təkrarsız pedaqoqluğu, yazıları, tədqiqatları ilə bahəm, səsi, nəfəsi, jestlərilə də bir universitet - Şirməmməd Hüseynov...

Onu “özəlləşdirən” bütün tələbələri kimi, mən də “öz Şirməmməd müəllimim”lə bu müsahibəyə gedərkən, həmkarlarımdan ikisinin fikirləri üstdə köklənmişdim. Biri düz 40 il əvvəl ADU (BDU) məzunlarının “yuma məclisi”ndə deyilən “Mən universiteti yox, Şirməmməd Hüseynovu bitirmişəm!”, digəri - bu günlərdə çapdan çıxmış “Biblioqrafiya”sının girişindəki “...Əlbəttə, hər müəllim istədiyini heç də hamıya təlqin edə bilmir, amma Şirməmməd müəllimin auditoriyasından çıxıb vətəndaş olmamaq mümkün deyil”...

Və... başdan-başa Millət Mirzəliyinə, milli məfkurə mücəssəməsinə bənzəyən bu universal patriarxımızın müsahibə zamanı özündən bəhs etməyəcəyini bildiyimdən ilk sualım belə oldu:

- Şirməmməd müəllim, xahiş edirəm, nəzərə alın ki, bu söhbətimiz “tərcümeyi-hali müsahibə” “janr”ında olmalıdır...
- Hər hansı şəxsi tərcümeyi-hal bu millətin nəyinə lazımdır e, rəhmətliyin oğlu. Bunun nəyi, harası maraqlı ola bilər ki?
- Onda “filial” ilk sual: bu qədər yorulmazlıqlardan yorulmamısız ki?..
- Siznən birlikdə yol gəlmədimmi, pilləkənləri çıxmadımmı? Qocafəndi gəldim, ya cavanfəndi?..
- Yox, mən necə gəlib-getməyi yox, 60 ildən çoxdur hər gün yol, pillələr, məqsəd-məram eyniyyətini vurğulayıram. Hansı ki, hələ 43 yaşınızdaykən auditoriyada bizə dediniz, “hər” gün universitetə eyni yol, eyni küçədən gedib-gəlməyin - zövqünüzün maraqlarını yormayın...”
- Şairlərdən biri belə misralar yazıb:
Nəsil gəlir, nəsil gedir,
Hardan gəlir, hara gedir?
Bu məxluqdan bilən varmı -
Niyə gəlir, niyə gedir...

- İnsan bunu da bilsəydi, dünya maraqsızlaşardı ki...
- Lermontov yazırdı ki, bir insanın həyatı - anadan olandan ölənə qələmə alınsa, xalqın, millətin tarixindən həm uzun olar, həm də maraqlı. Millət fərdlərin, bəşəriyyət millətlərin məcmusudur. Ailələrdə atmosfer necədirsə, millətdə də elədir. Əgər ailədə vətənpərvərlik varsa, övlad da vətənpərvər olur. Zərdabi deyirdi, bu milləti müasirləşməyə qoymayan birinci növbədə babalar və nənələrdi; onlar insanlara uşaqlıqdan nağıl danışırlar, həyat yox. Uşaq da elə bilir ki, həyat bir nağıldır. Yəni uşağa həyatı öyrətmək, mühiti, düzlüyü, nəfsinə hakim olmağı, ləyaqətli ömür yaşamağı aşılamaq lazımdır... Yaponlar uşaqla “siz” deyə danışırlar, “sən” yox. Uşağa müstəqillik verirlər. Türklər də deyir, diriləri ölülər yaşadır. Bu vətəni bizə qoyub gedənlər, bu millətin mövcudiyyətini qoruyanlar ölüb gedib, ya yox? Yox. Hər gələn nəsil də görür ki, millət var, dövlət var, mədəniyyət var - başlayır onu qorumağa, nələrsə əlavə etməyə.
Bilirsiz, çox şeylər var, ey. Fərqindəyikmi ki, bizdə jurnalistika humanitar jurnalistikadır. Bizdə elmi, texniki jurnalist yoxdur. Bu günlərdə universitetimizin yaranmasının 95 illiyini qeyd edəcəyik. Amma “universitet” deyilən təsisat özü nə vaxt yaranıb? İtaliyada 1158-ci ildə, İngiltərədə 1209-cu ildə, Rusiyada 1755-ci ildə. Ona görə də Zərdabi yazırdı ki, biz bəşəri inkişafdan kənarda qalmışıq, körpü çaydan kənar düşüb. Amma tarixdə 128 türk dövləti yaranıb. Allah türklərə üç böyük xüsusiyyət verib - dövlət yaratmaq qabiliyyəti və istedadı, qəhrəmanlıq və fədakarlıq, insaflılıq və mərhəmətlilik. Əli bəy Hüseynzadə yazırdı ki, biz birinci növbədə insanıq, sonra türkük, sonra müsəlmanıq.
