Teatr və tamaşaçı. Zaman-zaman aktual problem kimi ortaya qoyulan mövzunun şərhində bizim kütləvi olaraq teatral olmamamız və bu sənətə, səhnəyə marağın uşaq yaşlarından aşılanmaması əsas götürülür. Elə bu məsələ ətrafında A.Şaiq adına Dövlət Kukla Teatrının rejissoru, əməkdar incəsənət xadimi Rəhman Əlizadə ilə həmsöhbət olduq.
   
   
   - Rəhman müəllim, rejissor kimi yaradıcılıq xarakteristikanızdan başlayaq. Sizi rejissorluğa nə gətirdi?
   - Yaradıcılığa uşaqlıq illərindən başlamışam. Hələ o yaşımda teatrlarda gördüyüm tamaşalar məndə bu sənətə maraq yaratmışdı. İlk dəfə “Uzaq sahillərdə” filminə baxanda altı yaşım vardı. Bu kinodan sonra mən məhəllədə uşaqları başıma toplayıb, kiçik səhnələr qururdum. O dövrdə Mixaylo mənim qəhrəmanım idi. Tapançalar düzəldir, döyüş səhnələri hazırlayırdım. Uşaqlara rolları öyrədirdim və özüm də rejissorluq edirdim. Sonra kuklalar düzəltməklə məşğul oldum. Məktəbi bitirinə qədər içimdə böyütdüyüm bu həvəs məni İncəsənət Universitetinin rejissorluq fakültəsinə gətirdi. Bəzən fikrimi dəyişib rəssam da olmaq istəmişəm. Tələbəlik illərində müntəzəm teatr fəaliyyətinə başladım. İlk tamaşamı Mərdəkanda dram dərnəyində hazırladım. Bu, Ü.Hacıbəyovun “Məşədi İbad” komediyası idi. Tamaşanın rejissorluğunu, rəssamlığını özüm etmişdim. O zaman mənim on səkkiz yaşım vardı və orda çalışan rejissorlar məndən çox yaşlı idilər.
   1978-ci ildən bu dərnək xalq teatrı kimi fəaliyyətə başladı. Orada çalışdığım dövrdə iyirmidən çox tamaşa səhnələşdirdim. Dramaturq kimi pyeslərimi də elə o zamandan başlayaraq yazdım. Pyeslərim Gənc Tamaşaçılar, Şəki Dram və Azərbaycan Akademik Milli Dram teatrlarında tamaşaya qoyulub.
   Kukla Teatrında baş rejissor təyin olunmamışdan qabaq “Hamam hamam içində” pyesim səhnəyə qoyuldu. “Sindibadın xoşbəxtlik adasına səyahəti” pyesini isə 1993-cu ildə tamaşaya hazırladım. Burada qırxa yaxın əsərini səhnələşdirmişəm.
   2006-cı ildə Gənclər Teatrına baş rejissor təyin olundum. Teatrda altı əsər səhnələşdirdim. Sonra Kukla Teatrına yenidən baş rejissor kimi qayıtdım və “Yay gecəsində yuxu” tamaşasını səhnələşdirdim. Bu, böyüklər üçün nəzərdə tutulmuş yeganə tamaşa deyil. Bundan başqa, C.Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı” pyesi əsasında “Pırpız Sona” eksperimental tamaşasını, M.F.Axundovun “Xırs-quldurbasan”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, Q.Lorkanın “İblisin nəğməsi” tamaşalarını hazırlamışıq.
   - Teatrlarımızda prodüser fəaliyyətinin zəif olmasının səbəblərini nədə görürsünüz?
   - Bu fəaliyyət növü bizdə hələ formalaşmayıb. Hər pulu olandan prodüser ola bilməz. Prodüser teatral bir şəxs olmalıdır. Filmlərə gəldikdə isə bu proses fərqli gedir. Hollivud filmlərinin demək olar ki, hamısı prodüser filmləridir. O bankdan müəyyən məbləğdə pul götürür və filmin çəkilişinə elə aktyorları dəvət edir ki, onun baxılacağına inanır. Gəliri isə qoyduğu puldan iki qat artıq olur. Bəzən bu cür filmlərdə «Oskar» mükafatını film yox, prodüser alır.
