Mayın 27-də Xalq şairi, görkəmli nasir, “Şöhrət” ordenli Söhrab Tahirin 85 yaşı tamam olur. 1926-cı ildə Cənubi Azərbaycanın Astara şəhərində doğulan ədib zəngin bədii yaradıcılığa malikdir, onlarla poemanın, mindən çox şeirin, roman və povestlərin, hekayələrin, yüzlərlə publisistik məqalənin müəllifidir. Yubiley öncəsi Xalq şairi ilə görüşüb söhbət etdik:
   
   - Söhrab müəllim, necə oldu ki, ədəbiyyata, poeziyaya gəldiniz?
 
  - Ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi inqilabda mən də atam Əbülfəzlə yaxından iştirak etmişəm. Milli hökumət qurularkən mənə təşkilati şöbənin işləri tapşırıldı. “Qüdrətli qoşun” adlı ilk şeirimi elə o vaxtlar yazmışdım. Bir gün Pişəvəri məni çağırıb dedi ki, ərizə yazıb zabit olmaq istədiyini bildirmisən, arzunu yerinə yetiririk. Milli hökumətin baş prokuroru Firudin İbrahimi də (sonralar Mirzə İbrahimov “Gələcək gün” romanında onun obrazını yaratdı) orada idi, üzündəki xoş təbəssüm indiyə kimi gözümün qabağındadır. Pişəvəri səsini bir qədər ucaldıb davam etdi: “Başa düşürsən də, səni qızıl Bakıya göndəririk, başını təhsillə zənginləşdirib qızıl edəsən, Təbrizə qayıdıb “Qızılbaş” ordusunda (milli hökumətin ordusu belə adlanırdı) xidmət edəsən. Düz üç dəfə “qızıl” sözünü vurğuladı…
   - Bakıya nə zaman gəldiniz?
   - 1946-cı ilin aprelində Bakıya gəldim. Sovet İttifaqı müharibədən yeni çıxmışdı, burada, Azərbaycanda da əhalinin vəziyyəti ağır idi. Mən də xalqla birlikdə çətinliklərə sinə gərdim. Hərbi təhsili başa vurduqda isə Pişəvəri hökuməti artıq süquta uğramışdı. Burada qalmalı oldum. Zərbəçi komsomolçu dəstələrində dəmir yol xətlərinin çəkilişində, Sumqayıt, Mingəçevir şəhərlərinin tikintisində və s. quruculuq işlərində iştirak etdim. Sonralar bütün bunlar “Gəncliyim, hardasan?” poemasında öz əksini tapdı. Əsər “Kommunist” qəzetində çap olundu. Bəzən onu oxuyan insanlar məni axtarıb tapır, yaxından tanış olmaq istəklərini bildirirdilər. Əlbəttə, bütün bunlar məni çox ruhlandırırdı.
   Getdikcə buranın həyatına alışır, ədəbi mühitinə qaynayıb-qarışırdım. Azərbaycan (Bakı) Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub beş il təhsil aldım. Sonra məni Məmməd Arazla birlikdə Moskvaya - Qorki adına Ədəbiyyat İnstitutuna kursa göndərdilər. Orada təhsili başa vurub geri dönməyə hazırlaşanda bizə Moskvada qalıb işləmək təklif olundu. Yaxşı məvacib, ev, gözəl şərait vəd edirdilər. Bir gün səhər yuxudan qalxanda radionu açdım. “Koroğlu” uvertürasını verirdilər. Onun ardınca “Orta Cəlili” saz havası səslənəndə Məmmədi oyatdım. Yaman kövrəlmişdim. Məmmədin də gözləri yaşarmışdı. Dedim Məmməd, biz burada qalsaq kim bizə ana dilimizdə “can qardaş” deyəcək, biz kimə “can bacı”, “can ana” deyib müraciət edəcəyik? Bütün bu gözəlliklər bizdən uzaq düşəcək, bu qədər məsafədən ondan necə mənəvi qida ala biləcəyik? “Düzdü” deyib Məmməd də sözümü təsdiqlədi. Beləcə Bakıya qayıtmağa qərar veridik.
   - Sonrakı yaradıcılıq fəaliyyətinizdən danışaq...
   - 1956-cı ildə “Ay işığında” adlı ilk kitabım nəşr olundu. Sonra digər kitablarım çıxdı. Sovet dövründə 40-dan çox kitabım işıq üzü görüb, 1958-ci ildən Yazıçılar İttifaqının üzvüyəm. Hazırda tam külliyatım 19 cilddə nəşr olunub, hələ bir neçə cild də çap ediləcək. Mənim özümə həsr olunmuş 200-dən çox şeir var ki, onlar da həmin cildlərin birində veriləcək. 19-cu cilddə mən onları ərsəyə gətirən bütün müəlliflərə zəhmət çəkdiklərinə görə təşəkkürümü bildirmişəm.
