David Uilyam Perri: “Şekspirsiz Molyeri, Molyersiz isə Axundovu başa düşmək olmaz”
   
   I Bakı Beynəlxalq Teatr Konfransı başa çatsa da, bu böyük mədəniyyət hadisəsinin zəngin təəssüratları hələ də davam edir. Xatırladaq ki, konfransda dünya şöhrətli teatr xadimləri ilə yanaşı, görkəmli dramaturqlar, şairlər, yazıçılar da iştirak edirdilər. 
   
   Onlardan biri də ingilis şairi David Perri idi. Şair, yazıçı və tədqiqatçı kimi tanınan David Perri eyni zamanda Mirzə Fətəli Axundovun əsərlərini ingilis dilinə tərcümə edən və “Müsyö Jordan və Dərviş Məstəli şah” pyesinin ingilis teatrında səhnələşdirilməsində xüsusi əməyi olan bir insandır. Konfrans günlərində onunla görüşüb suallarımızı cavablandırmasını xahiş etdik.
   - Xahiş edirəm, öncə özünüz barədə qısa məlumat verəsiniz...
   - Mən şairəm. Böyük Britaniyada Şekspir tərzində yazan və eyni zamanda eksperimental tərzdə əsərlər qələmə alan yazıçı kimi tanınıram. Həm də “Gruntlers” adlı incəsənət qrupunun təsisçisiyəm. Bu qrup postmodernizm formasında yazan şairləri birləşdirir.
   - İndiyədək hansı kitablarınız nəşr olunub?
   - İki kitabım nəşr olunub, həmçinin xeyli elmi-nəzəri yazılarım çap olunub. Bundan başqa mən hazırda böyük azərbaycanlı dramaturqu Mirzə Fətəli Axundovun yaradıcılığı barədə kitab yazıram.
   - Maraqlıdır, necə oldu ki, Axundovun yaradıcılığı ilə tanış oldunuz?
   - Mən Axundovu rus generalı kimi tanıyırdım, amma tələbəm Sənan Əliyev “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin tərcüməsi ilə məni tanış edəndə bu əsər çox xoşuma gəldi. Həqiqətən, şah əsərdir, Avropa tərzində, avropalıların başa düşə biləcəyi bir tərzdə yazılıb. Yeri gəlmişkən, bu yaxınlarda BBC-yə müsahibəmdə yazdığım kitabdan və Axundovun böyüklüyündən söz açmışam.
   - Bildiyimizə görə “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri sizin yaxından iştirakınızla səhnələşdirilib?
   - Avropa-Azərbaycan Cəmiyyəti bu əsərin səhnələşdirilməsinin sponsorlarından biri oldu. Azərbaycanın Londondakı səfiri çox savadlı, ziyalı bir şəxsdir. Bu işdə onun da xidmətləri böyükdür. Axundovun yaradıcılığı çox zəngindir. Onun yaradıcılığı ilə tanış olandan sonra əmin olursan ki, Şekspirsiz Molyeri, Molyersiz isə Axunovu başa düşmək olmaz. Bunlar bir zəncirin həlqələridir.
   “Müsyö Jordan və dərviş Məstəli şah” əsərinin tamaşasını iki dəfə nümayiş etdirdik, ikisində də çox uğurlu alındı. Bu əsəri gələn il daha uzunmüddətli səhnələşdirməyi planlaşdırırıq.
   - Siz “Müsyö Jordan və dərviş Məstəli şah” əsərində həm də Hətəmxan ağa rolunu oynamısınız?
   - Tamaşada iştirak edənlərin əksəriyyəti tələbələrdir. Hər birimiz rolumuzu sevə-sevə oynayırıq. Tərcüməni teatra uyğunlaşdırmışıq, daha ədəbi dildə ifadə edirik. Olduqca maraqlı idi.
   - Mirzə Fətəli Axundovdan başqa Azərbaycan ədəbiyyatında daha kimləri tanıyırsınız?
   - Mən hazırda Azərbaycan ədəbiyyatını böyük maraqla öyrənirəm. Nəsiminin yaradıcılığı ilə maraqlanıram. Məncə, Nəsimi dünya xəzinəsidir. Mən Axundovun yaradıcılığı ilə bağlı kitabı bitirdikdən sonra, Nəsiminin yaradıcılığı haqqında yazmağı fikirləşirəm.
   - Azərbaycana gələndə ilk getdiyiniz yer hara oldu?
   - Gələn kimi ilk getdiyim yer Qobustan oldu. Mən dünyadakı qayaüstü rəsmlərlə bağlı tədqiqatlar aparıram, Azərbaycan qədim tarixə malik önəmli bir ölkədir. Mənim tədqiqatım unudulmuş tarix haqqında olacaq. Avropalılar bu tarixi bilməlidirlər.
   Azərbaycana, ədəbiyyatımıza, M.F.Axundov yaradıcılığına olan sevgisinə görə David Perriyə təşəkkür etdik və uğurlar dilədik. Azərbaycan tarixi, mədəniyyəti, musiqisi ilə Qərbi hər zaman heyrətləndirməyə qadirdir, sadəcə hər birimiz getdiyimiz ölkələrdə mənəvi sərvətlərimizi yetərincə təbliğ etməyi bacarmalıyıq.
   
   Təranə Vahid