Taleb Rifai: “Dünyanın əksər ölkələrində turizm sahəsində böhran yaşandığı bir vaxtda Azərbaycan bu sahədə yüksək nəticələr əldə edir”
   
   Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai noyabrın 14-dən 17-dək Bakıda səfərdə oldu. Ölkə prezidenti tərəfindən qəbul olunan qonaq Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərində, digər qurumlarda görüşlər keçirdi. Belə görüşlərin biri də noyabrın 16-da Azərbaycan Turizm İnstitutunda gerçəkləşdi. 
      
   Taleb Rifai Turizm İnstitutunun ilk fəxri doktoru oldu
   
   Azərbaycan Turizm İnstitutunda Dünya Turizm Təşkilatının baş katibi ilə keçirilən görüşdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev, ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov və institutun Elmi Şurasının üzvləri iştirak edirdilər.
   Rektor C.Cəfərov DTT baş katibinin instituta gəlişindən məmnun olduğunu bildirdi, qonağa təhsil ocağı barədə məlumat verdi. Qeyd olundu ki, 2006-cı ildə yaradılan ATİ-də ilk dərs ilində bir fakültədə 3 ixtisas üzrə 200 tələbə təhsil alıb. Hazırda isə bakalavr pilləsində 11 ixtisas üzrə 1311 tələbə, magistr pilləsində 7 ixtisas üzrə 41 tələbə oxuyur. Eyni zamanda bu ildən 8 ixtisas üzrə 16 nəfər doktoranturada təhsil alır. İnstitutda 186 nəfərdən ibarət müəllim, professor heyəti fəaliyyət göstərir. Onlardan 10 nəfəri elmlər doktoru, 58 nəfəri fəlsəfə doktorudur. ATİ-də Avropa Kredit Transfer Sistemi (AKTS) tətbiq olunur.
   Rektor onu da qeyd etdi ki, ATİ Avstriyanın Krems Universiteti ilə əməkdaşlıq edərək Azərbaycanda ikili diplom verən ilk ali təhsil ocağıdır. İndiyədək institutun iki məzun buraxılışı olub və məzunlardan 33 nəfər eyni zamanda Krems Universitetinin diplomunu alıb.
   C.Cəfərovun sözlərinə görə, ATİ-nin tələbələri 8-22 həftəlik istehsalat təcrübəsinə, yayda isə tanışlıq təcrübəsinə göndərilir. Tələbələr Türkiyə, Şimali Kipr, Yunanıstan, ABŞ, Ukrayna, İsrail, Portuqaliya və s. ölkələrdə də təcrübə keçirlər: “Avropa İttifaqının Erasmus-Mundus” xarici əməkdaşlıq proqramı çərçivəsində 2007-ci ildən ATİ-yə 47 müəllim və ekspert dəvət olunub və bir o qədər əməkdaş xaricdə təhsilini, təcrübəsini artırıb. Ümumilikdə isə institutumuz yarandığı gündən bu yana 30 xarici ali məktəb və 34 xarici təşkilat, şəbəkə ilə əlaqələr qurub».
   Rektor qeyd etdi ki, Elmi Şuranın yekdil qərarı ilə DTT-nin baş katibi Taleb Rifai Azərbaycan Turizm İnstitutunun ilk fəxri doktoru seçilib. Bu münasibətlə qonağa diplom və döş nişanı təqdim olundu.
   Baş katib ATİ-nin ilk fəxri doktoru seçilməsinə görə təşəkkürünü bildirdi. Qonaq institutun fəaliyyət göstərdiyi az vaxt içərisində böyük uğurlara imza atmasını təqdir etdi. Onun sözlərinə görə, artıq bu təhsil ocağı Avropa ölkələrində də tanınır.
   Görüşün sonunda Taleb Rifaiyə Qarabağ xalçası hədiyyə olundu.
   
   * * *
   Görüşdən sonra media nümayəndələrinə müsahibə verən qonaq məmnuniyyətlə bizim də bir neçə sualımızı cavablandırdı.
   
