“Babam ötən əsrin əvvəlində Azərbaycanda neft kompaniyasında çalışıb. Ölkənizə gələndə düşünürdüm ki, burada insanlar çox mühafizəkardır. Lakin gördüm ki, onlar ünsiyyətcil, isti münasibətlidir”

Azərbaycan Milli İncəsənət Muzeyində “Şekspir ili”nin açılış mərasimi zamanı fürsətdən istifadə edib bizi maraqlandıran suallarla Britaniya Şurasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Elizabet Vayta müraciət etdik:

- Britaniya Şurasının Azərbaycandakı əsas prioritetləri nədən ibarətdir?
- Bizim qurumun əsas prioriteti insanlar arasında inam və hörmət qurmaqdır. Biz müxtəlif ölkələrdə ingilis dili, təhsil, mədəniyyət və incəsənət istiqamətində işləyirik. Məsələn, Azərbaycanda teatr sahəsində çoxlu işlər görürük. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə bu sahədə əməkdaşlıq edirik. Britaniya Şurası dünyada təşkilatlar və insanlar arasında körpüdür. Mən həm də Böyük Britaniya səfirliyinin mədəniyyət attaşesiyəm. Onu da deyim ki, Britaniya Şurası Böyük Britaniya səfirliyinin bir hissəsi deyil. Səfirlik dövlət qurumudur, biz isə qeyri-hökumət təşkilatıyıq. Yuxarıda qeyd etdiyim kimi, proqramları qarşılıqlı maraq əsasında tərtib edirik. Böyük Britaniya və fəaliyyət göstərdiyimiz ölkə üçün maraqlı olan nədir? Bununla bağlı müxtəlif layihələrimiz olur. Prioritetlərə gəlincə, onlar dəyişə bilər. Məsələn, 10 il bundan əvvəlki proqramımız indikindən fərqlidir. Bu dəyişiklik insanlardan, bizim harada işləməyimizdən asılı olaraq baş verir. Xüsusilə onu vurğulamaq istərdim ki, bu dəyişiklik siyasi vəziyyətdən asılı olmur və biz sadəcə olaraq proqramlarımızı maraqlı sahələr üzrə qururuq. Britaniya Şurası 2008-ci ildə Azərbaycanda ingilis dili kurslarını bağlamışdı və mənim fikrimcə, bu yaxşı qərar deyildi. Keçən il mən Azərbaycanda nümayəndə kimi fəaliyyətə başlayanda dedim ki, bu kursları açmaq lazımdır.
- Azərbaycanda mədəniyyət sahəsində daha çox hansı istiqamətlər sizin üçün maraqlı və cəlbedicidir?
- Britaniya Şurasının musiqi, film, teatr sahəsində proqramları var. Ötən il teatr sahəsində çoxlu işlər gördük. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində bununla bağlı müzakirələrimiz oldu. Əldə olunan razılaşmaya əsasən, Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis dramaturqu, “Oskar” mükafatçısı Martin Mak Donaxın “Lineynin trilogiyası” adlı əsəri əsasında “Konnemarada bir kəllə”, “Gözəllik kraliçası”, “Yalqız Qərb” tamaşaları hazırlandı. Tamaşanın quruluşçu rejissoru Yan Vilyem Van Den Boh, tərtibatçı rəssamı Liza Kuk, işıq üzrə rəssamı Maykl Manyon idi. Azərbaycan teatr məkanında ilk dəfə eyni müəllifin üç əsərinin bir məkanda nümayişi teatrsevərlərə hədiyyə oldu. Mədəniyyət və Turizm Nazirliyi, Britaniya Şurası və Gənc Tamaşaçılar Teatrının birgə layihəsi teatr əməkdaşlığına dair müqavilə əsasında reallaşdı. Layihədə Böyük Britaniyadan teatr mütəxəssisləri ilə bərabər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyəti, gənc rejissor və işıq dizaynerləri də iştirak edirdilər.
Biz həmçinin Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Milli Dram Teatrı ilə də işləmişik. Britaniya Şurası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə teatr əməkdaşlığı layihəsini davam etdirməkdən qürur duyur. Layihə Azərbaycanın dövlət və özəl teatrları ilə əməkdaşlığı gücləndirəcək. Bu il Şekspirin 450 illik yubileyi çərçivəsində çoxlu proqramlar həyata keçirməyi düşünürük. Bu baxımdan, onun pyesləri ilə bağlı da proqramlarımız olacaq.
- Azərbaycana gələnə qədər hansı ölkələrdə fəaliyyət göstərmisiniz?
- Əvvəlcə onu deyim ki, mən Şotlandiyaya yaxın, Şimali İngiltərədə kiçik bir kənddə doğulmuşam. Artıq 20 ildir ki, Britaniya Şurasında işləyirəm. İlk fəaliyyətim 1993-cü ildə Qazaxıstanda olub və mən orada qurumun ilk ofisini açmışam. Həmin vaxt sovet rejimindən qopan ölkə özünü yenidən qururdu və mənim üçün orada yaşayıb-işləmək çox maraqlı idi. Sonra mən Sankt-Peterburqda işləməyə getdim və bu şəhəri, onun mədəniyyətini sevdim. Qısa müddət Praqada çalışdıqdan sonra ərəb dünyasına, Yəmənə getdim. Bu ölkə çox əsrarəngiz idi və 4 il sonra fəaliyyətimi Suriyada davam etdirdim. 2011-ci illərin sonlarında Dəməşqdə təhlükəli vəziyyət yaranırdı və ona görə də fəaliyyətimizi Beyruta keçirdik. Suriyadan sonra mən hər hansı ölkənin belə gərgin anlar yaşamasını istəməzdim. Sevinirəm ki, hazırda Azərbaycan kimi sabit, sakit bir ölkədə fəaliyyət göstərirəm. Doğrudur, bir ölkədə işləyərkən oraya uyğunlaşırsan, dostluqlar edirsən və sonra ayrılmaq çətin olur. Amma düşünürəm ki, həyat öyrənməkdir.
- Maraqlıdır, ölkəmizlə bağlı sizdə hansı təəssürat yaranıb?
- Mən hələ qısa müddətdir ki, Azərbaycandayam. Lakin öz həmkarımdan ölkə ilə bağlı müsbət fikirlər eşitmişəm. Onu da qeyd edim ki, mənim babam ötən əsrin əvvəlində Azərbaycanda olub. O, neft kompaniyasında çalışıb. Biz onun fotosunu tapdıq və orada yazılmışdı “Bakıda”. Mən Bakıda gözləmədiyim iki halla qarşılaşdım. Düşünürdüm ki, burada insanlar çox mühafizəkardır. Lakin gördüm ki, onlar ünsiyyətcil, isti münasibətlidir. İkincisi isə şəhərin zəngin memarlığı məni təəccübləndirdi. Təəssüf ki, dünyanın bir sıra ölkələrində və Böyük Britaniyada insanların Azərbaycanla bağlı məlumatları azdır. Azərbaycanın gözəl regionları da var. Hər bir imkandan istifadə edib regionlara gedirəm. İsmayıllını, Lahıcı, Altıağacı sevdim. Bakıda isə İçərişəhərdə yaşayıram, vaxtım olanda dənizkənarı bulvara getməyi xoşlayıram.

Mehparə