Vidadi Muradov: “Xalça sənətimizin gələcəyini təmin etmək üçün çoxlu sayda mütəxəssislər yetişməlidir”
   
   Xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Arxeoloji materiallar və yazılı mənbələr göstərir ki, ölkəmizdə xalçaçılıqla hələ eramızdan əvvəl I minillikdə məşğul olublar. Xalçalarımız haqqında Herodot, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat veriblər.
   
   XIII-XIV əsrlərdən etibarən xarici ölkələrə ixrac edilən xalçalarımız dünyada şöhrətini uzun illər saxlayıb. Azərbaycan xalçası bu gün də xalq tətbiqi sənətimizin ən zəngin irsinin daşıyıcısı kimi dünyada məşhurdur. Ötən il milli xalçaçılıq sənətimizin UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi buna bariz sübutdur.
   Eyni zamanda, o da bəllidir ki, bu sənətin inkişafı, yaşadılması, istər ölkəmizdə, istərsə də dünyada daha geniş təbliği üçün hələ çox işlər görülməlidir. Bununla bağlı mütəxəssis rəyini bilmək maraqlı olardı. Tanınmış xalça tədqiqatçısı, sənətşünas alim, "Azər-İlmə" MMC-nin direktoru Vidadi Muradovla söhbətimiz bu barədədir.
   
