“Hansısa formada özümü tapa bilməsəm, görsəm ki, kimlərisə təkrar etməklə məşğulam, onda yazmaram”
   
   İlqar Fəhmi - bu adı ilk dəfə yaxın dostlarımın birindən eşitmişdim. Yaradıcılığından bəhs etdi, sonra Fəhminin qəzəlindən bir beyt oxudu. Yazılarına marağım artdı. Əsərləri və ssenariləri əsasında bir neçə filmin ekranlaşdırıldığını, pyeslərinin teatrlarda səhnələşdirildiyini bildikdən sonra yaradıcılığı məni cəlb etməyə başladı.
   
   İlqar Fəhmi “Sənli sözüm sənə gəldi”, “Ölüm gözəldi, yoxsa sən” şeir toplularının, “Aktrisa”, “Akvarium”, “Bakı tarixindən kollaj”, “Qarğa yuvası”, “Kölgədə əqrəb” kitablarının müəllifidir. “Axırıncı qatar”, “Fırıldaqçıların əsiri” və s. pyesləri səhnə həyatı alıb. “Ölüm növbəsi”, “Sirat körpüsü”, “Aktrisa” ssenariləri ekranlaşdırılıb. “Məcnunlar”, “Qaydasız döyüş” ssenarilərinə isə filmlər çəkilib. Yazar Gənclər və İdman Nazirliyinin “2003-cü ilin ən yaxşı gənc şairi” mükafatına, 2007-ci ildə “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb. 2008-ci ildə Moskvada MDB ölkələri arasında keçirilən “Debütlər birliyi” şeir müsabiqəsinin diplomantı olub. Azərbaycan Yazıçılar Birliyinin Tərcümə bölməsinin rəhbəri, “Ulduz” jurnalının nəsr və poeziya şöbəsinin redaktorudur. Həyata baxışı, fərqli düşüncə tərzi, istər nəsrində, istərsə də nəzmində fəlsəfilik və dünyəvilik duyulan yazarın əsərlərinə marağımın bir səbəbi də onun sadə, bu gün dəbdə olan cərəyanlardan uzaq, özünəməxsus yazı üslubudur.
   Yaradıcılığı ilə tanışlığım “Bakı tarixindən kollaj” əsəri ilə başladı. Müsahibələrinin birində bildirir ki, “bu əsər Bakının tarixi barədə publisistik əsər deyil, içimdəki Bakı, içimdəki şəhərdir, yəni, mənim şəhərim. Mən öz şəhərimi realist üslubda deyil, sırf bədii-estetik üslubda təsvir etmişəm”. Mənsə bir oxucu kimi düşünürəm ki, bu əsər özlüyündə elə ən böyük reallıqdır.
   O, kəskin süjetli ədəbi əsərləri ilə də geniş oxucu kütləsi toplaya bilib. Bu əsərlərdə də özünəməxsus üslubu, mövzuya yanaşma tərzi ilə seçilir. Ona ilk sualımız da bu barədə oldu.
   - Fərqli üslubunuz yaradıcılığınızda aydın hiss olunur. Həyata baxışınız da fərqlidir?
   - Fərqlilik qəhrəmanlıq deyil ki, onu şişirdib aləmə car çəkəsən. Normal insan ətrafındakı ictimai hadisələri, sosial durumu hiss etməlidir və bir fərd olaraq reaksiya verməlidir. Mənsə hiss edə bilmirəm. Özümdən asılı deyil. Mən incəsənəti, ədəbiyyatı reallıqdan daha yaxşı hiss edirəm. Kinoda, teatrda gördüklərim, yaxud kitabdan oxuduqlarım mənim üçün ətrafımda gördüklərimdən daha realdır. Yəqin ki, uşaqlıqdan Şərq ədəbiyyatının, Şərq mədəniyyətinin içində olmağımdır səbəb. Özümü dərk edəndən Füzulinin bir beyti beynimə hopub:
   
   Hikməti-dünyavü-mafiha bilən arif deyil,
   Arif oldur bilməyə dünyavü-mafiha nədir.
   
