Orxan Fikrətoğlu: “Tamaşaçılar “Mozalan”ın yeni süjetlərinə “Nizami” kinoteatrında baxa biləcəklər”
   
   «Mozalan» satirik kinojurnalının bu il 40 yaşı tamam oldu. Kinojurnalın maraqlı süjetləri bir çoxumuza tanışdır. Xüsusilə orta nəslin nümayəndələrini götürsək, əksəriyyət «Mozalan»ın hər yeni buraxılışını səbirsizliklə gözləyirdi. Bu marağın izahı isə sadə idi: süjetlərə baxan hər kəs onu narahat edən sosial problemləri, özünün demək istədiyi tənqidi fikirləri «Mozalan»ın satirik, duzlu-məzəli təqdimatında eşidir, görürdü.
   
   Lakin 90-cı illərin əvvəlində ölkə həyatının bir çox sahələrində, o cümlədən mədəniyyətdə, kinoda baş verən durğunluq, tənəzzül “Mozalan”ın buraxılışlarının da seyrəlməsinə, sonra isə fəaliyyətinin dayanmasına gətirib çıxardı.
   Artıq bir neçə ildir ki, kinojurnal fəaliyyətini bərpa edib, yeni süjetlər, maraqlı ekran nümunələri çəkilir. 2007-ci ildən «Mozalan» satirik kinojurnalına yazıçı-jurnalist, ssenarist Orxan Fikrətoğlu rəhbərlik edir. O bizimlə söhbətində həm ötən illərə səyahət etdi, həm də kinojurnalın yeni buraxılışları, gələcək planlar barədə danışdı.
   - «Mozalan»ın 40 ilinə səyahət edərkən onun buraxılışını - Cəmil Fərəcovun ssenarisi əsasında mərhum Rasim Ocaqovun çəkdiyi «Daş ağlayır» sənədli süjeti xatırlatmalıyam. Mənə elə gəlir ki, «Daş ağlayır» rəmziliyi 40 il «Mozalan»ın yanında olub. Çünki kinojurnalın qarşısına qoyduğu məqsəd laqeyd, qəlbi daşa dönmüş insanlara cəmiyyətin problemlərini çatdırmaq idi. “Mozalan”ın süjetlərinə uşaq vaxtlarımdan həvəslə baxmışam, zaman keçdikcə bu həvəs peşəkar marağa çevrildi. Sonra tale elə gətirdi ki, kinojurnala direktor təyin olundum. Onu deyə bilərəm ki, indi bu kinojurnala rəhbərlik etmək çox çətindir. Çünki bu gün «Mozalan»ın funksiyasını telekanallar öz üzərinə götürüb. Hər hansı bir telekanalda proqram sosial problemlə məşğul olursa, o artıq «Mozalan»ın funksiyasını bir növ yerinə yetirmiş olur. Lakin son illər efirdə, ekranda saxta satira, psevdo gülüş yayanlar «Mozalan»ın gülüş imicini dəyişiblər. Sanki tamaşaçıların da zövqü dəyişib. Mən buraya gələndən kinojurnalın klassik ənənəsini qorumağa çalışıram. Klassik «Mozalan»ın, bu kinojurnalın satira, gülüş ideyasının kökü Mirzə Ələkbər Sabirə, Mirzə Cəlilə, hətta Füzuliyə qədər gedib çıxır. Bizim ədəbiyyatımızda ironik məktəb Füzulidən başlayır. Yəni bu kontekstdən kinojurnalın ənənəsini saxlamağa çalışıram. İlk dəfə Azərbaycan teleməkanında və kino tarixində «Mozalan»ın elektron variantını işlədim və «ANS» telekanalında «Mozalan» verilişi açdım. Bu veriliş vasitəsi ilə «Mozalan»ın çəkdiyi bütün süjetləri tamaşaçılara çatdırdım. Məndən əvvəl kinojurnala rəhbərlik etmiş şəxsləri efirə çağırdım. Onu da qeyd edim ki, Azərbaycan kinosunun bir sıra tanınmış rejissorları - Rasim Ocaqov, Eldar Quliyev, Şamil Mahmudbəyov və başqaları bu kinojurnalda işləyiblər.
   - Bu gün insanların ictimai nəqliyyatda, gündəlik həyatda, məişətdə üzləşdikləri müxtəlif problemlər, qayğılar var ki, onları «Mozalan»da görmək istəyirlər. Kinojurnalın süjetlərində bu mövzuları nəzərə alırsınızmı?