   Dünya Turizm Təşkilatı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
   
   - Azərbaycana bundan öncəki səfərinizdən 3 ilə yaxın vaxt keçir. Sizcə, bu müddət ərzində ölkəmizdə turizm sahəsində hansı irəliləyişlər əldə edilib?
   - Son bir neçə ildə Azərbaycan turizm dünyasında çox böyük bir yer tutmağa başlayıb. Azərbaycanın turizm sektoru mühüm uğurlar əldə edir, bu sahədə davamlı, məqsədyönlü addımlar atılır. İnanıram ki, bu inkişaf tempi Azərbaycanın turizm sektorunu daha yüksək səviyyəyə qaldıracaq. Turizmin inkişafı üçün infrastruktur yaradılması çox vacibdir. Mən bilirəm ki, bu sahədə Azərbaycanda böyük işlər görülür. Ölkənizə gələn turistlərin sayının ilbəil artması da təqdir olunası göstəricidir.
   Mən xüsusilə 2011-ci ilin ilk 6 ayına olan nəticələri qeyd etmək istərdim. Azərbaycana gələn turistlərin sayında 15 faizə qədər artım müşahidə olunub. Dünyanın bir çox ölkələrində turizm sahəsində böhran yaşandığı bir vaxtda bu nəticə çox yüksək qiymətləndirilməlidir. Azərbaycanda turizm infrastrukturu yüksək səviyyədə qurulur. Beynəlxalq brendli hotellər tikilib istifadəyə verilir. Mənim aldığım məlumata görə, artıq Azərbaycanda 500-ə yaxın hotel fəaliyyət göstərir. Həmçinin Şahdağda hazırda inşası davam edən qış-yay turizm kompleksi bu infrastrukturu bir növ tamamlayır. 2011-ci ilin ölkə ərazisində «Turizm ili» elan edilməsi dövlətin bu sahəyə diqqət və qayğısının göstəricisidir. Həyata keçirilən islahatlar və reallaşdırılan yeni-yeni böyük layihələrin nəticəsidir ki, Azərbaycan artıq dünyada yeni bir turizm məkanı kimi turistlərin üzünə açıqdır. Mən beynəlxalq turizm təşkilatının rəhbərliyində təmsil olunan bir şəxs kimi demək istəyirəm ki, belə hala dünya ölkələri arasında heç də tez-tez rast gəlmək mümkün deyil.
   - Hazırda dünya iqtisadiyyatı növbəti böhranla qarşı-qarşıyadır. Sizcə, bu böhran Avropa turizm sənayesinə nə qədər təsir edəcək?
   - İndi bütün dünyada, eləcə də Avropada iqtisadi vəziyyət çox mürəkkəbdir. İqtisadiyyatın bir sahəsi kimi turizm də böhrandan müəyyən zərər görür. Amma ötən böhran göstərdi ki, turizm, digər sahələrdən fərqli olaraq, bu vəziyyətdən daha tez çıxa bilir. 2010-2011-ci illərdə digər iqtisadi sahələrdə problemlərin mövcudluğuna baxmayaraq, turizm sahəsi inkişaf edib. 2010-cu ildə turizm sahəsinin inkişafı 7 faiz olubsa, bu il bu rəqəm daha yüksək olacaq. Məhz iqtisadi problemi olan ölkələrdə - Yunanıstanda, İspaniyada turizm sahəsində 7-10 faiz yüksəliş qeydə alınıb. Bununla bərabər, turizm sahəsi digər sahələrin inkişafından asılıdır və oradakı tendensiyalar bu sektora da təsirini göstərir. Öz növbəsində turizmin inkişafı nəqliyyat, kənd təsərrüfatı və digər sahələrə öz müsbət təsirini göstərə bilər. İqtisadiyyatda böhran baş verdikdə ailələrin gəlirləri də aşağı düşür və nəticədə əhalinin səyahət etmək imkanı da azalır.
   - Necə düşünürsünüz, böhrandan çıxış yolları kimi nə etmək lazımdır?
   - Vacib sektorlarda, xüsusilə də maliyyə-bank sistemində böhranın səbəblərini aradan qaldırmaq üçün çoxlu tədbirlər görmək lazımdır. Maliyyə-bank sektoru dünya iqtisadi sisteminin nüvəsidir. Biz görürük ki, turizm və səyahət sənayesi başqa sektorlara kömək edə bilər. Əgər dünya liderləri siyasi səviyyədə turizm sektoruna kömək etmək məqsədilə müəyyən qərarlar qəbul etsələr, onda turizm də öz növbəsində başqa sektorlara daha çox kömək edər. Bunu isə ancaq siyasi səviyyədə həll etmək olar.
