Günay Kılıc: “Hər bir ananın uğuru ölkənin uğuru deməkdir. Ana iki uşaq yetişdirəndə ölkəyə iki dəyərli vətəndaş verir”
   
   Hər il may ayının ikinci bazar günü Türkiyədə Analar Günü qeyd edilir. Bu əlamətdar gün maraqlı tədbirlərlə müşayiət olunur, analara təbrik mesajları ünvanlanır. Ötən il bu bayram Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıcın təşəbbüsü ilə ilk dəfə Bakıda da qeyd edildi. Bu il də Analar Günü paytaxtımızda qeyd olunacaq. Bu ərəfədə Günay Kılıcla görüşüb bayramın tarixçəsi, mahiyyəti barədə söhbət etdik. Günay xanım türk dünyasının analarına təbrik diləklərini ifadə etməklə söhbətə başladı:
      
   - Öncə Türkiyə və Azərbaycanın, bütün türk dünyasının analarını salamlayır, onların bayramını təbrik edirəm. Bu bayramın maraqlı tarixçəsi var. O, ötən əsrin əvvəlində Amerikada qadın hüquqları uğrunda aparılan mücadilə ilə bağlıdır. 1907-ci ilin mayında Filadelfiyadan Anna Carvis adlı amerikalı qız erkən itirdiyi anasının xatirəsini yaşatmaq məqsədilə dövlət orqanlarına müraciət edərək “Analar günü” təsis olunması təşəbbüsü ilə çıxış edir. Təklif edir ki, ilin bir günü anaların şərəfinə bayram edilsin. Bu təşəbbüsü ilk olaraq 1910-cu ildə Virciniya ştatı qəbul edir və mayın ikinci bazar günü “Analar bayramı” kimi qeyd olunur. Tədricən bu təşəbbüs bütün Amerikaya yayılır və 1914-cü ildə prezident Vudro Vilson mayın ikinci bazar gününü Amerika analarının şərəfinə bayram günü elan edir.
   Bundan sonra bu bayram bütün dünyaya yayılır. Təbii ki, Analar Gününün qeyd olunma tarixi hər ölkədə eyni deyil. Bir çox ölkələrdə fərqli tarixlərdə keçirilir. Amma bu tarix əksər ölkələrdə mayın ikinci bazar gününə təsadüf edir. Türkiyədə də mayın ikinci bazar günü Analar Günü qeyd olunur və bu gün 1955-ci ildən rəsmiləşdirilib.
   - Ötən il sizin təşəbbüsünüzlə Bakıda keçirilən Analar Günü Azərbaycanda da ictimai maraq yaratdı. Bu səbəbdən Türkiyədə bayramın necə qeyd olunması haqqında bir qədər geniş danışmağınızı istərdik...
   - Öncə bunu deyim ki, ötən il qeyd edilən Analar Günü TÜSİAB-ın qadınlar təşkilatının təşəbbüsü ilə düzənlənmişdi. Bu il də bayramı qeyd etmək üçün hazırlıq işləri görülür. Türkiyədə də həmin gün ilk növbədə analarımızı təbrik edirik. Bildiyiniz kimi, insan böyüyüb öz ailəsini qurduqdan sonra yaşam şərtlərinə görə valideynlərindən, anasından uzaq düşür. Hər birimiz müxtəlif şəhərlərdə öz həyatımız, işimizlə məşğul oluruq. İmkan düşdükcə analarımıza baş çəkir, hal-əhval tuturuq. Bu baxımdan Analar Günü bayramının özəl bir mənası var. Bu gün hər kəs anasını təbrik edir, yaxındadırsa onu ziyarət edir. Uzaqdadırsa zəng edir, hədiyyələr göndərir. Kiçik uşaqlar belə rəsmlər çəkərək bununla analarını təbrik edirlər. Amma önəmli olan ana ilə birlikdə olmaq, onun xeyir-duasını almaqdır. Əslində, ilin digər günlərində də insanlar analarını axtarıb-arayarlar. Amma təbii ki, Analar Günü fərqli bir duyğudur. Bu bayramda dünyasını dəyişən anaların məzarları ziyarət edilir.
   - Belə çıxır ki, Türkiyədə həmin gün qadınlar deyil, yalnız övlad sahibi olan analar təbrik edilir...