   Prodüser fəaliyyətini studiya tipli teatrlarda həyata keçirmək daha əlverişlidir. Son hazırladığım “Yay gecəsində yuxu” tamaşasının maliyyəsini dövlət təmin etmışdi. Əgər dövlətin belə tamaşaları sifariş etmək üçün imkanı varsa, prodüserə ehtiyac yoxdur. Prodüser daha gəlirli sahə üçün vacibdir. Kimsə yeni tamaşaya pul qoyursa, bu, artıq sponsorluq olur. Prodüser tamaşaya pul qoyursa, o artıq tamaşanın sahibidir və onu istədiyi ölkəyə apara bilər.
   - Əgər sizə belə bir təklif gəlsəydi, necə dəyərləndirərdiniz?
   - Öncə fikirləşərdim. Bu prodüser kimdir, dünyagörüşü necədir...
   - “Yay gecəsində yuxu” tamaşasını səhnələşdirərkən nələri ön plana çəkmək istəyirdiniz, düşüncələriniz alındımı?
   - Əvvəla onu deyim ki, mən bu əsərin tərcüməsini mərhum Hüseynağa Atakişiyevin xahişi ilə 1987-ci ildə etmişdim. O pyesi dram teatrında qurmaq istəyirdi. Lakin əsər Gənclər Teatrında səhnələşdirildi. Kukla Teatrında isə tam fərqli, həm də qısa formada hazırlandı. Demək olar ki, əvvəlki ilə heç bir əlaqəsi yoxdur. O ki qaldı məqsədə, nəyi ön plana çəkmək istədiyimə - V.Şeksprin özü bunu çox gözəl ifadə edib. Burada teatr məsələsi var. Onun “Yay gecəsində yuxu”dan başqa “Tədbirə qarşı tədbir”, “On ikinci yuxu”, “Heç nədən hay-küy” kimi komediyalarında adlarından göründüyü kimi bir nömrəli qəhrəman yoxdur. Əsərlərinin adı abstraktdır. Amma dram əsərlərinin adətən konkret adı olur. Əsər çox vaxt baş qəhrəmanın adı ilə adlandırılır: “Aydın”, “Hamlet”, “Şeyx Sənan” və s. Belə pyeslərdə isə əsasən bir neçə xətt olur. Özü də qəhrəman müəllifin istedadının məhsuludur. Bunlar ruh yüksəkliyi olan tamaşalardır. Yəni onlar “Ölülər”dən, “Müfəttiş” kimi satirik komediyalardan deyil. Yumor çox sönük olur və heç kim acılanmır. Bu pyeslərdə elə də böyük bir ideya yoxdur. Belə əsərlər məlum hadisələr üzərində qurulur. Şekspir intibah dövrünün həyatını komik şəkildə bu cür ifadə edib. Əgər tapdığımız düzgün ifadə forması tamaşaçılar tərəfindən bəyənilirsə, deməli, nəyəsə nail olmuşuq.
   - Kukla Teatrında çalışmaq rejissorlardan uşaqların psixologiyasını öyrənməyi və onlarda məbəd hesab olunan teatra maraq aşılamağı tələb edir. Siz bunun üçün nə edirsiniz?
   - Bunun üçün mən öz uşaqlığımı xatırlayıram. İndiki uşaqları özümdən ağılsız və istedadsız saymıram. Düzdür, mən rejissor, dramaturq olmuşam. Bu o demək deyil ki, onların da hamısı mənim kimi olmalıdırlar. Hətta mən öz uşaqlıq dövrümlə müqayisə etdikdə, nəinki uşaqların dünyagörüşünün daha yüksək inkişaf etmiş formada olduğunun fərqindəyəm... Buna səbəb dərs proqramlarının dəyişdirilməsi və texnologiyanın gətirdiyi yeniliklərdir. Onlar daha fərqli fikirləşir və həyatlarında hər zaman yeni şeylərin olmasını istəyirlər. İndi satışda elə oyuncaqlar var ki, uşaqları teatrdan daha çox maraqlandırır. Ona görə də rejissor tamaşanı hazırlayarkən bunları nəzərə almalıdır. Çünki uşaq teatrda bildiyindən əlavə nəyisə görməyin marağındadır. Tutaq ki, “Tıq-tıq xanım”ı qurursan. Burada kuklaların «xarakteri» o qədər maraqlı olmalıdır ki, uşaq mağazada gördüyü oyuncaqla bunu fərqləndirsin. O zaman ortaya rejissorun bədii yaradıcılığı, fantaziyası çıxmalıdır. Bu isə o qədər də asan iş deyil.
   
   Söhbətləşdi:
   Günel QƏHRƏMANOVA