Çingiz Abdullayev: «Bəzi yazıçılar özləri öz pulları ilə kitab çap edirlər, sata da bilmirlər»
   
   23 aprel Dünya Kitab və Müəllif Hüquqları Günü (World Book and Copyright Day) kimi qeyd edilir. Bu gün 1995-ci ildə UNESCO tərəfindən dünya şöhrətli söz ustaları - ingilis şairi və dramaturqu Uilyam Şekspirin, ispan yazıçısı Migel de Servantesin və perulu məşhur tarixçi-yazar İnka Qarsilaso de la Veqanın xatirəsinə ehtiram olaraq təsis edilib. Onların hər üçü eyni gündə, 1616-cı ilin 23 aprelində vəfat ediblər.
      
   Hər bir yaradıcı insanın öz əsərinə müəlliflik hüququ var. Bu, insan və vətəndaş hüquqları anlayışının mühüm bir tərkib hissəsidir. Müəllif hüquqlarının qorunması beynəlxalq konvensiyalarla tənzimlənir. 23 aprel - Dünya Kitab və Müəllif Hüquqları Günü Azərbaycanda 2001-ci ildən qeyd olunur.
   Müasir dövrdə kitab həm də hər bir xalqı beynəlxalq arenaya çıxaran və onu təbliğ edən bir vasitədir. Xalq bir çox hallarda dünya miqyasında öz yazıçılarının əsərləri ilə tanınır. Azərbaycanın da dünya miqyasında tanınan yazıçı-şairləri, müəllifləri hər zaman olub və bu gün də var. Bəs bu sahədə müəllif hüquqları nə dərəcədə qorunur?
   Bu sualla hazırda dünyada kitabları ən çox oxunan azərbaycanlı müəllifə, Xalq yazıçısı Çingiz Abdullayevə müraciət etdik. Çingiz müəllim bu sahədə vəziyyətin o qədər də ürəkaçan olmadığını dedi: “Mənim kitablarımı çap etməyə icazə verdiyim adamlarla rəsmi müqaviləm var. Çıxan bütün kitabların xüsusi qrifi, ticarət nişanı olmalıdır. Oxuculara qəzetiniz vasitəsilə demək istəyirəm ki, üz qabığı qara rəngdə çıxan kitabların hamısı “pirat” nəşrlərdir. Kitabları kompyuter tərcümə proqramları vasitəsilə çox aşağı səviyyədə tərcümə edib çap edirlər. Mən başa düşürəm ki, bunların hamısı gəlir əldə etmək üçündür. Amma qoy bunu edənlərin bir az da insafları olsun. Kitabın kompyuterlə tərcüməsi elə bir pis vəziyyətdə olur ki, sonra mənə zəng edib deyirlər ki, bu niyə belədir. Mən də deyə bilmirəm ki, bunlar möhtəkirlərin çap etdikləri kitablardır. Öz etirazlarımı kəskin şəkildə bildirməklə yanaşı, Müəllif Hüquqları Agentliyinə, polisə də müraciət etmişəm».
   Azərbaycanda müasir dövrdə yazılan bədii əsərlərə də münasibət açıqlayan yazıçı bu qənaətdədir ki, yaxşı kitab oxunmalıdır: “Vaxtilə biz tələbə olarkən hətta cırılmış kitabları da tapıb oxuyurduq. İndi vəziyyət dəyişib, kitab da, rəng də, poliqrafiya da yüksək səviyyədədir. Amma kitab oxunmur. Kitab yalnız o vaxt kitabdır ki, onu oxumaq istəsinlər. Əgər onu oxumaq istəmirlərsə bu, qrafomanlıqdır. Yazıçılar özləri öz pulları ilə kitab çap edirlər, bunu sata da bilmirlər. Bu, acınacaqlı faktdır».
   Ç.Abdullayevin narazı olduğu bir məqam da var ki, o da Azərbaycanda mütaliəyə marağın zəif olmasıdır: «Sankt-Peterburqda bu yaxınlarda sorğu keçirilmişdi, məlum olmuşdu ki, əhalinin 63 faizi kitab oxuyur. Bu faktın açıqlanması onlara pis təsir etmişdi və demişdilər bunun səbəbi şəhərə gəlmələrin çoxluq təşkil etməsidir. Əks halda bu rəqəm 80-90 faiz olar. Qonşu Gürcüstanda 49 faiz əhali kitab oxuyur. Azərbaycanda isə göstəricinin 11 faiz olduğu deyilir. Məncə, bundan da azdır».
   Yazıçı ölkəmizdəki mütaliə faizinin aşağı olma səbəblərini də göstərir: “Səbəbləri çoxdur. Biz əlifbanı neçə dəfə dəyişmişik. Kitab oxuyan bir nəsli itirmişik. Digər tərəfdən özümüz az yazırıq, az tərcümələr edirik. Bu gün dünyada ən çox satılan və oxunan kitablar Harri Potter haqqında kitablardır. Bu əsərlərin bir cümləsi də dilimizə tərcümə olunmayıb. İslandiyada 300 min adam yaşayır, orada bu kitabı tərcümə ediblər. Mən Pen-klubun prezidenti olan kimi elan etdim ki, biz çoxlu tərcümələr etməliyik. İlk növbədə uşaqlar nağıl, detektiv, fantastika, macəra kitablarını mütaliə etməlidirlər. Bütün bunları biz özümüz etməliyik. Nobel mükafatı laureatlarının əksəriyyətini tanıyıram. Onların əsərləri dilimizə nə qədər tərcümə olunub? Sizə adi bir fakt deyim. Yazıçılar Birliyinin qurultayına tanınmış yazıçı Orxan Pamuku da dəvət etmişdik. Orada danışanda bildi ki, Azərbaycanda onun kitablarını rus dilində oxuyublar. Bundan sonra nə danışaq? Sonradan Yazıçılar Birliyi onun əsərlərini Azərbaycan dilinə tərcümə etməyə başladı».
   Yazıçı Bakıdakı kitab mağazalarının azlığından da gileylidir: “Amerika prezidenti Gürcüstana gələndə onu kitab mağazasına aparırlar. Bakıda vaxtilə 118 kitab mağazası olub. İndi çox azdır. Ona görə də kitab mağazalarını da bərpa etmək lazımdır».
   
   Mehparə