz həyat eşqi, sənət sevgisi və doğal orqanizm gücü sayəsində dözürmüş. Bir kərə dostlarından birinə deyib ki, məni məndəki çoxsaylı xəstəliklərin “baş qəhrəmanı” öldürəcək. Elə belə də olub. Həmin “baş qəhrəman” isə, teatral terminlə desək, “həyatdan götürülmüşdü”. Belə ki, o, 26 sentyabr 2000-ci ildə aktyor Arif Quliyevlə qastrola (Astaraya) yollanır. Nahar etməkçün maşınlarını Kürdəmirdə saxlayıb, “boğazlarını yaşlamalı” olurlar. Yeməkxanadan çıxıb hündür pilləkəndən ehtiyatsızlıqla düşən Eldəniz yıxılır, qıçı sınır və onu təcili olaraq Bakıya - Travmatologiya və Ortopediya Xəstəxanasına çatdırırlar. Xəstəxanada yatdığı 2 aya yaxın müddətdə çox dramatik məqamlar yaşanır; ürəyi, qara iyəri xəstə, şəkəri, ağrıları olan aktyor ayağında ağır əməliyyata da məruz qalır. Amma ayağını düzgün bitişdirməyibmişlər, düz bir il ağrı ilə yaşayıb, sonra heç gəzib-yeriyə də bilməyib...
Bu ağrılı əhvalatı yüngüllədəsi -

Balaca bir “məşqulat”...

Eldəniz Yaponiyadan gətirilmiş (özü də çox işlənmiş) və sükanı sağda olan bir maşın alır və əlbəəl gəlir Mikayıl Mirzənin yanına ki, getdik “yumağa”. Şıx çimərliyindəki kababxanada yeyib-içib, şəhərə qayıdanda “Azneft”də dayanmış yol milisi (polisi) görür, bir maşın ləngər vura-vura gəlir. Əl eləyib saxlatdırır, Eldənizsə şığıyır onun üstünə ki: “Nə var, alə, nə istəyirsiz, bu camaatdan? Niyə bu zəhmətkeş xalqı incidirsiz? Hələ bu iki böyük sənətkarı demirəm!”
Bu dəm Mikayıl Mirzə maşından düşüb girir Eldənizin qoluna, milis işçisindən üzr istəyib həmkarını çəkir maşına tərəf. Sol qapını açıb Eldənizi “rul” arxasına oturdur, özüsə qayıdır milisin yanına ki, bir az dil-ağız etsin. Deyinə-deyinə əlini sükana atan Eldəniz görür ki, bay, sükan yoxdu. Cəld hərəkətlə düşüb yapışır milisin yaxasından ki: “Bura bax, alə, Eldəniz səninçün hərif-zaddu bəgəm?! Tez elə, rulumu bəri ver!..”

Tahir Abbaslı