   Müxtəlif illərdə Yazıçılar İttifaqının idarə heyətinin üzvü, poeziya bölməsinin rəhbəri olmuşam, universitetdə, Qırmızı Aypara cəmiyyəti və s. yerlərdə şeir dərnəklərini aparmışam. İndi Azərbaycanın tanınmış şairləri olan Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Malik Fərrux və digərləri həmin dərnəklərin fəal üzvləri idilər. Bəzi dərgilərin redaktoru olmuşam. Tez-tez Azərbaycan ədəbiyyatının təbliği məqsədilə qonşu respublikalara səfər edirdim. Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza, Cabir Novruz (hamısının ruhu şad olsun), Nəriman Həsənzadə və digər şairlərlə ailəvi dostluq etməyimiz mənə tədricən həsrəti unutdurmuşdu, doğmalaşmışdım bu tay Azərbaycanla. Beləcə, aylar, illər ötdü, prezident Heydər Əliyev məni “Xalq şairi” adına layiq gördü. Allah ona qəni-qəni rəhmət eləsin, çox həssas, diqqətcil insan idi. Tədbirlərdə bir neçə dəfə onunla görüşmüşəm. Həmişə də şeirlərimə maraq göstərdiyini, rəğbətlə yanaşdığını hiss etdirirdi. Sağ olsun, ölkə prezidenti İlham Əliyev də mənim əməyimi, yaradıcılığımı yüksək qiymətləndirərək “Şöhrət” ordeninə layiq gördü.
   - Qələminizi həm şeirdə, həm də nəsrdə sınamısınız, bu, hansı zərurətdən irəli gəlib?
   - Şeir kitablarım çıxandan sonra düşündüm ki, bütün dərdləri şeir dililə demişəm. Gördüklərimi monumental şəkildə vermək niyyəti ilə roman və digər nəsr əsərləri yazdım. Onlar da oxucular tərəfindən maraqla qarşılandı. “Qonşu qızın məktubları” romanım çapdan çıxanda Lerikdən bir oxucum gəlib məni tapmışdı. Həmin kitabı əldə etmək üçün ona yardımçı olmağımı istəyirdi. Deyirdi, kəndlərinə cəmi bir kitab gəlib çıxıb, onu da qızlar beş yerə bölüb oxuyurlar. Hələ çap edilməyən “Müdür qızı” adlı bir romanım da var, inşallah, o da külliyatımda işıq üzü görər. Poemalarımda isə əsasən II Dünya müharibəsinin qəhrəmanlarının, əmək adamlarının surətlərini canlandırmışam.
   - Dönüb arxaya baxanda keçdiyiniz həyat yolunu necə qiymətləndirirsiniz?
   - Həmişə nikbin olub zarafat etsəm də, həm o tayda, həm də bu tayda ağır həyat yolu keçmişəm. Vağzalda yatdığım günlər də olub. Amma heç vaxt şərəf və ləyaqətimi itirməmişəm. İstər Cənubi Azərbaycanda, istərsə də burada - həmişə bütün varlığımla xalqa xidmət etmişəm. Ağır və məşəqqətli olmasına baxmayaraq bir də dünyaya gəlsəydim, yenə elə bu yolu seçib belə yaşayaram.
   - Oxuculara nə demək istərdiniz?
   - XXI əsr texnologiya dövrüdür. Təbii ki, texnikaya çox üstünlük verilir, oxucular zəngin şüura malikdirlər. Onlara bir tövsiyəm var - Azərbaycan ədəbiyyatını həmişəki kimi əziz tutsunlar, ona biganə olmasınlar.
   - 85 illiyinizi necə qarşılayırsınız? Bu yaşda ürəyinizdə daha hansı arzular var?
   - Hər hansı yubiley tədbiri keçirilməsini istəmədim. Telefon zəngləri ilə çoxlu təbriklər gəlir. Bu təbriklər mənə çox xoşdur, hər kəsə minnətdaram. Arzulara gəldikdə isə... İstərdim ki, tezliklə torpaqlarımızı azad edək, o yerlərdə yenidən bayrağımız dalğalansın. Mən həmişə Azərbaycanın istiqlaliyyətini görmək istəmişəm, bütün həyatımı ona həsr etmişəm. Hələ sovet dönəmində yazırdım ki, Azərbaycan BMT-də öz bayrağı, nümayəndəsi İlə təmsil olunmalıdır. Şükür ki, o günü gördük. Azərbaycanın istiqlaliyyəti həmişə ömrümün amalı olub.
   - Biz də sizi 85 illiyiniz münasibətilə təbrik edib ürəyinizdəki bütün arzuların həyata keçməsini diləyirik.
   - Təşəkkür edirəm.
   
   İradə Əsədova