Professor Aygün Attar: “Azərbaycan və Türkiyə olaraq tariximizdə müştərək olan bütün məqamlara diqqət yetirməli, ortaq tariximizin qürurverici faktlarını təbliğ etməliyik”
   
   Uzun müddətdir ki, Türkiyədə yaşayan həmyerlimiz, tarixçi, professor Aygün Attar elmi fəaliyyəti, araşdırmaları ilə iki qardaş ölkə arasında mədəni əlaqələrə öz töhfəsini verir. Türkiyənin Giresun Universitetinin ədəbiyyat fakültəsinin dekanı və prorektorudur. Soydaşımızın bu yaxınlarda doğma vətənə gəlişi də Azərbaycanın dövlət müstəqilliyinin bərpa etməsinin 20-ci ildönümü münasibətilə Türkiyədə yaşayan azərbaycanlılardan bəhs edən kitabın hazırlanması ilə bağlı idi. Fürsətdən istifadə edib onunla elmi-pedaqoji fəaliyyəti, Azərbaycan-Türkiyə mədəni əlaqələri barədə söhbət etdik.
      
   - Aygün xanım, artıq neçə illərdir ki, Türkiyədə həm elmi-pedaqoji, həm də ictimai fəaliyyətinizlə tanınırsınız. Türkiyəyə bağlılığınız necə yarandı?
   - Bakı Dövlət Universitetini bitirdikdən sonra elmi işimin mövzusu Türkiyə ilə bağlı olduğu üçün tez-tez bu ölkədə elmi ezamiyyətlərdə olurdum. Sonra ailə qurub Türkiyədə yaşamağa başladım. Həyat yoldaşım əslən Cənubi Azərbaycandandır. Türkiyədə bir sıra universitetlərdə müəllim kimi çalışmışam. Hazırda Giresun Universitetinin professoru, ədəbiyyat fakültəsinin dekanı və eyni zamanda prorektoruyam. Bu, dövlət universitetidir. Fakültəmizdə 11 bölmə fəaliyyət göstərir. Onu da deyim ki, doktorluq dissertasiyamı Rusiya Elmlər Akademiyasında müdafiə etmişəm.
   - Bakıya budəfəki gəlişiniz Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə Türkiyədə yaşayan azərbaycanlılardan bəhs edən kitabın hazırlanması ilə bağlıdır. Bu bərədə bir qədər ətraflı məlumat verməyinizi istərdik.
   - Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Türkiyədə yaşayan azərbaycanlıların tarixindən bəhs edən kitab hazırlanmasını planlaşdırır. Kitabın 1828-1930-cu illəri əhatə edən bölümünü yazmaq mənə həvalə edilib. Məndən başqa iki türkiyəli alim də kitabın yazılmasında iştirak edəcək. Onu da deyim ki, Türkiyədə yaşayan azərbaycanlıların tarixi bu günə qədər əhatəli araşdırılmayıb. Türkiyədə təxminən 3 milyona yaxın azərbaycanlı türkü yaşayır. Amma onların Türkiyəyə mühacirətlərinin səbəbləri, hazırda cəmiyyətin hansı sahəsində çalışmaları ilə bağlı məqamlar ətraflı tədqiq olunmayıb. Mən Azərbaycan siyasi mühacirətinin Türkiyədəki fəaliyyəti ilə bağlı doktorluq dissertasiyası müdafiə etmişəm. Yəqin bu sahədə mənim tədqiqatlarımı nəzərə alıb məni bu kitabın yazılmasına dəvət ediblər. Digər tərəfdən, mən 20 ildən artıqdır ki, Türkiyədə yaşayıram. Ona görə də Türkiyədə yaşayan azərbaycanlı bir alim olaraq bu işi mənə həvalə ediblər. Kitabın yazılması ilə bağlı Türkiyədə Osmanlı dövrünün arxivində, eləcə də Rusiyada, Sankt-Peterburqda arxivlərdə işləmək lazımdır. O zamankı tarixi sənədlərin bir çoxu burada saxlanılır. Təbii ki, tədqiqatla bağlı Azərbaycana da gəlib-gedəcəyəm.
   - Türkiyədə yaşayan bir azərbaycanlı, eyni zamanda, elm adamı olaraq tarixi baxımdan yanaşanda ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?
   - Təbii ki, bu münasibətlər ən yaxın dostluq, qardaşlıq münasibətləridir. Mən də bir alim olaraq bu münasibətlərin daha da inkişaf etməsi, möhkəmlənməsi üçün əlimdən gələni edirəm: elmi məqalələr yazır, Türkiyədə elmi konfranslar keçirir, televiziya proqramlarında çıxışlar edirəm. Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu, geniş bir coğrafiyaya yayılmış böyük bir millət olduğu üçün özümüzü çox yaxşı tanımağımız lazımdır. Ona görə də tariximizdə müştərək olan bütün məqamlara diqqət yetirməyimiz, ortaq kədərlərimizi, sevinclərimizi paylaşmağımız gərəkdir. 