Türkiyənin məşhur aktyoru Kivanc Tatlıtuğ:
   «Azərbaycana gəlib burada mənimlə eyni dildə danışan insanları, eyni mədəniyyəti görmək qədər gözəl bir şey yoxdur»
   
   İstanbul Ticarət Festivalının tanıtımı ilə bağlı Bakıya səfər edən Türkiyənin məşhur aktyoru Kivanc Tatlıtuğ «Mədəniyyət» qəzetinə eksklüziv müsahibə verdi. Ünlü aktyor öncə festival və onun ticarət, mədəniyyət, əyləncə tədbiri kimi özəlliklərini diqqətə çatdırdı.
   
   - «İstanbul Shopping Festival” yüksək səviyyədə təşkil olunacaq. İstanbul dünyanın ən gözəl şəhərlərindən biridir. Buraya gələn insanlar təkcə alış-verişə deyil, həm də şəhərin gözəlliyini görməyə gəlirlər. Festival müddətində İstanbulun bazarları, ticarət mərkəzləri 24 saat açıq olacaq, turistlər üçün bir sıra endirimlər ediləcək. 40 gün, 40 gecə davam edəcək festivalda İstanbul bir karnaval şəhərinə çevriləcək. Tədbirlər, əyləncələr, küçələrdə konsertlər, çəkilişlər, minlərlə sürpriz hədiyyələr olacaq. Məsələn, hər iki gündən bir bir şanslı insana avtomaşın hədiyyə ediləcək. Ümumilikdə 20 maşın hədiyyə olunacaq. Mallara 30-40 faiz və daha çox endirimlər ediləcək. Bu festival sadəcə endirimli alış-verişdən ibarət deyil. İnsanlar yeni mövsüm geyimlərinin endirimlərindən faydalanacaq, əylənəcək, moda nümayişləri, konsertlər, çəklişlər, hər yaş qrupunda olan insanlar üçün əyləncə proqramları olacaq. Festival çərçivəsində turistlər həm sərfəli alış-veriş edəcək, həm də İstanbulun zəngin mədəni irsi ilə tanış olacaqlar.
   Rusiya, İran, Azərbaycan, Ukrayna, Səudiyyə Ərəbistanı, Yunanıstan, Rumıniya, Suriya, İraq və digər ölkələrdən insanların tez-tez üz tutduqları İstanbulda bu festival çərçivəsində turistlərə geniş güzəştləri olan, üstəlik vergisiz alış-veriş imkanı təmin olunacaq. Mən «Mədəniyyət» qəzeti vasitəsilə 18 mart-26 aprel tarixləri arasında keçiriləcək bu festivalı internet vasitəsilə izləmək istəyən hər kəsə rəsmi ünvanları vermək istəyirəm: www.isshopfest.com , sosial paylaşma ilə bağlı facebook ünvanımız: www.facebook.com/isshopfest. Twitter ünvanı: www. twitter.com/isshopfest. İnsanlar bu ünvanlardan festivalı izləyə bilərlər. Bir sözlə, “İstanbul Shopping Festival” ticarət, mədəniyyət, əyləncə festivalı olacaq.
   - Maraqlıdır, belə bir möhtəşəm festivalın sözçüsü kimi bir missiyanı necə qəbul etdiniz?
   - Təklifi eşitdiyim zaman ilk növbədə çox sevindim və özümü xoşbəxt hiss etdim. Ölkəm adına, xüsusilə İstanbulda yaşayan və İstanbulu çox sevən, bu şəhərə heyran olan bir insan kimi belə bir imkanı mənimlə birlikdə gerçəkləşdirmək istədikləri üçün təşkilatçılara minnətdarlığımı bildirirəm, belə bir missiyanın mənə həvalə olunduğu üçün böyük məmnunluq duyuram.
   - İstanbul festivalının təkcə alış-veriş deyil, həm də bir mədəni mübadilə olacağını düşünürsünüzmü?
   - Təbii ki. Çünki bu festival bizim həm öz ölkəmizin vətəndaşları, həm də qonşu ölkələrin insanları üçün önəmli bir fürsətdir. Bu səbəbdən festivalın bir çox mədəniyyətləri, fərqli ölkələrin insanlarını bir araya gətirəcəyini düşünürəm. Əlbəttə ki, bu festival mədəniyyətlərin yaxınlaşmasına mühüm bir töhfə, fürsət olacaq. Çox gözəl bir 40 gün, 40 gecə olacaq. Bu festival növbəti illərdə də ənənəvi olaraq keçiriləcək.