   Düzdür, bununla mübarizə aparıram, çalışıram özümdən ictimai bir fərd formalaşdırım, amma hələ alınmır. Bəlkə nə vaxtsa alındı. Yaşayarıq görərik.
   - Onda belə qənaətə gəlmək olar ki, ətrafınızdakı insanlarla ünsiyyət qurmağa meylli deyilsiniz.
   - Sadəcə, çoxluqla yola gedə bilmirəm. O insan ki sənətdən, bu aləmdən uzaqdır, onunla yola getmək mənə bir az çətindir. Realist insanlar var. Hər xarakterli insanla münasibət qura bilirlər. Məndə isə əksinədir. İncəsənəti, yaradıcılığı başa düşməyən fərdlə ünsiyyət qura bilmirəm.
   - Şair, ssenarist, dramaturq, tərcüməçi... Sizi necə tanıyaq?
   - Yazar. Ən qısası budur. Çünki mənim üçün yazının növləri yoxdur. Əslində bütün həyat elə yazının üstündə formalaşıb. Allah yazıb, biz yaşayırıq. Yazıdan heç kim çıxa bilməz. Mən fatalistəm. Şərq fəlsəfəsində buna «cəbri» deyirlər. Yəni dünyada baş verən hər bir hadisəni Allahın yazısına bağlamaq. İndi mən nəsə edirəmsə, yazıramsa, deməli, Allah belə məsləhət bilib, burada mənim xidmətim yoxdur. Sabah ola bilər ki, daha heç nə yaza bilməyim. Deməli, yenə də Allah belə istəyib.
   Formalar şərtidir. Sırf özümə qalanda isə eyni formalar məni tez bezdirir, rəngarənglik daha yaxşıdır. Amma onu da deyim ki, hansısa formada özümü tapa bilməsəm, görsəm ki, kimlərisə təkrar etməklə məşğulam, onda yazmaram. Çalışıram ki, müxtəlif istiqamətlərdə də yazsam, hər birində öz dəst-xəttim, öz stilistikam olsun. Deyirlər, alınır. Düzünü isə Allah bilir.
   - Dövlət sifarişi ilə bir neçə əsəriniz ekranlaşdırılıb. Bu sahədə hansı yeniliklər var?
   - Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə iki tammetrajlı ssenarim ekranlaşdırılıb. Bunlar «Ölüm növbəsi» (rejissor Fikrət Əliyev) və «Aktrisa» (rejissor Rövşən İsax) filmləridir. Xalq artisti, ustad rejissorumuz Eldar Quliyevlə daha bir film üzərində işləyirik. Əsərin ilkin adı «Dərvişin ölümü»dür. Ssenari artıq nazirlik tərəfindən qəbul olunub, istehsalata buraxılıb. Hazırda Eldar müəllim rejissor ssenarisi üzərində işləyir. Ssenari tarixi detektiv janrındadır. Bizdə tarixi filmlər də, detektivlər də çox olub, amma sırf tarixi detektiv janrı bizim kino üçün təzədir. Ümid edirəm ki, maraqlı bir film alınacaq. Daha bir neçə film layihələrimiz də var ki, hələ onlar barədə danışmaq istəmirəm. Bunlardan əlavə bir neçə serial üzərində də iş gedir, lakin çalışacağam ki, serialları yazmaq üçün yaradıcı qrup formalaşdırım. Tək mənə çətin olar. Teatrla da bağlı bir neçə layihəmiz var, amma hələ dəqiqləşməyib.
   - Detektivə marağınıza hüquq fakültəsini bitirməyinizin təsiri var?
   - Əslində tərsinə olub. Detektivləri sevdiyimə görə hüquq fakültəsinə girmişdim, amma, qəribə də olsa, o sahədə işləməyə həvəs yarada bilmədim özümdə. Dərinə gedəndə, detektivə həvəsim də Şərq ədəbiyyatı, qəzəl janrı ilə bağlıdır. Qəzəllə detektiv arasında çox böyük bir bağlılıq var. Qəzəldə tam sərbəstlik yoxdur, hər bir beyt arxadan əvvələ yazılmalıdır, çünki hər beytin sonunu gətirib rədifə bağlamalısan. Detektivdə də elədi, əvvəlcə gərək əsərin sonunu fikirləşəsən ki, mən bu hadisəni necə açacağam. Sonra əvvəlini yazasan. Ona görə də uşaqlıqdan ən çox mütaliə elədiyim Şərqin divan ədəbiyyatı və Qərbin detektiv ədəbiyyatı olub.
