2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan qurumun mədəniyyət siyasətində fəal iştirak edir. Öz növbəsində bu qurum da Azərbaycanla tərəfdaşlığa böyük önəm verir. 2011-ci ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəstək verən beynəlxalq təşkilatlar sırasında Avropa Şurası da vardı.
   
   Avropa Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəri Konstantin Yerokostopoulosla söhbətimizdə qurumun Azərbaycanla mədəniyyət sahəsində əlaqələrinə toxunduq. O əvvəlcə Avropa Şurasının mədəniyyət sahəsindəki fəaliyyətindən qısa söz açdı:
   - Avropa Şurasının mədəniyyət sahəsindəki fəaliyyəti dörd başlıca prinsip üzərində qurulub: şəxsiyyətin inkişaf etdirilməsi, yaradıcı potensiala dəstək verilməsi, mədəni müxtəlifliyə hörmət və mədəni həyatda iştirak. Avropa Şurasının mədəniyyət və irs sahəsindəki işi müəyyən mənada mədəniyyət üzərində qurulmuş insan hüquqları mövzusu ilə əlaqəlidir. Mədəni həyatda iştirak və özünüifadə bu hüquqların tərkib hissəsidir. Bu il qurumun yeni səlahiyyətli orqanı - Mədəniyyət, İrs, Mənzərə üzrə Rəhbər Komitəsi əvvəlki xüsusiləşdirilmiş komitələri əvəz edəcək və bu sektorlarda Avropa Şurasının bütün fəaliyyətlərini tənzimləyəcək.
   - Cənab Yerokostopoulos, Avropa Şurası üçün mədəniyyətlərarası dialoq məfhumu nəyi ehtiva edir və bununla bağlı təşəbbüs ilk dəfə nə zaman göstərildi?
   - Mədəniyyətlərarası dialoq məfhumu mədəniyyət siyasətinin inkişafına, mədəniyyət siyasətinin yerinə yetirilməsinə, Avropa standartlarının, prinsiplərinin, yaxşı təcrübələrin və bunun ardınca mədəniyyət sahəsində standartların qaydaya salınmasında iştirakı ehtiva edir. Mədəniyyətlərarası dialoqla bağlı təşəbbüsə gəlincə, 2005-ci ilin mayında Polşanın paytaxtı Varşavada Avropa Şurası və dövlət başçılarının sammiti keçirildi. Bu toplantıda mədəniyyətlərarası dialoqu təntənəli şəkildə elan edən siyasi bəyannamə və fəaliyyət planı qəbul edildi. Hər iki sənəddə müxtəlifliyin demokratik idarə olunması və xüsusilə də mədəniyyət sektoru təşkilatın mərkəzi prioriteti elan olundu. Bu münasibətlə təşkilatın məsul departamenti “Mədəniyyətlərarası Dialoq üzrə Ağ Kitab” çap etdi. Kitabda göstərilirdi ki, bizim ümumi gələcəyimiz insan hüquqlarını müdafiə və inkişaf etdirməyimizdən, demokratiyadan və hüquqi qaydalardan, qarşılıqlı anlaşmaya dəstək verilməsindən asılıdır.
   - Avropa Şurasına üzv dövlət kimi Azərbaycanın bu qurumun mədəniyyət siyasətində yerini necə qiymətləndirirsiniz?
   - Azərbaycan Avropa Şurasının üzvü kimi qurumda fəal iştirak edir və qurumun bir sıra layihələrində vacib rol oynayır. Xüsusilə mən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2008-ci ilin dekabrında Bakıda keçirilən konfransını xatırlatmaq istərdim. Mən həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoqa dəstək verilməsində oynadığı rolu da vurğulamaq istərdim. Azərbaycan 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumuna ev sahibliyi etməklə bu sahədə əhəmiyyətli rol oynadığını nümayiş etdirdi.
   - Yeri gəlmişkən, Azərbaycan Prezidentinin fərmanı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildən bir Bakıda keçiriləcək. Bu beynəlxalq mədəniyyət tədbirinin perspektivlərini siz necə görürsünüz?
   - Bu məsələ ilə bağlı şəxsi fikrim bundan ibarətdir ki, Avropada mədəni siyasət üçün mənzərə indi çox mürəkkəbdir. Hadisələrin məğzinə nəzər yetirsək hər yerdə yenidən kəşf olunma, yenidən islahat aparma, yenidən layihələndirmə görünür. Bu çərçivədə Mədəniyyətlərarası Dialoq üzrə Bakı Forumu dünya üçün çox vacib və əhəmiyyətli bir layihədir. Bu iş xüsusilə də mədəniyyətlərarası yanaşmanı dürüst ifadə edən mədəni müxtəlifliyin idarə olunmasında tədbirli modeldir.
   
   Mehparə