1918-ci ildə Nuri Paşa və Xəlil Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik işğalından azad etdi, 1100-dən çox Osmanlı türkü burada Azərbaycanın istiqlalı uğrunda həlak oldu. Eyni zamanda, Türkiyənin Sakaryada, Çanaqqalada ölüm-qalım savaşı apardığı zaman azərbaycanlılar da onlarla çiyin-çiyinə savaşdı, şəhid oldu. Bunların hamısı türk tarixinin, ortaq tariximizin qürurverici faktlarıdır. Bu tarix indiki və gələcək nəslə nümunədir, örnəkdir. Türkiyə ilə Azərbaycanın bu qədər bir-birlərinə yaxın olmalarını, özlərini bir millət olaraq görmələrini həzm edə bilməyən kənar güclər var. Onlar çalışırlar ki, hansı yolla olursa-olsun iki ölkənin münasibətlərinə kölgə salsınlar, xoşagəlməz işlər ortaya ataraq iki qardaş millətin arasını vursunlar. Təbii ki, biz də bu cür cəhdlərə imkan verməməliyik. Ona görə də bugünkü gənc nəslin, siyasət və elmlə məşğul olanların yorulmadan tariximizin qürurverici faktlarına müraciət etmələri lazımdır. Mən də bir elm adamı kimi bu yolda əlimdən gələni edirəm.
   - Ümumilikdə götürdükdə Türkiyədə və Azərbaycanda ziyalılar bu məsələdə nə dərəcədə aktivdirlər?
   - Bu məsələyə birmənalı qiymət vermək çətindir. Əlbəttə, hər iki tərəfdə ictimai fəallıqdan uzaq olan, sadəcə “çalışım və maaşımı alım” deyən insanlar da var. Amma bununla birlikdə hər iki tərəfdə bu yöndə yorulmadan, usanmadan iş görmək istəyən insanlar, xüsusilə gənclər və ziyalılar var. Mənə elə gəlir ki, tale mənə bir missiya verib: Şimali Azərbaycanda doğulmuşam, Cənubi Azərbaycandan soydaşımızla ailə qurmuşam, indi Türkiyədə yaşayıb-yaradıram. Yəni mənim taleyim bir növ türk dünyasının birliyini simvolizə edir. Ona görə də mən taleyimin mənə təqdim etdiyi bu yolda üzərimə düşən vəzifəni yerinə yetirmək istəyirəm.
   - Aygün xanım, bir qədər də elmi işlərinizdən danışmağınızı istərdik...
   - Mənim ilk elmi işim Türkiyədə yaşayan azərbaycanlılar, Azərbaycan siyasi mühacirəti, Xalq Cümhuriyyəti dövründə və sonra Türkiyəyə gedən azərbaycanlılar haqqında olub. Məqalələrimdə İrəvan xanlığı da daxil olmaqla qədim türk torpaqlarının tarixinə dair faktları qələmə alıram. Zəngəzur torpağının necə rus-erməni işbirliyi ilə Azərbaycandan qoparıldığını, Türkiyə və Azərbaycanı ayrı salan o dəhlizin ermənilərə verildiyini elmi məqalələrimdə əks etdirmişəm. Qarabağ problemi mövzusunda “Ermənilər və erməni siyasəti” adlı kitab yazmışam. Bu kitab Türkiyədə ictimaiyyətin böyük diqqətini çəkdi. Güney Azərbaycan mövzusu da elmi araşdırmalarımda diqqət mərkəzimdədir. Bu mövzuda “İranın etnik tərkibi” adlı bir kitab yazdım. Kitab Qərbdə beynəlxalq münasibətlərə dair nəşrlər arasında nüfuzlu “Newsweek” jurnalı tərəfindən tövsiyə olunan 112 kitab arasında 76-cı sırada yer alıb. Qarabağ ortaq dərdimiz, qanımıza, canımıza hopmuş kədərimizdir. Ona görə də hər il bir neçə dəfə Qarabağ məsələsi ilə bağlı elmi konfranslar təşkil edir, dərslərimdə bu məsələni hər zaman tələbələrimə anladıram. Türkiyədə “Xocalı soyqırımı” mövzusunda bir elmi dissertasiyaya rəhbərlik etdim və uğurla müdafiə olundu. Türkiyədə Xocalı həftəsində 6 gün - fevralın 21-dən 26-dək - 6 ayrı şəhərdə konfrans keçirdim. TRT Avaz vasitəsilə Xocalı faciəsini anlatdım. Bütün bu işlər məni azacıq da olsa rahatladır. Hesab edirəm ki, bu məsələdə kiçik də olsa bir işin altına imza atmışam.
   - Siz Azərbaycanı Türkiyədə həm də bir diaspor nümayəndəsi kimi təmsil edirsiniz. Bu barədə nə deyə bilərsiniz?
   - Mən Azərbaycan əsilli Türkiyə vətəndaşıyam. Gördüyüm bütün işləri də iki ölkə arasında münasibətlərin inkişafı üçün edirəm. Xaricdə yaşayan hər bir azərbaycanlı Azərbaycanı, onun mədəniyyətini, milli-mənəvi dəyərlərini, əxlaq və tərbiyəsini təmsil edir. İşlədikcə, fəaliyyət göstərdikcə, təbii olaraq diasporun bir nümayəndəsinə çevrilirsən. Əgər sizlər məni diasporun bir nümayəndəsi kimi görürsünüzsə, buna sevinirəm.
   
   Mehparə