   - Bu il çəkdiyimiz süjetlərdən biri elə yollardakı tıxaclarla bağlıdır. Ramiz Əzizbəylinin ekranlaşdırdığı süjet tamaşaçıların xoşuna gələcək. Bu il «Tələ», «Zil» və «Çox dilli» adlı süjetlərimiz çəkilib. Artıq tamamlanmaq üzrədir. «Mozalan» dövlət studiyası olduğundan kinosüjetləri dövlət sifarişi ilə işləyirik. İldə 1-2 nömrə çəkirik. Bu il kinojurnalda rejissorlardan Ramiz Əzizbəyli, Emil Mirabdullayev, Nicat Feyzullayevlə işləmişik. Elxan Qasımovla işləməyi planlaşdırırıq. Onu da deyim ki, tanınmış, püxtələşmiş rejissorlarla yanaşı, gənclərlə də işləmək istəyirik. Lakin təəssüf ki, «Mozalan»da onlar özlərini doğrultmadılar. Yəni gənclər sarıdan kadr problemimiz var. Bu təkcə «Mozalan»da deyil, ümumilikdə kinomuzda, dramaturgiyada özünü göstərir. Çox istəyərdim ki, bizim öz mövzusu olan rejissorlarımız olsun. Çalışıram ki, rejissorun işinə müdaxilə etməyim. Ssenarilər Mədəniyyət və Turizm Nazirliyinin münsiflər heyəti tərəfindən təsdiqlənir, ondan sonra rejissora verilir. Bir məqamı da qeyd edim ki, bu il çəkdiyimiz süjetlər çox maraqlıdır və ümidvaram ki, tamaşaçıların da rəğbətini qazanacaq.
   - Yeri gəlmişkən, tamaşaçılar «Mozalan»ın yeni buraxılışlarını harada, necə izləyə biləcəklər?
   - Mən sualı cavablandırmazdan əvvəl bütün tamaşaçıları «Nizami» kinoteatrının istifadəyə verilməsi münasibətilə təbrik edirəm. Kinoteatrın belə yüksək səviyyədə yenidən qurulması tamaşaçılara, kinosevərlərə böyük hədiyyədir. Bundan sonra tamaşaçılar «Mozalan»ın buraxılışlarına «Nizami» kinoteatrında baxa biləcəklər. Kinoteatrların olmaması üzündən uzun müddət idi ki, «Mozalan» süjetləri geniş tamaşaçıya təqdim olunmurdu. Düzdür, bayaq qeyd etdiyim ki, «Mozalan»ı «ANS»də göstərmişik, «Space» telekanalında da kinojurnalın yayımına imkan yaradılmışdı. Amma bu ekran əsərlərinin kinoteatrda, böyük ekranda tamaşaçıya təqdim olunmasının öz yeri var. Onu da deyim ki, telekanallar “Mozalan”ın nümayişi üçün Rejissorlar Gildiyasına müəyyən məbləğ ödəməlidir. Gildiya həmin pulu süjetin rejissoruna, operatoruna, aktyorlarına təqdim edir. Bu belə də olmalıdır. Dövlət pul xərcləyərək məhsul istehsal edibsə, onun yayımı üçün pul almalıdır. İndi isə artıq yüksək səviyyədə yenidən qurulmuş dövlət kinoteatrı var və tamaşaçılar «Nizami» kinoteatrında nümayiş olunan filmlərdən əvvəl “Mozalan”ın buraxılışlarını izləyə biləcəklər.
   - Kinojurnalın son vaxtlar əldə etdiyi uğurlar barədə nə deyə bilərsiniz?
   - Uğurlarımız da var və bunu qeyd etməliyəm. Kinojurnal 2008-ci ildə İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb. «Mozalan» ilk dəfə olaraq qısametrajlı filmlər festivalında mükafat aldı. Bu, «Mozalan»ın beynəlxalq aləmə çıxması demək idi. Ümumiyyətlə, dünyada «Mozalan»ın analoqu olan az sayda nümunələr var. Ən tanınmış rejissorlar belə bəzən bu kinojurnalın süjetlərini çəkə bilmirlər. Kiçik ekran əsərində böyük fikri çatdırmaq çətin məsələdir.
   - «Mozalan»ın qarşısına qoyduğu başlıca məqsəd cəmiyyətdəki neqativ halları kino, satira dili ilə xalqa çatdırmaq olub. Sizcə, kinojurnal bu məqsədə nə dərəcədə çata bilib?
