Sürrealizm - dərk etdiyimiz dünyanın gözəgörünməz reallığı
   
   Qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi, mayın 20-də Potuqaliyada Bissaya Baretto Fondunun təşkilatçılığı və sponsorluğu ilə “Beynəlxalq sürrealizm bu gün” adlı sərgi açılıb. Bu mötəbər sərgidə 31 ölkədən 56 müasir sürrealist rəssamın əsəri nümayiş olunur. Sərgidə həmyerlimiz Mehriban Əfəndinin «Muğam” əsəri də nümayiş olunur. Qeyri-adi istedadı ilə dünyanın sürrealist rəssamlarının diqqət mərkəzində olan rəssam Mehriban Əfəndi ilə yaxından tanış olun.
   
   Mehriban Əfəndi (Əfəndiyeva) Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. İki il Moskva “Soyuzmultfilm” animasiya məktəbində dərs alıb. Öncə özünü kino sahəsində sınayıb. “Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmin - “Özgə vaxt”, “Məkanın melodiyası”, “Otel otağı” və Özbəkistanda çəkilən “Qırmızı qatar” filminin geyim üzrə rəssamı olub. Dünya şöhrətli alman rejissoru Fayt Helmerin “Absurdistan” filmindəki işi 2008-ci ildə Almaniya Kinoakademiyasının “Ən yaxşı geyim üzrə rəssam” nominasiyasında mükafata layiq görülüb.
   İndiyədək Mehriban Əfəndinin əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunub. Hazırda “Azərbaycanfilm” kinostudiyasında çəkilişə hazırlıq şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Rəssamlar İttifaqının, Rusiya və MDB ölkələrinin Kinematoqrafçılar İttifaqının üzvüdür.
   Onunla yaradıcılığı barədə qısa söhbət etdik:
   - “Beynəlxalq sürrealizm bu gün” sərgisi barədə dünyanın bir çox xəbər agentlikləri, mədəniyyət portalları məlumat yayıb. Necə oldu ki, bu sərgiyə dəvət aldınız?
   - Bu sərgiyə seçim iki il əvvəl başlanıb. İnternet saytımda əsərlərimi görən tanınmış portuqaliyalı rəssam, Bissaya Baretto Fondu tərəfindən seçilmiş sərginin kuratoru Santyago Ribero məni sərgiyə dəvət etdi və bildirdi ki, sizin əsərləriniz özünəməxsusluğu, xüsusi rəng çalarları və qeyri-adiliyi ilə seçilir. Sərgiyə 40 rəssam xüsusi dəvət alıb ki, onlardan da biri mənəm. Bu sərginin önəmliliyi həm də ondadır ki, ayrı-ayrı ölkələrdə yaşayıb-yaradan sürrealist rəssamlar bir araya gəlir, bir-birinin yaradıcılığı ilə yaxından tanış olurlar.
   - Sizin üçün sürrealizm nədir?
   - XX əsrin əvvəllərində yaranan sürrealizm rəssamlıqda müasir cərəyandır. Dünya şöhrətli sürrealist rəssam Salvador Dali bu cərəyanın ən parlaq nümayəndəsidir. Sürrealizmin başqa janrlardan əsas fərqi yüksək fantaziyadır. Bu gün realizm üslubu texnika ilə mübarizədədir. Hər bir rəssamın arzusu fərqlənmək, öz sözünü demək, öz fantaziyası ilə insanları heyrətləndirməkdir. Sürreallizm bizim dərk etdiyimiz dünyanın gözəgörünməz reallığıdır.
   - Əsərlərinizin maraqlı adları var: “Sülhə doğru”, “İmpressiya”, “Yaz təranələri”, “Günəşə bənzər”, “Kosmik birləşmələri”, “İlham astanasında”, “Harmoniya”. Sanki siz hansısa mənbədən enerji alırsız və bu enerjini əsərləriniz vasitəsi ilə insanlara ötürürsünüz...
   - Çalışıram əsərlərim vasitəsilə tamaşaçılarıma gözəl enerji bəxş edim. Amerikalı menecerim Tauni Qriner kataloqumu Montana ştatının Biq Fork şəhərində “Spiritual center” ekstrahisslər mərkəzinin direktoru Stivə göstərəndə, o, heyrətə gələrək deyib ki, bizim 200-dən çox üzvümüz var, onların heç birində belə enerjiyə rast gəlməmişəm. Bu təəssüratdan sonra onlar məni Amerikaya dəvət edib fərdi sərgimi açdılar. Sərgi iştirakçıları etiraf edirdilər ki, əsərləriniz xüsusi enerji daşıyıcısıdır.
   - Bəs siz yaradıcılıqda enerjini haradan alırsınız?
   - Kainatda enerji mənbəyi Allahdır. Təəssüf ki, təbiətin harmoniyası pozulduqca, enerji mənbəyi ilə sanki əlaqələrimiz qırılır. Dünyadakı təbii fəlakətlər, təlatümlər əslində bizə xəbərdarlıqdır. Yaxşılıqdan, xeyirxahlıqdan uzaqlaşdıqca öz əlimizlə öz yuvamızı dağıdırıq. Çünki bizə verilən həyat bir hədiyyədir. Dinindən, irqindən asılı olmayaraq bir-birimizə hörmət etməyi, bir-birimizi sevməyi bacarmalıyıq. Əsərlərimin əsas ideyası, məqsədi qəlbimdəki işığı ətrafdakılara paylamaqdır. Rəssamlığı da bu yolda missiya kimi qəbul edirəm.
   
   Təranə Məmmədova