“Bəşər övladının hamısını sevirəm. Allah bu hissiyyatı mənə verib. Hamıya özüm kimi baxıram. Allah məni bəlalardan qoruyub. Bilmədən, istəmədən günaha yazıla bilən əməlim olubsa da, Allah məni bu günahlardan çıxarıb. İndi də xəstələndirib sağaldır ki, o dünyaya günahsız gedim”.
   
   Qonağımız istedadlı rejissor, aktyor, Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, professor, Xalq artisti Ramiz Əzizbəylidir.
   
   Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakıda anadan olub. Bu faktı ona görə xatırladıram ki, Ramiz Əzizbəyli yayda dünyaya gəlib, odur ki, isti yay günündə söhbətimizə də elə istilərdən başladıq.
   - Mən xərçəng bürcündənəm. Xərçəng, bildiyiniz kimi, suda-quruda yaşayan canlıdır. Təbiəti etibarı ilə özünə qapalıdır. Əti yeyilən canlıdır. Bu mənada xislətində qurban getmək, yəni özünü başqalarına yem eləmək qabiliyyəti də var.
   Bəs Ramiz müəllim özü-özünü necə xarakterizə edərdi?
   - Mənim yaxşı bir xüsusiyyətim var, amma bunu təvazökarlıqla deyəcəyəm. Mən özümü, əməlimi, fikrimi, məqsədimi, istəyimi özüm-özümlə bölüşüb çıxdaş etməyi bacaran insanam. Bu mənada çoxlarından xoşbəxtəm. Qoymuram, kimsə məni tənqid etsin. Özüm-özümü tənqid edirəm. Necə ki, insan güzgüyə baxıb nöqsanını düzəldir, eləcə də daxili aləminə baxıb çatışmayan cəhətlərini düzəltməyi bacarmalıdır.
   
   “Müdrik Ramiz”
   
   Atası filosof, babası axund olan Ramiz Əzizbəyli həyatın fəlsəfəsini uşaq yaşlarından anlamağa çalışıb.
   - Tərəzi iki gözdən ibarətdir. Həyatın fəlsəfəsi budur. Ağ-qara, gözəl-çirkin, ağır-yüngül, yaxşı-yaman, haqq-nahaq və daha nələr. Tərəzinin gözündə bunlar müqayisədə göstərilir. Uşaq yaşlarımdan dünyanı belə dərk etmişəm. 15 yaşımdan ətrafımdakı dostlarım, tanışlarım mənə “Müdrik Ramiz” ləqəbini vermişdilər. Nə bilim, fikirlərim fərqli, alnım bir az enli idi. Sonra saç da töküldü. Mənə deyəndə ki, ay Ramiz, saçın tökülüb. Mən deyirəm, saçım tökülməyib, alnımı geniş yaradan Allahım sınaqlardan çıxarandan sonra bu alın lövhəsi bəs eləmədiyi üçün alnımı bir az da genişləndirib.
   “Mənim silahım sadə və səmimiliyimdir” - Ramiz müəllim müsahibələrinin birində belə deyib.
   
   Büründüm ömrümün quramasına,
   Ömrümü yaşadım qismətim qədər.
   Özgə əyalına, yad qapısına,
   Baxdım öz namusum, ismətim qədər.
   
   Bu şeiri Ramiz Əzizbəyli 22 yaşında yazıb. Zamanın çarxında çox şey dəyişsə də, sadəliyi, səmimiyyəti heç dəyişməyib.
   Yazmaq demişkən, bu il Ramiz Əzizbəylinin “Cızma-qaralarım” adlı kitabı işıq üzü görüb. Ramiz müəllim kitabına ad seçəndə də təvazökarlığından qalmayıb. Adı “Cızma-qaralarım” olsa da, içindəkilər Ramiz Əzizbəylinin fərqli düşüncələri, hisləri, duyğularıdır.
   
