Akif Məlikov: «Opera və Balet Teatrında çox sağlam yaradıcılıq ab-havası hökm sürür»
   
   Başa vurduğumuz il aparıcı sənət ocaqlarımızdan olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı fəaliyyətində də bir çox əlamətdar hadisələrlə - premyera tamaşaları, qastrol səfərləri, teatrın səhnəsində xarici ölkələrdən dəvət olunmuş məşhur sənət ulduzlarının çıxışları və s. ilə yadda qaldı. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov bizimlə müsahibəsində də bu uğurlardan danışdı. Mədəniyyətin daim dövlətin diqqət mərkəzində olduğunu vurğulayan A.Məlikov ölkə prezidentinin teatr sənəti ilə bağlı imzaladığı fərman və sərəncamları Azərbaycan incəsənətinin inkişaf strategiyası kimi səciyyələndirdi.
   
   - Biz teatr təmsilçiləri dövlət tərəfdən bu qayğını daim hiss edirik. Son illər teatr sənətinin inkişafına yönələn irimiqyaslı işləri milli teatr tariximizin ən parlaq səhifələri kimi dəyərləndirmək olar. Mədəniyyət və Turizm Nazirliyi hər zaman Opera və Balet Teatrının fəaliyyətinə böyük diqqətlə yanaşır. Bu dəstəyin nümunəsi kimi teatrın balet truppasının dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin tamaşası ilə Rusiya Akademik Böyük Teatrında çıxışını qeyd edə bilərəm. Azərbaycan balet truppasının dünyanın aparıcı teatrlarından olan Böyük Teatrın səhnəsində çıxışı milli musiqi mədəniyyətimizin tarixində önəmli bir hadisə olmaqla yanaşı, Rusiya mediasında da böyük əks-səda doğurdu, tamaşaya yüksək qiymət verildi.
   Yaradıcı kollektivlərin qastrol səfərlərinə dəstək göstərməklə yanaşı, nazirlik teatrın simfonik orkestrinin maddi-texniki bazasının möhkəmlənməsi ilə bağlı da əhəmiyyətli işlər görüb. Teatrın simfonik orkestri üçün Avropanın bir sıra aparıcı musiqi firmalarının istehsalı olan nəfəs və simli alətləri alınıb. 2011-ci ilin avqustunda isə simfonik orkestrimiz Almaniyada keçirilən çox mötəbər beynəlxalq opera sənəti festivalına dəvət alaraq artıq dördüncü dəfə festivalın Qala-konsertində çıxış edib. Orkestr festivalda dünyanın ən məşhur bəstəkarlarının əsərləri ilə yanaşı, Azərbaycanın görkəmli bəstəkarları Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, P.Bülbüloğlunun da musiqilərini uğurla ifa etdi. Şübhəsiz ki, hər bir səfər, orkestrin hər bir çıxışı tələbkar Avropa dinləyiciləri qarşısında orkestrin yüksək ifaçılıq səviyyəsini sübut etməklə yanaşı, həm də Azərbaycan mədəniyyəti və incəsənətinin xaricdə geniş təbliğatına xidmət edir. Fəaliyyətimizə verilən bu dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə və şəxsən nazir Əbülfəs Qarayevə çox minnətdarıq.
   - Akif müəllim, ötən il teatrınızın fəaliyyəti yeni tamaşaların hazırlanması ilə də məhsuldar oldu. İl ərzində teatr repertuarını beş yeni tamaşa ilə zənginləşdirdi. Repertuarı müəyyənləşdirərkən əsasən hansı meyarlar nəzərə alınır?
   - Biz tamaşaçıların maraq dairəsində olan əsərləri opera səhnəsinə gətirməkdə davam edirik. Elə bu meyarla il ərzində görkəmli rus bəstəkarı N.Rimski-Korsakovun “Şəhrizad” və fransız bəstəkarı J.Bizenin musiqisi əsasında “Arlezianka” baletləri, həmçinin P.Maskaninin “Kənd namusu”, V.A.Motsartın “Sehrli fleyta” (konsert variantında) və S.Raxmaninovun “Aleko” operalarının premyeralarını gerçəkləşdirdik. Hər biri uğurla baş tutan premyeralar böyük tamaşaçı marağına səbəb oldu.
    - Düşünürəm ki, Opera və Balet Teatrının fəaliyyətindəki əsas məqamlardan biri də repertuardakı klassik opera və balet tamaşalarında aparıcı partiyaları ifa edəcək solistlərlə bağlıdır. Xarici ölkələrdən məşhur vokal və balet sənəti ulduzlarının, habelə dirijor, baletmeyster və rejissorların dəvət edilməsi istiqamətində nə kimi işlər görülür?