   - Türkiyədə Analar Günü dediyimiz zaman sadəcə analar deyil, bütün qadınlar anılır. Yəni bu gün münasibətilə xala-bibilərimizi, bacılarımızı da təbrik edirik. Demək istəyirəm ki, Türkiyədə Analar Günü elə Qadınlar Günü kimi qeyd olunur. Yəni övladı olmayan biri də öz yaxın qohumundan təbrik ala bilər. Bir qadın heç ailə qurmasa belə, o ana hesab oluna bilər. İş həyatında iş yoldaşları ilə münasibətlərdə, məsləyində bir anadır. Müəllimə şagirdlərinin anasıdır. Analıq təkcə övlad sahibi olmaq anlamına gətirilməməlidir. Analıq duyğusu qadının yaradılışında var.
   - Həyat yoldaşınızın vəzifə missiyası ilə bağlı dünyanın bir çox ölkələrində olmusunuz. Müqayisə aparanda türk anasının hansı özəllikləri meydana çıxır? Onu digər xalqların analarından fərqləndirən xüsusiyyətlər hansılardır?
   - Ana, hər şeydən öncə, ana olmasının fərqindədir. Ana sevgidir, şəfqətdir. Amma bu övladının 18 yaşına çatmasına qədər sürən bir analıq deyil. Bu, ölənə qədər davam edən bir duyğu, bir sevgi, bir borcdur, vəzifədir. Heç bir türk anası öz övladına «sən 18 yaşına çatmısan, artıq evdən çıx», deməz. Bu bizim türk analarının bir özəlliyidir. Uşaqlarımızın neçə yaşı olursa-olsun, biz onlara maddi və mənəvi dəstək verir, daima onların qayğıları ilə bir olmağa çalışırıq.
   - Bəs ananın ailədə mövqeyi nədən ibarətdir?
   - Türk qadını ailədə hər zaman yerini mühafizə edər, hər zaman ailədə güclüdür. Onun yeri ailədə hər zaman hörmət və ehtiram doğurur. Anadolunun ən ucqar köşələrinə, kəndlərinə də getsəniz, orada qadın güclüdür və ayaqdadır. Səhərdən başlayaraq axşama qədər günəşin altında çalışar, amma vaxt tapıb evə gələr, uşağını yedizdirər. Həm çalışır, həm də uşağını böyüdər, tərbiyə edər. Türk qadını təhsilli olub-olmamasından asılı olmayaraq, ailədə hər zaman söz sahibidir. Hər zaman uşaqlarının üstündə nəzər-diqqəti var və ata da bundan xəbərdardır. Ata evdən çıxdığı zaman düşünür: «Mənim gözüm arxada qalmır, xanımım uşağa yaxşı baxacaq». Ata bununla da anaya güvənir.
   - Günay xanım, uşaqlardan söz düşmüşkən, Türkiyədə uşaqların təlim-tərbiyəsində əsas vəzifə daha çox ananın, yoxsa atanın üzərinə düşür?
   - Ümumilikdə götürdükdə qadın yaradılışı etibarilə anadır. Tanrı anaya elə bir duyğu, elə bir hissiyyat verib ki, o uşağı böyüdərkən heç bir sıxıntını özünə dərd etmir. Çünki o uşağın sevgisi ana üçün hər bir şeyin əvəzini verir. Hər yerdə olduğu kimi, Türkiyədə də övladı böyüdən anadır. Ana daha çox duyğusaldır. Uşaqla ana arasındakı bağ hələ o dünyaya gəlməmişdən öncə yaranır. Bunu bir atanın hiss etməsi bir qədər çətindir. O duyğunu ana öz uşağına süd verərkən də hiss edir. Ana öz övladına daha çox yaxındır. Bu səbəbdən uşağın tərbiyəsi ilə daha çox ana məşğul olur. Hamımız övladlarımızı böyük sevgi ilə yetişdiririk. Onları Vətənə, torpağa sevgi ruhunda böyüdürük. Biz bir torpağın insanıyıq, bir vətənə bağlıyıq, köksüz deyilik. Vətənə sevgimiz çox böyükdür. Amma bu sevgi içi boş bir sevgi deyil. Hər sevginin böyük bir məsuliyyəti də var, əks halda o sevgi yaşamaz. Biz uşaqlarımızı sevgi ilə birlikdə məsuliyyətimizi də dərk edərək yetişdirməyə çalışırıq. Bəlli bir yerə özünü bağlı hiss etməyən, köksüz hiss edən bir uşağın xəyal dünyasını hiss etmirəm. Bir yerə aidiyyətinin olması lazımdır. Bu bütün canlı aləmdə belə deyilmi? Bir vətən ancaq ona duyulan sevgi, sayğı və məsuliyyətlə qoruna bilər. Bunların da meydana gəlməsində ananın rolu əsasdır. Bu rolu Mustafa Kamal Atatürk belə ifadə etmişdi: «Məni də bir ana dünyaya gətirmədimi? Türk anaları daha neçə Mustafa Kamallar dünyaya gətirəcək».
