Ekaterina Mazmişvili: “Gürcü teatrı emosiyalar üzərində qurulan teatrdır”
   
   Özünəməxsus tarixi və mədəniyyəti olan gürcülər həm də dünyada teatra, kinoya xüsusi marağı və sevgisi olan bir xalq kimi tanınır. Kote Marcanaşvili adına Gürcüstan Dövlət Dram Teatrının direktoru Ekaterina Mazmişvili ilə söhbətimiz də elə teatr barədədir. Direktor öncə teatr barədə məlumat verdi:
   
   - Bu gün Gürcüstanda 36 teatr fəaliyyət göstərir ki, onlardan biri də bizim teatrdır. 83 illik tarixi olan teatrımız gürcü teatrı məktəbinin böyük simalarından biri, tanınmış rejissor Kote Marcanaşvilinin adını daşıyır. Bu illər ərzində teatrımız bir neçə inkişaf mərhələsi keçib və gürcü teatr məktəbinin ən yaxşı ənənələrini qoruyub saxlamağa çalışıb.
   - Yunanlar teatrı böyüklər üçün məktəb adlandırırdı. Bu gün necə, teatr bu missiyanı daşıya bilirmi?
   - Teatr nəinki böyüklər üçün məktəbdir, eyni zamanda həyatın bir parçasıdır, canlı sənətdir. Bu xüsusiyyətlərinə görə teatr incəsənətin başqa sahələrindən fərqlidir və deyərdim ki, irəlidir. Biz çalışırıq ki, teatr həyatın bir parçası olsun və tamaşaçı teatrdan zövq alsın. Teatr həm də milli ruhun daşıyıcısıdır. Bir xalqın, bir millətin min illər boyu yaratdığı, formalaşdırdığı dəyərləri teatr səhnədə nümayiş etdirir, yaşadır.
   - Bu gün teatr barədə müxtəlif fikirlər mövcuddur. Bir qrup insanlar belə düşünür ki, teatr Şekspirin “olum, ya ölüm” dilemması qarşısındadır. Başqa qrup insanlar isə belə düşünürlər ki, teatr canlı sənət olduğu üçün ölümsüzdür. Siz nə düşünürsüz?
   - Mən belə hesab edirəm ki, teatr artıq bu dilemmanı həll edib. XXI əsr internet və texnologiya əsri olsa da, teatr öz aktuallığını qoruyub saxlayıb. İnsanlar işdən çıxıb evdə oturmaqdansa, teatra gəlib tamaşalara baxmağa üstünlük verirlər. - Teatrın təməli dramaturgiyadır. Sizdə bu gün yetərincə dram əsərləri yazılırmı?
   - Teatrın təməli dramaturgiyadır. Sizdə bu gün yetərincə dram əsərləri yazılırmı?
   - Mən deyərdim ki, bizdə müasir dramaturgiya ürəkaçandır, yaxşı əsərlər yazılır. Sonluğu bəlli olmayan və tamaşaçıları düşündürən əsərlər teatrı tamaşaçılara sevdirir.
   - Yeri gəlmişkən, gənc, gözəl xanımın qocaman bir teatra rəhbərlik etməsi maraqlıdır...
  
 - İxtisasca sənətşünasam. Bizdə gənc nəslə daha çox yer verilir, daha çox etimad göstərilir. Biz də çalışırıq ki, bu etimadı doğruldaq.
   - Repertuarınızda klassik, yoxsa müasir əsərlərə daha çox yer verirsiniz?
  
 - Gürcü teatrı emosiyalar üzərində qurulan bir teatrdır. Daha çox psixoloji tamaşalara üstünlük veririk. Burada oyun manevri, rejissor işi fərqlidir. Tamaşaçının tələbatını ödəyən, zövqünü oxşayan əsərlərə daha çox yer verilir. Teatr insanları heyrətləndirməkdən çox, düşündürməlidir. Tamaşaçı teatr üçün darıxmalıdır.
   - Bu yaxınlarda teatrınız Azərbaycanda qastrol səfərində oldu, eyni zamanda Akademik Milli Dram Teatrı sizin qonağınız oldu. İstərdim təəssüratlarınızı bölüşəsiniz?
   
- Biz mədəniyyət körpülərini bərpa etməli, müştərək işlər görməli, teatr sənətinin inkişafı üçün atılan yeni addımlardan bəhrələnməliyik. Qarşılıqlı əlaqə, sənət mübadiləsi inkişaf üçün yeni yollar açır. Teatr insanları birləşdirir. 34 ildən sonra teatrımız Azərbaycanda qastrol səfərində oldu. Səfərlə bağlı olduqca xoş təəssüratlarım var. Akademik Milli Dram Teatrının Gürcüstana səfəri də ürəyimizcə olan bir səfərdir. İnanırıq ki, bundan sonra da hər iki teatr arasında əlaqələrimiz daha sıx olacaq, sənət uğurlarımızı tamaşaçılar qarşısında nümayiş etdirməyə imkanımız olacaq.
   
   Təranə Vahidqızı