   “Mənimki kinodur, özü də rejissorluq. Burada özümü tam ifadə edirəm” - deyən Ramiz Əzizbəyli sevdiyi sənətdən danışdı:
   - Mən çox sahələrdə özümü rahat hiss edirəm. Amma digər peşələrə nisbətən kinonu daha çox bildiyim üçün, balıq suda yaşadığı kimi, mən də kinoda yaşayıram. Mənim kino təhsilim yoxdur, kino tarixçisi, kinoşünas da deyiləm. Kino təhsilim olmadığı üçün illərlə kənarda qalmışam. Küsüb getməmişəm, daxildən öz şamımı, öz işığımı yandırmışam. Öyrənmişəm, bilmişəm və elə məqam çatıb ki, sözümü demişəm.
   - Kinomuzda pauza dövrü yaradıcılığınızda hansı boşluqlar yaratdı?
   - İnsan öz haqqını hər zaman ummalı, müdafiə etməlidir. Mən heç kimə qarşı deyiləm. Allah məni yaradanda belə yaradıb. Yoxsa sənətkar olmazdım ki... Mən bu gün gördüyüm işi sabah daha yaxşı görmək istəyirəm. Sənətkarlıq o deməkdir. Sənətkar istədiyindən yanır.
   - Gərək rejissor nəzərdə tutduqlarını çəkməkdən qorxmasın. Nəzərdə tutduqlarınızı çəkə bilmədiyiniz anlar necə, olub?
   - Elə anlar çox olub. Dünyada heç bir rejissor deyə bilməz ki, mən istədiyimə yüz faiz nail olmuşam. Hər cəhətdən çətinliklər, problemlər olur. Yüz faiz ideal heç nə olmadığı kimi, yüz faiz ideal fikir, məqsəd, nəticə də yoxdur. Əsas odur ki, sən nəzərdə tutduqlarının əksəriyyətini ekranlaşdıra bilirsən.
   
   “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə milli kinomuzun qapısını döyən Ramiz Əzizbəyli “Bəxt üzüyü” ilə Azərbaycan kinosunun həmişəyaşar filmlərindən birinə imza atdı. “Yalan” filmi isə Qarabağ müharibəsi mövzusunda ən uğurlu ekran əsərlərindən biri oldu.
   
   “Bəxt üzüyü”nün sirri
   
   - Azərbaycan kinosunda bəxti gətirən filmlərdən biri də “Bəxt üzüyü”dür.
   - “Bəxt üzüyü” 1991-ci ildə çəkilib qurtardı, 1992-ci ilin fevral ayının 7-də indiki Heydər Əliyev Sarayında rəsmi təqdimatı oldu. Bu filmin dəyəri ondadır ki, gülməli deyil, düşünməli filmdir. Filmdə özümün düşünüb yazdığım bir səhnə var: atası özünü asmasın deyə uşaq ağacı kəsməyə çalışır. Uşaq ağacı ona görə kəsirdi ki, atası həyatdan təngə gəlib özünü həmin ağacdan asa bilər. İndi də o səhnəyə baxanda kövrəlirəm. Çünki o, mənim içimdədir.
   Tək Azərbaycanda yaşayan azərbaycanlılar yox ey, bütün dünyada yaşayan azərbaycanlılar deyirlər ki, (Ramiz müəllim bu yerdə zarafatından qalmır, deyir ki, mötərizədə Ramiz Əzizbəyli yazarsan), “Bəxt üzüyü”ndən yoxdur. Heç kim deməyib ki, o mənim zövqümə uyğun deyil. Çünki o filmə öz içimi, öz səmimiyyətimi qoymuşam. “Bəxt üzüyü” Azərbaycan kinosunu peşəkarlığı ilə bağladı. Sonra yeni həvəsə düşənlər yeni metodlar, yeni formalar, yeni düşüncə tərzi, yeni yanaşmalar axtarmağa başladılar, hələ də axtarırlar...
   - Filmdə bəxt üzüyünün tapılmaması hələ də tamaşaçıları təəssüfləndirir.
   - Başa düşürəm sizi, geniş oxucu kütləsi üçün bir daha məlum olsun ki, söhbət orda Saranın barmağından düşüb itən üzükdən getmir. Baxmayaraq ki, filmin adı “Bəxt üzüyü”dür. Əslində o bəxt üzüyü bir neçə yerdə işarə kimi oynanılmalı, sonra itməli idi. Mən bir rejissor kimi üzüyü mənəvi dostluq dairəsi kimi vermişəm. Bir dənə üzüyün itmə bəhanəsi göstərdi ki, bu dostluq dairəsi yalan imiş. “Bəxt üzüyü”nün ikinci seriyasını da çəkmək istəyirdim. Fikirləşirdim ki, ikinci seriyada üzük tapılsın. Hələ ki, bu arzu olaraq qalır. Amma bu gün də heç kim bilmir ki, “Bəxt üzüyü”nün sirri nədədir ki, 20 ildir gecə-gündüz bu çarx fırlanır. Çünki mən atdığım açarı, kodu aça bilmirlər.
   - Ramiz Əzizbəylinin sənət dünyasının kodunu necə, açmaq mümkündürmü?
   - Onun açarını Allahdan başqa heç kim bilmir. Mən asudə dayanan, bir yerdə ilişib qalan xəstə təfəkkür sahiblərindən deyiləm. Xalq məni dəyərləndirir, mənim üçün bu kifayətdir.
   