   - Ötən il Bakıda Analar Gününü qeyd edərkən bir neçə atalar sözünü dilə gətirmişdiniz. Analarla bağlı belə maraqlı və dəyərli deyimləri bu dəfə də dilinizdən eşitmək maraqlı olardı...
   - Bütün dünyada qadınlarla, analarla bağlı atalar sözləri, məşhur şəxsiyyətlərin səsləndirdikləri ifadələr var. Məsələn, Məhəmməd peyğəmbər deyib ki, Cənnət anaların ayaqları altındadır. Bunun o qədər dərin ifadəsi var ki... Çin atalar sözündə isə deyilir: “Yüz adam bir ev tikər, onu bir qadın yuvaya çevirər”. Türk mədəniyyətində qadın gözəl döyüşçü kimi də təsvir edilir. Bu qadın həm də bir anadır. Bunun da mənası odur ki, ana hər zaman güclü olmaq zorundadır. Məsələn, qazaxlar deyir: “Birinci zənginlik sağlıq, ikinci zənginlik isə qadındır”. Bütün türk dünyasında “Hər güclü kişinin arxasında bir qadın dayanır” sözü var. Yəni “qadın ağıllı və həyat yoldaşına dəstək verəndir”. Napoleon isə deyib ki, mənə yaxşı analar verin, sizə yaxşı vətəndaşlar verim. Biz deyirik: “Ana kimi yar olmaz, Vətən kim diyar olmaz”. Bu ifadə həm ananı, həm də vətəni birlikdə ifadə edir.
   - Türkiyə cəmiyyətində qadın necə bir yer tutur?
   - Bütün dünyada, Avropada qadının hüquqi, qanuni haqlara sahib olmaq üçün necə bir mücadilədən keçdiyini bilirik. Amma Türkiyədə qadınlar Avropadan daha öncə bəzi haqları aldılar. Ölkəmizdə uzun zaman öncədən bir dəyişmə başladı. Sizə bir misal göstərim: əvvəllər Türkiyədə təhsil müəssisələrində oxuyan qızların sayı çox az idi. Məsələn, mən Şərqdə liseyin sonuncu sinfində oxuyarkən (1970) sinifdə cəmi 4 nəfər qız var idi. Amma indi belə deyil. İbtidai məktəbdə, liseydə və universitetdə qız və oğlanların sayı yarıbayarıdır. Bu rəqəm yalnız ixtisaslara görə fərqlənə bilər. Amma say eynidir. Bununla belə, Türkiyədə də qızların təhsil almasını istəməyən ailələrin olduğunu bilirik. Bu ailələrin maariflənməsi üçün həm dövlət səviyyəsində, həm qeyri-hökumət təşkilatları tərəfindən çox böyük işlər görülür. Hər yerdə və hər fürsətdə qızların təhsil almalarının vacibliyi anladılır, maddi və mənəvi dəstək verirlər. Mən Analar Günü vasitəsilə bütün ailələrə, xüsusilə də atalara, “qız uşaqlarınızı oxudun, onların təhsil almalarına əngəl olmayın” demək istəyirəm. Unutmasınlar ki, kişilərin təhsili də qadınların əlindədir.
   - Analar Günü ərəfəsində analarımıza nə arzu edərdiniz?
   - Bütün anaları, türk dünyasının analarını bir daha təbrik edirəm, onlara cansağlığı, xoşbəxtlik, uğurlar, başarılar arzu edirəm. Ana başarılı olacaq ki, övladı da başarılı olsun. Çünki doğum günündən başlayaraq övlad anadan örnək alır. Biz də onlarla varıq və bu vətən də onlarla var. Hər bir ananın uğuru isə ölkənin uğuru deməkdir. Ana iki uşaq yetişdirəndə ölkəyə iki vətəndaş verir, iki sonra dörd olar və bu rəqəm getdikcə çoxalar. Məşhur fransız yazıçısı Viktor Hüqo deyib ki, “Qadınlar zəifdir, analar isə qüvvətlidir”. Mən bütün analara qüvvətli, sağlıqlı ana olmalarını arzu edirəm.
   
   Mehparə