   - Niyə sirliliyin obrazı kimi “aktrisanı” seçdiniz?
   - Çünki aktrisa əslində maskalı insandır. Sadəcə başqalarından fərqli olaraq onun maskalı olduğunu hamı bilir. Deməli, sirr artıq göz qabağındadır, hamı üçün maraqlıdır ki, bu maskanın altında nə gizlənir. Həm də, məncə, bütün qadınlar aktrisadır, sadəcə istedadlısı və istedadsızı var.
   - Son vaxtlar nümayiş olunan serialların mövzusu, ssenariləri sizi nə dərəcədə qane edir? Filmlərdə cəmiyyətin hansı problemlərini qabartmaq istərdiniz?
   - Seriallara gələndə, məncə, bizdə indi çəkilən seriallardan hələ yüksək səviyyə gözləmək düzgün deyil, çünki bu sahə bizim yaradıcı qüvvələr üçün təzədi, hələ öyrənirik. Yaradıcı heyət də, texniki qrup da sürətli iş rejiminə öyrəşməlidir. Yəqin ki, bir-iki ilə artıq lazımi təcrübə əldə ediləcək, ondan sonra yaxşı seriallarımız olacaq. O ki qaldı mövzu məsələlərinə, məncə, ən böyük problem xarici serialların modellərini götürüb heç nəyi dəyişmədən, olduğu kimi bizim ekrana çıxarmaqdır. Əlbəttə, konkret modellər götürülə bilər, lakin bütün məzmun məhz bizim reallığa, bizim mentalitetə uyğunlaşdırılmalıdır. Belə olmasa, sünilik o saat özünü büruzə verəcək.
   - Əsərlərinizdə öz həyatınızı qələmə alırsınız. Yazılarınızda sizi görürük, səhv etmirik ki?
   - Səhv etmirsiniz. Sadəcə, hər şey olduğu kimi yazılmır axı. Həyat sənət prizmasından keçir, bu tərəfə nə çıxırsa, yazıda yalnız o qalır. Hər şeyi olduğu kimi yazmaq mənim üslubum deyil. Düzdür, ədəbiyyatda belə realist yazarlar da çoxdur. Mənsə realist deyiləm, uşaqlıqdan realist ədəbiyyatı sevməmişəm.
   - Məncə yalnız dostu, sirdaşı külək, həmdəmi yağış olanlar sizin kimi düşünə bilərlər...
   - İnsan həyatda hər şeydən qaça bilər, küləkdən, yağışdan isə qaça bilməz. Bunlar hamısı qaçılmaz gözəlliklərdir. Elə bil bizi məcbur edir ki, məni hiss et, dərk et. Mən də hiss etməyə çalışıram.
   - Həqiqəti cırıb at... Yalan şirin zəhərmiş... Bu zəhər isə birdəfəlik öldürmür axı?
   - Hə, öldürmür. Amma tam dirilməyə də qoymur. Elə yarımyuxulu kimi saxlayır adamı. Onu da deyim ki, bu halın özündə də maraqlı məqamlar çoxdur - bütün ətrafda baş verən hadisələrə yarımyuxulu baxışlarla baxmaq. Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir. Bunu da ən gözəl şəkildə Füzuli ifadə edib. Öz içində dəfn olunmaq xoşbəxtlikdir, məncə. Sadəcə bəzən insanlar bundan qorxurlar. Güzgüdən qorxduqları kimi. Ümumiyyətlə, son illərdə insanlar özlərindən çox qorxurlar, ona görə də çalışırlar ki, özlərini görməsinlər. Həqiqəti göstərən güzgülər yavaş-yavaş dəbdən düşmək üzrədir. Bir azdan onu da videokameralar əvəz edəcək.
   
   “Bir işə başlayanda o qədər aludə oluram ki, müəyyən vaxtdan sonra o iş mənim üçün maraqdan düşür” - deyən müsahibimə söhbət üçün minnətdarlığımı bildirirəm və arzu edirəm ki, heç vaxt yazmaq onun üçün maraqdan düşməsin.
   
   Lalə Azəri