   - Ötən il teatrın səhnəsində sənətsevərləri heyran edən balet ulduzları - beynəlxalq müsabiqələr laureatı, Ukraynanın Xalq artisti Yelena Filipyeva və Ukraynanın Əməkdar artisti Sergey Sidorski, Belarusun Əməkdar artisti Olqa Qayko və Oleq Yeromkin, Rusiya Akademik Böyük Teatrının solistləri Mixail Lobuxin və həmyerlimiz Çinarə Əlizadə, həmçinin istedadlı vokalçılar - Gürcüstanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Teymuraz Ququşvili, Ukraynadan Seyran Maksutov, Dmitri Kuzmin və başqaları çıxış etmişlər. Ötən il teatrımızın tamaşalarında dirijor pultu arxasında orta və gənc nəslin nümayəndələri olan istedadlı azərbaycanlı dirijorlar - Cavanşir Cəfərov, Yalçın Adıgözəlov, Nazim Hacıəlibəyov, Elşad Bağırov, Azad Əliyev, Əyyub Quliyev, Sevil Hacıyeva və başqaları ilə yanaşı, həm də dünya şöhrətli maestrolar Korneliya fon Kerssenbrofk (Almaniya), Can Luka Marçiano (İtaliya), Andrey Anixanov (Rusiya, Sankt-Peterburq), Pavel Kliniçev (Rusiya, Yekaterinburq) durdular. Yeni quruluşların həyata keçirilməsi üçün ukraynalı tanınmış opera rejissoru Nikolay Tretyakı, rusiyalı xoreoqraf Nadejda Malıginanı, balet truppasında ustad dərsləri keçirilməsi məqsədilə Tatyana Boroviki (Ukraynanın Xalq artisti, Dövlət mükafatı laureatı), Lyüdmila Semenyakanı (SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı) dəvət etdik.
   - Balet və vokal solistləri, dirijor, baletmeyster və rejissorların fərdi şəkildə dəvət olunması ilə yanaşı, Belarus Dövlət Akademik Opera və Balet Teatrı ilə ikitərəfli əməkdaşlıq haqqında memorandum da imzaladınız. Bu razılaşma hansı istiqamətləri əhatə edir?
   - Memorandum musiqi sənəti, teatr-quruluş fəaliyyəti sahələrində mübadilə, ayrı-ayrı solistlərin və yaradıcı kollektivlərin qastrollarının təşkil edilməsi, hər iki teatrın aparıcı mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilməsi, dirijor, rejissor və rəssamların mübadiləsi sahəsində əməkdaşlığı, hər iki ölkənin musiqi və teatr həyatı sahəsində informasiya mübadiləsini nəzərdə tutur.
   - Teatrınızda gənclərlə iş necə qurulub? Gənc sənətçilərin xaricdə ixtisasartırma kurslarında təhsil alması istiqamətində işlər barədə nə deyə bilərsiniz?
   - Ötən il teatrın balet truppasının aparıcı solisti, Əməkdar artist, Prezident mükafatçısı Kamilla Hüseynova Rusiya Akademik Böyük Teatrında öz ustalığını artırdı, Böyük Teatrın balet truppasının təşkilati-yaradıcılıq fəaliyyəti ilə tanış oldu. Həmçinin ötən ilin sentyabrında balet truppasının gənc solisti Cəmilə Kərimova Moskvada Rusiya Dövlət Xoreoqrafiya Akademiyasında birillik ixtisasartırma kursunu başa vuraraq teatra döndü. Hazırda teatrın gənc vokalçıları İlham Nəzərov və Azər Rzazadə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə İtaliyanın Ozimo Musiqi Akademiyasında təhsil alırlar.
   Ümumilikdə teatrımız istedadlı gənclərə hər zaman öz səhnəsində geniş meydan verir. Ötən il ərzində bir neçə gənc vokalçı teatrın səhnəsində debüt etdi, bəziləri daha məsul və əhəmiyyətli rol və partiyalarda sınaqdan çıxdılar. Bu sırada vokalçılar Afaq Abbasovanın (“Traviata” operasında Violetta, “Boqema” operasında Mimi), Çinarə Şirinin (“Aida” operasında Aida), İlham Nəzərovun (“Sehrli fleyta” operasında Papageno), Azər Rzazadənin (“Aleko” operasında Gənc qaraçı), balet artistləri Nigar İbrahimovanın (“Qu gölü” baletində Odetta-Odilliya), Tamilla Məmmədzadənin (“Min bir gecə” baletində Şəhrizad), Cəmilə Kərimovanın (“Arlezianka” baletində Vivetta), muğam ifaçıları İlkin Əhmədov və Vüsalə Musayevanın (“Aşıq Qərib” operasında Aşıq Qərib və Şahsənəm) adlarını çəkmək olar.