- Şirməmməd müəllim, bəs bu böyük, vacib fikirləri daha geniş yayımlayıb, tirajlayıb milləti oyatmaq işində kimik, nəçiyik, necəyik?..
- “Təbii sərvətlərə sahib çıxanlar çox, mədəni sərvətlərə sahib çıxanlar az” məsələsi bizdə bir az güclüdür. Düzdür, insan təbiətin övladıdır; ona yemək lazımdır, içmək lazımdır, yuva lazımdır - özü də hər gün. Əgər camaatın işi yemək axtarmaq olubsa, onda onun bu sərvət haqda fikirləşməyə vaxtı olmayacaq. İnsanlar da hamısı eyni düşüncədə deyildir, axı. Marks “bütün ölkələrin proletarları, birləşin” yazırdı. Rəsulzadə isə deyirdi bununçün bəşəriyyət elmin, mədəniyyətin çox yüksək səviyyəsində olmalıdır, hamı bərabər gün-güzəran, yaşam imkanına malik olmalıdır - daha millətləri siniflərə ayırıb, qüvvələrini almaq, parçalamaq yox.
- Bir dəfə bir məclisdə Bəxtiyar müəllimi çox tərifləyiblər, o isə “mənim kimi 50 şairdənsə, Şirməmməd kimi 5 əsl vətəndaş gərəkdir” - deyib.
- (Gülümsünür) M.Ə.Rəsulzadə isə deyirdi ki, bizim millət tarix boyu uçurum qarşısında olub, lakin həmişə onun içərisindən böyük kişilər çıxaraq vətəni xilas edib. XIX əsrdə şimali Azərbaycanda təxminən 5 milyon adam gəlib-gedib. Onlardan neçə nəfər qalıb? Dördü: A.Bakıxanov, M.F.Axundov, M.Kazımbəy, H.Zərdabi. Hər dövrdə talantlar doğulmur. Bir var talantlar, bir də var talantların qiymətini bilənlər. Rəsulzadə deyirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti bir adamın, beş adamın işi deyil, bunu millət yaradıb.
Mən ovaxtkı “Azərbaycan” qəzetində işləyənlərin siyahısını götürmüşəm. Onların arasında 40 yaşdan yuxarı olanı yoxdur. Ən yaşlısı olan Rəsulzadənin 1918-ci ildə 34, Ü.Hacıbəylinin 33, C.Hacıbəylinin 27, Şəfi bəy Rüstəmbəylinin 25, Əhməd Cavadın 22, M.Məmmədzadə və X.İbrahimin 20, Ə.Yusif və C.Cabbarlının 19!..
Millətin qarşısında tarixən iki sual dayanır: nə etməli, nədən başlamalı? Bizə öyrədiblər ki, bunu Lenin deyib. Amma öyrətməyiblər ki, bunu Axundov necə deyib, Bakıxanov “Gülüstani-İrəm”ində necə buyurub. Soljenitsın deyirdi ki, bu müsəlmanlar maraqlı qövmdür - onlar hardadılarsa, orda ya neft var, ya da qaz. Amma bu onlara həm rahatlıq gətirir, həm bədbəxtlik. Professor Fərhad Tağıyevin indi Amerikada yaşayan, fiziki biologiya ilə məşğul olan oğlu Aqşin Tağıyev deyir ki, amerikalılar dünya xalqlarının DNT analizini hazırlayır. Deyir, Qafqazdan tapılan insan sümüklərinin analizi nəticəsində məlum olub ki, 30 min il əvvəl burada yaşayan insanlarla indiki azərbaycanlıların DNT analizi eynidir. Deyir, bu faktdan sonra, orda-burda yaşaya-yaşaya özlərini qədim Qafqaz aborigeni hesab edən erməni ideoloqlarının başına kül olub Amerikada!..
- Onların bu məsələyə də müdaxilə ehtimalı gözlənilmir ki?..
- Yox, belə şeylər başçıların “canlı qanun” - “jivoy zakon” olduqları ölkələrdə keçər, Amerikada yox. Məsələn, çar Rusiyasında 53 quberniya olub ki, 43-nün qubernatoru generallar idi. Çünki hərbçilər nəyi sevir - “ne rassujdat, a ispolnyat”! Fikirləşmə, icra et.
- Ay Şirməmməd müəllim, ömrünüz boyu danışdığınız, yazdığınız “milli tərcümeyi-hal” epopeyasından bircə “fəsil”, bir pay da özünüzə çəksənizə...
- Bilirsən də insanın tərcümeyi-halı nəyə bərabərdir? Qəbir daşı üstündə anadan olduğu tarix, tire, öldüyü tarix. “Tire”nin əhəmiyyəti yoxdu. Əgər o tire cəmiyyətin, millətin həyatında reallaşırsa... Millətimizin tarixini ilk yazan Bakıxanov qeyd edir ki, tarix bir hökmü-rəbbanidir - Allah hökmüdür. Onun üzərində heç kim ağalıq edə bilməz.
