“Bakı ilə Doha arasında birbaşa hava reyslərinin açılması ikitərəfli əlaqələrə mühüm töhfə olacaq”
   
   Qətər Ərəb körfəzinin yüksək inkişaf etmiş, zəngin təbii ehtiyatları olan ölkələrindən biridir. Ərazisi 11,5 min kv. km, əhalisi təxminən 1 milyondur. Ötən əsrin 70-ci illərində körfəz ölkələrində başlanan neft bumu Qətərdə də özünü göstərib, təbii qaz ehtiyatına görə isə ölkə dünyada 3-cü yeri tutur. Qətərin paytaxtı Doha gözəlliyi, ultramüasir göydələnləri ilə körfəzin ən cəlbedici şəhərlərindən biridir.
   
   Qətər dövlət quruluşuna görə monarxiyadır. Dekabrın 18-də Qətər xalqı dövlət başçısı, Şeyx Hamad bin Xəlifə Əl Taninin hakimiyyətə gəlməsinin ildönümünü təntənə ilə qeyd edir. Bayram ərəfəsində Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək bin Fəhd Əl Taninin ölkələrimiz arasında əlaqələr barədə fikirlərini öyrəndik:
   - Ölkələrimiz arasında hələ qədim vaxtdan müştərək dini, mənəvi dəyərlərə söykənən əlaqələr mövcuddur. Diplomatik əlaqələr isə 1994-cü ildə yaranıb. Fərəhlə qeyd etmək olar ki, bu müddət ərzində Qətər Dövlətinin əmiri, əlahəzrət Şeyx Hamad bin Xəlifə Əl Tani və Azərbaycan prezidenti cənab İlham Əliyevin qarşılıqlı səfərləri sayəsində müxtəlif sahələri əhatə edən bir sıra sazişlər imzalanıb. Bunun nəticəsində əlaqələrimiz əhəmiyyətli dərəcədə inkişaf edib. Qətərlə Azərbaycan arasında dostluq münasibətləri ilbəil möhkəmlənir. Gələcəkdə də əlaqələrimizin inkişafı üçün səylərimizi birləşdirməliyik.
   Yaxın vaxtlarda - yeni ilin ilk aylarında Bakı ilə Doha arasında birbaşa hava reysləri açılacaq. Şübhəsiz ki, bu, qarşılıqlı əlaqələrə, iki ölkə arasında ticarət və turizm sahəsində əməkdaşlığın canlanmasına öz töhfəsini verəcək. Onu da deyim ki, Azərbaycanın turizm imkanları, o cümlədən ekoloji turizm və ovçuluq turizmi qətərlilər üçün çox cəlbedici olar. Qətər tərəfdaş ölkələrlə turizm sahəsində təcrübə mübadiləsinə də böyük önəm verir.
   Xalqlarımız arasında mənəvi yaxınlıq olduğu kimi mədəni əlaqələr də sıxdır. 2009-cu ildə Azərbaycanda keçirilən Qətər mədəniyyəti günlərinə göstərilən maraq bunun parlaq təcəssümü oldu. 2010-cu ildə isə Dohada Azərbaycan mədəniyyəti günləri keçirildi. Bu da böyük maraq doğurmuşdu. Belə görüşlər xalqlarımızın daha da yaxınlaşmasına, onların arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edir. Güman edirəm ki, gələcəkdə də qarşılıqlı mədəniyyət günlərinin, digər mədəni tədbirlərin keçirilməsini davam etdirəcəyik.
   Onu da deyim ki, Azərbaycanda olduğum müddət ərzində heç vaxt qəriblik hiss etməmişəm. Bu da yəqin ki, mənəvi, mədəni yaxınlığımızdan irəli gəlir. Azərbaycan əmin-amanlıq, sabitlik olan gözəl bir məkandır. Bakı şəhəri gündən-günə böyüyüb gözəlləşir, inkişaf edir. Elə regionlar barədə də bu sözləri demək olar. Onların sırasında Xızı, Quba, Şəki, Şamaxı və digərlərinin adlarını çəkə bilərəm. Burada çalışacağım müddətdə yəqin ki, hələ gedə bilmədiyim rayonlara da səfər edib digər tarixi yerləri də görəcəyəm. Sözsüz ki, belə vaxtlarda Azərbaycanın zəngin milli mətbəxi ilə yaxından tanış olmaq imkanım olur. Bacarıqla hazırlanan plov süfrənin bəzəyi sayılsa da, Azərbaycanda yediyim düşbərə, piti, müxtəlif dolmaların da adını çəkməyə bilmərəm.
   Xalqlarımıza bir daha rifah, xeyir-bərəkət, yaxşı günlər, ölkələrimizə isə tərəqqi, çiçəklənmə, aydın səma arzulayıram.
   
   İradə Əsədova