   - «Mozalan» sosializm dövründə və həm də müasir demokratik mühitdə yaşayıb. Bu illərdə “Mozalan” müəyyən mənada satirik jurnalistika rolunu da oynayıb. Amma nəzərə almalıyıq ki, «Mozalan» bütövlükdə cəmiyyəti dəyişməyə qadir deyil. Biz kor baltayıq. Jurnalist, yazıçı kor balta kimi vurur, amma kəsmir. Davamlı tərzdə vursa, o problem düzəlir. Sovet dövründə «Mozalan»ın işi daha effektli idi. «Mozalan»ın tənqidinə tuş gəlmək hər hansı məmur, idarə rəhbəri və başqaları üçün çox mənfi nəticələr doğurdu. Ona görə də “Mozalan”dan çəkinirdilər. Bu gün də cəmiyyətimizdə mövcud olan problemləri, məmur özbaşınalığı, korrupsiyaya qarşı mübarizə və s. mövzular diqqətdə saxladığımız məsələlərdir. Çalışıram ki, klassik jurnalist, yazıçı, ziyalı əxlaqını, xalqa təmənnasız xidmət nümunəsini «Mozalan»a da tətbiq edim. Bizim sözümüz hər bir məmura, vətəndaşa, təşkilata ünvanlanıb. Vicdanlı jurnalist, o cümlədən kino jurnalistikası məmuru dövlətə xidmət etməyə sövq etdirməlidir. Dövlət güclənməlidir ki, biz də güclənək.
   - Mövzulardan söz düşmüşkən, kinodramaturq kimi bu gün kinomuzda hansı mövzulara daha çox ehtiyac görürsünüz?
   - Vətənpərvərlik mövzusunda dəyərli filmlərimizin çəkilməsini istərdim. Bəzən ssenaristlər, rejissorlar kino qəhrəmanlarını kənarda axtarırlar. Amma bu qəhrəmanlar bizim ətrafımızdadır. Məncə, Ramil Səfərov gözəl bir ekran əsərinin qəhrəmanı ola bilər. Milli Qəhrəman Mübariz İbrahimov haqqında gözəl bədii və ya sənədli filmə ehtiyac var. Həmçinin Azərbaycan cəmiyyətinin təfəkkür tərzini dəyişən insanların həyatı ilə bağlı filmlər olmalıdır ki, tamaşaçılar bilsinlər, məlumatlansınlar.
   - Bir yazıçı kimi yaxın vaxtlarda oxucularınıza yeni kitab təqdim edəcəksinizmi?
   - Mənim üçün bu il uğurlu oldu. Ədəbiyyat sahəsində çoxdandır ki, istədiyim yazını qələmə ala bilmirdim. Kino, televiziya, qəzet mənim üçün ədəbiyyatımdan sonra gələn işlərdir. Bu il bir yazımın birinci variantını tamamladım. Gələn il bunu kitab halında çap etdirəcəyəm. Təvazökarlıqdan uzaq olsa da, düşünürəm ki, bu Azərbaycan ədəbiyyatında bir hadisəyə çevriləcək əsər olacaq. İnsanın bir vaxtı gəlir ki, o, ədəbiyyatı yazmır, artıq dərk edir. Yeni nə isə deyəcəyini hiss edirsən. Bu insanın daxili vəziyyətinin vizual olaraq dəyişməsinə yönəlmiş əsərdir.
   Mən televiziyaya gələndə dedilər ki, televiziyaya getmə. Ora bütün sənətlərin axırıdır. Mən də dedim ki, cəmiyyətdə neqativliyi görürəm, lakin onların olmasını istəmirəm, bunun üçün də televiziyaya gedirəm. Düşünürdüm ki, 45 yaşında bütün işlərdən uzaqlaşıb, yazmaqla məşğul olacağam. Artıq o dövr yetişib. İctimai işlərdən çıxıb, yazılarımla məşğul olmaq istəyirəm. İçimdə gördüklərimi yazmağa böyük tələbat var.
   - «Mozalan»da necə, Orxan Fikrətoğlunun ssenarisini görəcəyik?
   - Xeyr. Yazmağım düz olmazdı. Gənclərə üstünlük veririk. Kinoda ümid verən, yaradıcı gənclərin dünyanın məşhur kino institutlarına göndərilməsi yaxşı olardı. Sırf dramaturgiya, rejissura kurslarını keçərdilər. Onlar qayıdandan sonra yeni Azərbaycan kinosunun yaranmasına xidmət edərlər. Bu, kinomuza yeni ab-hava gətirər.
   
   Gülər Nizamiqızı