   - Repertuara daxil edilən yeni tamaşalar barədə də məlumat verməyinizi istərdim. Eşitdiyimə görə, bu il uzun müddətdən bəri teatrın repertuarında olmayan Ü.Hacıbəylinin “Əsli və Kərəm” operası yenidən səhnəyə qoyulacaq.
   - Bəli, biz operanı yeni redaksiyada tamaşaçılara təqdim edəcəyik. Bundan başqa, bu il teatrda daha üç tamaşanın quruluşu həyata keçiriləcək. Bunlar D.Şostakoviçin “Xanım və Xuliqan” baleti, V.A.Motsartın “Hamı belə edir” və C.Puççininin “Canni Skikki” operalarıdır. Bu il Opera və Balet Teatrının səhnəsində bir sıra məşhur sənət ulduzlarının çıxışları da nəzərdə tutulub. Məsələn, fevralın 11-də keçiriləcək “Qu gölü” baletinin tamaşasında Sankt-Peterburqdan balet ulduzları - Mariinski adına Teatrın prima-balerinası, Rusiyanın Əməkdar artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Anastasiya Koleqova və onun tərəf-müqabili - Rusiyanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Danil Korfuntsev çıxış edəcəklər.
   Mart ayında “Riqoletto” operasının tamaşasında Cilda partiyasını ifa etmək üçün istedadlı rusiyalı vokalçı, Vokalçıların P.Çaykovski və M.Qlinka adına müsabiqələrinin laureatı, hazırda Avropada çox populyar olan, ən mötəbər opera səhnələrində çıxış edən Tatarıstanın Xalq artisti Albina Şaqimuratova dəvət olunub.
    - Son günlər kütləvi informasiya vasitələrində Azərbaycan teatrları və yaradıcı heyətləri, aktyor və rejissorları barədə müxtəlif məzmunlu fikirlər yer alır. Necə düşünürsünüz, teatrın daxili məsələləri bu qədər geniş müstəvidə müzakirə olunmalıdır?
   - Özünəməxsus ənənələri olan Azərbaycan teatrı çox uzun, eyni zamanda mənalı bir yol keçmiş, hər zaman inkişaf etmiş, bu gün də inkişafdadır. Hazırda Azərbaycan teatrlarının fəaliyyəti Dövlət Proqramı çərçivəsində tənzimlənir. Teatrların təmiri, yenidən qurulması, müasir texniki vasitələrlə təchizi, eyni zamanda yaradıcı işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində çox böyük işlər görülür. Bütün bunları inkar etmək olmaz. O ki qaldı kütləvi informasiya vasitələrində hallandırılan bəzi fikirlərə, bunu bütünlükdə Azərbaycan teatrının problemləri ilə bağlamaq düzgün deyil və teatrların daxilindəki xırda narazılıqların şişirdilməsinə ehtiyac yoxdur. Əslində narazılıqlar əsasən yaş senzinin tətbiq olunması ilə əlaqədardır. Bilirsiniz, bütün hallarda insanın sevdiyi işindən ayrılması bir qədər ağrılıdır, lakin həqiqəti qəbul etmək, ona anlayışlı şəkildə yanaşmaq lazımdır.
   Bizim teatrda da istər yaradıcı, istərsə də texniki heyətin içərisində uzun illərdən bəri çalışan, həm də səmərəli fəaliyyət göstərən əməkdaşlar var idi və bu yaxınlarda onlar təqaüdə yollandılar. Lakin heç bir narazılıq baş vermədi, onlar reallığı qəbul etdilər.
   Ümumilikdə qeyd edim ki, bu gün Opera və Balet Teatrında çox sağlam yaradıcılıq ab-havası hökm sürür. Teatrın bütün yaradıcı kollektivləri - vokal və balet truppaları, simfonik orkestr, xor kollektivi, eləcə də inzibati-texniki heyət canlı bir orqanizm kimi sıx birləşərək daimi yaradıcılıq axtarışında olub, fədakarlıq və ruh yüksəkliyi ilə çalışır. Bunun nəticəsidir ki, teatr bütün sahələr üzrə yüksək göstəricilərə nail olur. Bütün kollektivin ali məqsədi isə tamaşaçılara hər zaman ən yüksək tələblərə cavab verən, onlara yüksək zövq aşılayan dəyərli səhnə əsərləri təqdim etməkdir.
   
   Həmidə Nizamiqızı