   - Kivanc bəy, Azərbaycanda sizi çəkildiyiniz film və seriallardan yaxşı tanyırlar. Buraya gəlişinizdən öncə siz hər bir azərbaycanlı ailəsinin evinə televiziya ekranından daxil olmusunuz. Əslində, Azərbaycan sizin üçün yad ölkə də deyil. Siz bu yaxınlığı və təbii bağları necə dəyərləndirirsiniz?
   - Əvvəlcə deyim ki, bu, Azərbaycana ilk gəlişimdir. Lakin ilk gəlişimdən buranı çox sevdim. Doğrudur, çox gəzmək imkanım olmadı. Amma mənim Türkiyədə çoxlu azərbaycanlı dostlarım var. Onların arasında Türkiyədə yaşayan, işlə bağlı Türkiyəyə gəlib-gedənlər də var. Bu üzdən Azərbaycana gəlib burada mənimlə eyni dildə danışan insanları, eyni mədəniyyəti görmək qədər gözəl bir şey yoxdur. Burada özümü öz doğma ölkəmdəki kimi hiss edirəm, ən xoş hisslər keçirirəm.
   İnsanlarınız çox mehriban, istiqanlıdırlar. Mən hətta “insanlarınız” belə demək istəmirəm. Yəni bu elə bizim insanlarımızdır, çox qonaqpərvər, səmimi, gülərüz və mülayimdirlər. Mənim filmlərimi izləyənlərə, heyranlarıma qəzetiniz vasitəsilə böyük təşəkkürlər edirəm.
   - Filmlərdən söz düşmüşkən, siz «Gümüş», «Aşk-ı Memnu», «Ezel» kimi filimlərinizlə ölkəmizdə bir məşhurluq qazanmısınız. Bu üzdən sizin yaradıcılığınız təbii ki, Azərbaycan tamaşaçısına çox maraqlıdır. Bizə məlum olduğu qədər siz əvvəlcə basketbolla məşğul olmusunuz, sonra model sahəsində uğur qazanmısınız, sonda isə aktyor kimi məşhurlaşmısınız. Bu fəaliyyət sahələrindən hansı sizə daha çox maraqlıdır?
   - Artıq 2002-ci ildən basketbolla məşğul olmuram. Modelliyə gəlincə, bu sahə ilə təxminən ilyarım məşğul olmuşam və artıq illərdir ki, bu sahədə də çalışmıram. Bunların hər birinin önündə mənim üçün önəmli olan aktyorluq sənəti var və bu sahədə işləməyimdən böyük zövq alıram. Özümü ifadə edə bilməyim mənim üçün ən önəmli bir amildir. Həyatımın sonunadək aktyorluq etmək fikrindəyəm: kinoya çəkilmək, teatrlarda oynamaq istəyirəm. Çalışıram ki, aktyor kimi çox şeylər öyrənim.
   - İlk dəfə rol aldığınız film hansı olub və ümumiyyətlə, bu günə qədər oynadığınız rollardan sizin üçün doğma olanı hansıdır?
   - Bu suala cavab vermək üçün bir qədər düşünməyim lazımdır. Mənə elə gəlir ki, bu rollardan heç biri mənə daxilən, ruhən doğma deyil. Çünki onların heç biri mən deyiləm. Əgər mən olsaydım, «Gümüş»də Mehmet deyil, «Aşk-ı Memnu»da Bəhlul deyil, «Ezel»də Sekkiz deyil, Kivanc olaraq oynayardım. Doğrudur, bənzər tərəfləri var. Amma çox da yox. Əks-təqdirdə bu filmlərdə özümü oynar, özümü ifadə edərdim.
   - Yaxın gələcəkdə fəaliyyətinizdə hansı yeniliklər gözlənilir, hansı layihələri həyata keçirməyi düşünürsünüz?
   - Hazırda “İstanbul Shopping Festival” ilə məşğuluq. Bundan əlavə, bu il iki yeni filmdə rol almışam. İyun və iyul aylarına çəkilişlərə başlayacağıq.
   - Bəs Azərbaycanda necə, hansısa layihədə iştirak etməyi düşünürsünüz?
   - Mənim üçün hekayənin və ssenarinin gözəl olması vacibdir. Haradan, hansı ölkədən gəlməsinin heç bir önəmi yoxdur. Eyni zamanda, təbii ki, Azərbaycanda özümü öz evimdəki kimi hiss etdiyimə görə ssenarini bəyənsəm, burada da filmə çəkilmək istərdim.
   - Son olaraq qəzetimiz vasitəsilə Azərbaycan xalqına nə söyləmək istərdiniz?
   - Mənim çəkildiyim flimləri, serialları seyr etməyə davam etsinlər və bunun üçün sizlərə təşəkkür edirəm. Bütün Azərbaycan xalqını İstanbula, möhtəşəm ticarət festivalında iştirak etməyə dəvət edirəm. Eyni zamanda, xalqınızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm.
   
   Mehparə