   - Vidadi müəllim, xalça sənəti ənənəsi bu gün Azərbaycanda necə yaşayır?
   - Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. Xalça sənətimiz dünyada tanınır. Bu işə dövlətin mühüm dəstəyi var, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə milli xalça sənətimizin dünyada təbliği üçün böyük işlər görülür. Azərbaycanın xalçaçılıq mədəniyyətinin qədim tarixi var. Bunu dərindən öyrənmək, təbliğ etmək lazımdır. Sözsüz ki, bu sahədə mütəxəssislərin üzərinə ciddi məsuliyyət düşür. İndi xalça sənəti ilə bir çox bölgələrdə məşğul olurlar. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hər bir toxunan xalça tarixi bədii-elmi əhəmiyyət kəsb edən əsər deyil. Bunun üçün zəruri şərtlər var. Məsələn, əgər bu gün xalçaçı evdə oturub, təbii ip və boyaqdan istifadə edərək qədim çeşnilərdə olan, eləcə də öz təxəyyülünün məhsulu olan naxışlar, rəsmlər çəkməklə xalça toxuyursa, bu, bədii-elmi əhəmiyyətlidir. Yox əgər süni ip, boyaq və rəssamın çəkdiyi süni kağız parçasının çeşnisindən istifadə edirsə, əlbəttə ki, bu, bədii əhəmiyyətdən uzaqdır. İnsanları öyrətmək lazımdır ki, xalça toxuyarkən təbii ipdən, boyaqlardan, xalçalarımızda olan qədim çeşnilərdən istifadə etsinlər. 100-200 il bundan əvvəl nənələrimiz xalça toxuyanda millimetrik kağızdan istifadə etməmişdilər axı... Əgər bunlara əməl olunmasa, 100 ildən sonra bu gün toxunan xalçaların bədii-tarixi-elmi əhəmiyyətindən danışa bilmərik. Xalça toxuyanları bu istiqamətdə yönəltmək lazımdır.
   - Vaxtilə xalça sənəti həm də bir çox ailələrin gəlir, dolanışıq mənbəyi olub. Ağır zəhmət bahasına başa gələn xalçalar əsl sənət nümunəsi kimi qiymətləndirilib, xarici səyyahlar, tacirlər tərəfindən alınıb aparılıb, bu gün də xalçalarımız dünya muzeylərini bəzəyir. İndi necə, xalçalarımıza xaricdən çoxmu müştəri çıxır?
   - Xalçanın toxunması ilə yanaşı, onun satışı da çox mühüm məsələdir. Satış nə qədər çox olarsa, həmin xalça, onu toxuyanın adı, sanı da dünyada bir o qədər geniş tanınar.
   Bizim ustalarımız o qədər çox və gözəl xalça toxumalıdırlar ki, onu dünyanın hər yerindən əcnəbi müştərilər alsınlar. Yəni xalçaçılıq eyni zamanda bir gəlirli sənət sahəsi kimi inkişaf etməlidir. Hazırda xarici ölkələrlə iqtisadi əlaqələr sürətlə inkişaf edir, iş adamları üçün bu sahədə geniş imkanlar var. Sadəcə, yerli icra orqanları yerlərdə onlara yol göstərməli, kömək etməlidirlər. Biz də mütəxəssis olaraq bu sahədə iş aparırıq, müxtəlif rayonlara gedir, xalçaçı ustalarla görüşürük. Çalışırıq ki, milli xalça sənətimiz inkişaf etsin.
   - Xalçanın satışı necə tənzimlənməlidir?
   - Bu işlə xalça sənətini bilən tacirlər məşğul olmalıdır. Vaxtilə belə tacirlər olub, amma sovet dövründə xalça tacirliyi olmayıb, bu iş unudulub. İndi bizdə xalça tacirliyi yenidən bərpa olunmalıdır. Gərək Azərbaycanda 15 min kvadrat metr xalça toxuna ki, xarici bazarın tələbatını ödəyə bilək. Yoxsa 100-200 kvadrat metr xalça ilə xarici bazara çıxmaq olmaz.
   Bir məqamı da deyim ki, xalçaçılığı yalnız xalçaçı-rəssamın nəzarətinə vermək olmaz. Ona görə ki, o, portret, fərdi rəsm çəkir, xalqın sənətindən isə o qədər də xəbərdar deyil. Azərbaycanda tarixən xalça sənətinin Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbləri olub. Bu gün həmin məktəblərin bəziləri barədə müəyyən bilgiyə malik olmaq əsl xalça ustasının yetişməsi üçün yetərli deyil. Hər bir xalça məktəbinin öz toxucuları olmalıdır.
   - Yəni xalçaçılıq sənətinin inkişafı üçün ilk növbədə bu sahədə çoxlu mütəxəssis yetişməlidir?
   - Əlbəttə. Bu gün bizdə xalça mütəxəssisləri azdır, bu sahə bir növ cəlbedici sayılmır. Halbuki xalçaçılıq sənəti gəlirli sahədir. Amma bir məqam da var ki, bunun üçün əvvəlcə kapital sərf etməlisən ki, sonra gəlir əldə edəsən. Yüz illərdir ki, xalqımızın adı xalça ilə birlikdə çəkilir, xalçalarımız dünya muzeylərini bəzəyir. Tez-tez deyirik ki, vaxtilə Azərbaycan xalçalarını aparıblar, indi xarici muzeylərdə saxlayırlar və s.
   O halda elə xalçalar toxunmalıdır ki, bu boşluq dolsun. Keyfiyyətli, qiymətli xalçalar toxumaq lazımdır ki, həmin xalçaların yerini tutsun. Bu gün xalça sənəti o qədər yüksək səviyyədə olmalıdır ki, bütün dünyanı dolaşsın. Muzeydə olan xalçalar turistlər üçündür. Amma gözəl xalçalar toxuyub təbliğ etmək üçün həm də onları satmalıyıq.
   - Bu yaxınlarda Azərbaycan və ingilis dillərində "Azərbaycan xalçaları: Qarabağ qrupu" kitabınız çapdan çıxıb. Bildiyimizə görə, apreldə Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyinin Parisdə keçirdiyi bayram tədbirində sizin kitabınız da təqdim olunub. Bununla bağlı nə deyə bilərsiniz?
   - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Heydər Əliyev Fondu və ölkəmizin Fransadakı səfirliyi Parisdə bayram tədbirləri keçirdi. UNESCO-nun iqamətgahında Azərbaycan xalçaçılıq sənətinin nadir nümunələrini əks etdirən sərgi avropalılara təqdim olundu. Burada XIV əsrdən başlayaraq Avropada tanınmağa başlayan və sənətsevərlərin diqqətini cəlb edən Azərbaycan xalçalarının günümüzə gəlib çatan nümunələri, o cümlədən Qarabağ xalçaçılıq məktəbinin nadir inciləri sərgilənirdi. Mənim kitabım da həmin tədbirdə təqdim olundu.
   İlk növbədə minnətdarlıq hissləri ilə vurğulamalıyam ki, bu kitab mədəniyyətimizin, o cümlədən xalça sənətimizin də hamisi olan Heydər Əliyev Fondunun "Azərbaycan xalçaları bütün məktəbləri ilə" layihəsi çərçivəsində nəşr olunub. Qarabağ xalçaçılıq məktəbinə həsr edilən kitabda bu bölgəmizin tarixi, burada xalçaçılığın təşəkkülü, inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri əksini tapıb. Qarabağ xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etmək üçün nadir xalçalardan ibarət zəngin illüstrativ materiallar, dünya muzey və şəxsi kolleksiyalarında saxlanan xalça, ipək tikmələrin fotosurətləri ilə birlikdə toxunduğu yer və toxuyanın özü barədə Azərbaycan və ingilis dilində bilgi verilib. Kitabda əks olunmuş xalçaların əsas hissəsini "Azər-İlmə" MMC-nin "Sehrli ilmələr" qalereyasının Qarabağ xalçaları kolleksiyası əsasında bilavasitə "Azər-İlmə"də toxunan xalçalar təşkil edir. Təqdim olunan hər bir tarixi xalçanın təsviri və texniki göstəriciləri də əlavə edilib. Kitabda verilmiş bütün materiallar Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, bu irsin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edir. Bu kitab artıq 40-dan çox ölkədəki tərəfdaşlarımıza, xalça tədqiqatçılarına, bu sahəyə dair institut, beynəlxalq qurum və nəşrlərə göndərilib.
   - Azərbaycan xalçaçılıq sənətinin gələcəyini necə görürsünüz?
   - Yuxarıda qeyd etdiyim kimi, bu sənətin gələcək inkişafını təmin etmək üçün çoxlu mütəxəssislərimiz olmalıdır. Hazırda Azərbaycanda Təbriz xalça məktəbi ətrafında çoxlu mütəxəssis var. Amma o biri xalça məktəblərimizi yaddan çıxarmaq olmaz. Mən rəssam deyiləm, amma Qazax, Qarabağ, Borçalı, Quba, Gəncə, Zaqatala, İrəvan xalçalarını tanıyıram, bu işin taciri, ekspertiyəm. 35 ildir ki, xalçaçılıq sənəti ilə məşğulam. 1995-ci ildə 15 nəfərlik işçi ilə təməli qoyulan bu "Azər-İlmə" MMC-də hazırda 750 nəfər işçi çalışır. Təsəvvür edirsiniz, Pakistanda ildə 70 min kvadrat metr xalça toxunur, bizdə 10 min kvadrat metr toxunsa dünyanın xalçaçılığının 2-3 faizini əhatə edə bilərik. İran, Türkiyə, Hindistan dünyanın ən böyük xalça ixracatçılarıdırlar. Hər yerin xalçası həmin yer üçün əzizdir, bizim xalçalar isə hamısından gözəldir. Ümidvaram ki, təkcə Bakıda deyil, bütün bölgələrdə gözəl mütəxəssislər olsa, xalça sənətinin gələcəyi parlaq olacaq.
   
   Mehparə