   - Maraqlıdır, siyasi səviyyə deyərkən siz nəyi nəzərdə tutursunuz?
   - Siyasi səviyyə deyərkən, mən heç də səyahətlərə tətbiq edilən yeni vergiləri nəzərdə tutmuram. İnsanların səyahət edə bilmələri üçün bütün maneələr götürülməlidir. Onların müxtəlif ölkələrə problemsiz getmələri təmin edilməlidir. Beləliklə, insanlar səyahətə həvəsləndirilməlidir. Məsələn, əgər viza məsələsi çətinləşsə, insanlar da səyahət edə bilməyəcəklər. Və yaxud əgər nəqliyyat uyğun olmazsa, insanlarda gəzməyə maraq olmayacaq. Deməli, hökumətlər çalışmalıdırlar ki, insanları səyahətlərə həvəsləndirən hər bir şey yerbəyer olsun.
   - Azərbaycanda turizm sahəsində ixtisaslı kadrların hazırlanması gündəmdə duran əsas məsələdir. Dünya Turizm Təşkilatı bu işdə ölkəmizə hansı formada kömək edə bilər?
   - Azərbaycan turizm sahəsində gənc kadrların hazırlanmasına xüsusi önəm verir. Mən bunu yüksək dəyərləndirirəm. Çünki inkişafda olan sahədə ixtisaslı mütəxəssislərin olması vacib şərtdir. Dünya Turizm Təşkilatı bu sahədə Azərbaycanla bir neçə mərhələdə əməkdaşlıq etməyi nəzərdə tutur. Biz azərbaycanlı mütəxəssislərin DTT-nin baş ofisində hazırlıq keçməsini təşkil etmək barədə düşünürük. Bundan əlavə, bu aydan etibarən bizim mütəxəssislərimiz Azərbaycan Turizm İnstitutunda turizmin müxtəlif istiqamətləri üzrə treninqlər keçəcəklər. Bunun bir önəmli məqamı da var ki, bu treninq mərkəzlərinin DTT tərəfindən sertifikatlaşdırılması da gündəmdədir. Təbii ki, bu məsələlərin hamısı ilə bağlı müəyyən bir qərar verəcəyik.
   - Azərbaycan gələn il «Eurovision 2012»yə ev sahibliyi edəcək. Bu yarışmanın keçirildiyi ölkələrə adətən minlərlə turist gəlir. Sizcə, Azərbaycan bu tədbirə hazırdırmı?
   - Tam əminliklə deyə bilərəm ki, bəli. Bakıda yerləşən mehmanxanalarda xidmətin səviyyəsi, yeni-yeni hotellərin tikilməsi və onların əksəriyyətinin dünyada tanınmış brendlərə mənsub olması bunu deməyə əsas verir. Azərbaycanda turizm son 5-6 ildə sürətlə inkişaf edib. Ölkədə bir neçə böyük turizm layihəsinin həyata keçirilməsi bu sahəyə diqqətin göstəricisidir. Məncə, turizmin inkişafı baxımından Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər. Ümid edirəm ki, 2012-ci ildə də bu nailiyyət və artım davam edəcək. Ən azı ona görə ki, Azərbaycan 2012-ci ildə “Eurovision-2012” mahnı müsabiqəsi kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək.
   - Azərbaycanla İordaniya arasında turizm sahəsi üzrə əməkdaşlığı necə qiymətləndirirsiniz?
   - İstər Azərbaycan, istərsə də vətənim İordaniya qədim dövlətlər olmaqla yanaşı, həm də dost ölkələrdir. İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında imzalanmış sazişin şərtlərinə uyğun olaraq, ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq getdikcə genişlənir. İnfoturların təşkil edilməsi, ölkələrin turizm potensialı və tarixi-mədəni abidələri ilə tanışlıq, hökumətlər səviyyəsində müxtəlif sənədlərin imzalanması və s. məsələlər bu sırada əsas yer tutur. Çalışacağıq ki, əməkdaşlığımızı daha da genişləndirək.
   
   Fəxriyyə Abdullayeva