   Ramiz Əzizbəyli rejissor olmaqla yanaşı, həm də gözəl aktyordur. “Dərviş Parisi partladır”, “Şeytan göz qabağında”, “Gümüşgöl əfsanəsi, ”Kişiləri qoruyun”, “Bağ mövsümü”, “Bəxt üzüyü”, “Bəyin oğurlanması” filmlərində maraqlı rollar yaradıb. “Hacı Zeynalabdin Tağıyev”, “Qızıl buta” mükafatları laureatıdır.
   
   - Yeri gəlmişkən, özünüzə ən çox hansı sualı verirsiniz?
   - Sən kimsən?
   - Bəs cavabınız necə olur?
   - Mən kiməm, dünyada bəşərin biri,
   Mən kiməm, bəşəri yaşadan həyat.
   Mən kiməm, ölülər yanında diri,
   Ölülər yanında ölü kimi zad.
   - İnsanları güldürməyi də, ağlatmağı da bacaran Ramiz Əzizbəylini nə güldürə bilir?
   - Birinci növbədə o insana gülürəm ki, insanla insan arasında fərq görür. O insanların nadanlığına gülürəm. Bu acı göz yaşıdır, qara gülüşdür. Hər kəsi Allah yaradıb. İnsanı sevmədikcə, içəridə nifrət hissi çoxalır, günahlar böyüyür. Bu nadanlıqdır, savadsızlıqdır, başqa heç nə deyə bilmərəm.
   - Nə vaxt xoşbəxt olursunuz?
   - Qarşımdakı insanı xoşbəxt görəndə.
   - İçinizdə ekran həllini tapmayan filmlər sizə nə deyir?
   - Biz rejissorlar o qədər müstəqil deyilik ki, öz pulumuza ürəyimiz istəyən filmləri çəkə bilək. Məni yaşadan bir şey var, o da kinodur.
   
   Hazırda Ramiz Əzizbəyli rejissor Oqtay Mirqasımın “Qisas almadan ölmə” filmində baş rollardan birində çəkilir. Azərbaycan Televiziyasında Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibəti ilə Ramiz Həsənoğlunun hazırladığı “Mürafiə vəkilləri” teletamaşasında Ağamərdan bəy roluna, Xalq yazıçı Anarın Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı haqqında yazdığı ssenari əsasında yenə Ramiz Həsənoğlunun çəkdiyi “Sübhün səfiri” filmində isə Hacı Qara roluna dəvət olunub.
   Bundan əlavə, Ramiz Əzizbəyli adını və mövzusunu hələlik sirr saxlasa da, yeni bir filmin çəkilişlərinə hazırlaşır.
   - Filmdən əvvəl hansı hissləri keçirirsiniz?
   - Desəm inanarsınız?
   - Ramiz Əzizbəyliyə inanırıq.
   - Bismillah deyirəm, Allahın adını çağırıram. Yüz faiz hazır olan işi başlayanda da, Allah məsləhət bilmirsə, dolu yağar, ildırım çaxar. Ona görə də Allahın adını çağırırsan və başlayırsan. Sonda da Əlhəmdüllah deyirsən.    

   Təranə Vahid