Hamımız sovet dövründə yaşamışıq... Amma bir şey var idi də ailəmizdə, qonşularımızda, müəllimlərimizdə: Cümhuriyyət ruhu! Mən onlardan nə fırıldaq görmüşəm, nə yalan eşitmişəm. Üç yaşımda atamı itirmişəm. Altı uşaq idik, anamız da savadsız. Qonşuda qəssablar var idi, hər cümə günü bizə ət göndərirdilər. Digər qonşumuz çörək bişirib göndərirdi. Elə bunların özü də Cümhuriyyət ab-havasından idi...
- Və Siz bu saat da həmin ab-havadasız...
- ...III kursda universitet qəzetinin redaktor müavini idim. Feyzulla Qasımzadə imtahan aparırdı. Birdən işığı söndürdülər, 7 uşağa şparqalka payladılar. Mən bunu F.Qasımzadəyə dedim, o da şparqalkaları yığışdırdı, imtahan elədi, hamısına 2 verdi. Universitetin komsomol komitəsinin katibi Rayifə Həsənova məni çağırdı, dedi sən də tələbəsən, adam satqınlıq eləyər? Dedim, bəs millətin evini yıxmaq olar?! Axı, şparqalka da bu millətin evini yıxır! Nəysə, “Vrednaya pomoş” adlı bir məqalə yazdım, apardım bir neçə “özdilli” qəzetlərimizə, vermədilər, nəhayət, “Molodyoj Azerbaydjana” çap etdi. Sonra müzakirələr başlandı, partkomda mənim məsələmi qoydular. Məmməd Səlimov dedi, bəlkə bunu öyrədiblər - universiteti ləkələmək üçün. Dedim, hə, öyrədiblər. Kim öyrədib? Dedim, Məmməd Səlimov. O mənə partiya tarixi dərsi deyib. Dedim, sən mənə öyrətməmisən ki aa, adam düz olar, mübariz olar?! Bəli, millətin evini rüşvət, qohum-tanışbazlıq yıxır, təhsilin evini “şparqalka”!..
- Şəkiyə tez-tez gedirsiz və deyirlər, Şirməmməd Hüseynov Axundovun ev-muzeyinə Şəkiyə getdiyi qədər gedib...
- Bəxtiyar yazırdı ki, Şəkini bir çay bölür iki yerə. Bir tərəfdə Xan sarayıdı, bir tərəfdə bir koma. Gözünə aldananlar Xan sarayına gedir, namusuna sığınanlar o komaya...
- Bu məqamda Sizin “Axundov damcıları” kimi əfsanələşmiş bir əhvalatınız yada düşür.
- Həə... getdim Axundovun evinə, baxdım ki, ev damır. Bəxtiyar da orda idi. Dedim, gözləyin, gəlirəm. Getdim o vaxtkı mədəniyyət şöbəsi müdirinin evinə. Qapını döydüm, arvadı çıxdı. Dedim, eviniz damır? Dedi yox. Dedim, çox gözəl. Getdim şəhər soveti və rayon soveti sədrlərinin evlərinə - eyni sual, eyni cavab. Daha sonra getdim raykomun birinci katibi Sadıq Murtuzayevin evinə. Yoldaşı çıxdı, yenə həmən-haman. Nəhayət, getdim Murtuzayevin kabinetinə, dedim, nətəər olur ki, sizin evlərinizə dammır, Mirzə Fətəlinin evinə damır?! Həə... Sadıq müəllim axşam saat 7-yə büro çağırdı, bir həftəyə o evi təmir etdilər, yanında da bir otaq tikdilər.
- Şirməmməd müəllim, biz jurnalistlərə məxsus trafaret suallardan birinə qafiyəvi bir əlavə edirəm: “çox yaşamağın sirri” və iksiri...
- Söhbəti başlayanda dedim insan özü gəlmir, özü getmir. Amma bircə şey var ki, gərək həyatda şövqnən, sevincnən yaşayasan. Bax, mən bu Kişilər haqda hər yeni mənbəyə rast gəldikcə, hər yeni fakt tapdıqca, sevinmişəm. Bu kitabları çap etdirdikcə yaşam şövqüm, sabah eşqim artıb...
Hə, balası, gərək nəfsinə hakim olasan. Bunun şərhi üçün çox da danışmaq olar, az da. Aza qane olaraq deyim ki, mən 60 ildi 59 kiloyam (gülür və sən demə bu, söhbətimizin bitməsinə də bir eyhammış)...
- Söhbətimizin əvvəlində Siz bəşərin gəlim-gedimi haqda bir bənd şeir söylədiniz, mənsə, məşhur “Hər kəs yüz il yaşamasa, günah onun özündədir” poeziyasını xatırladıb, müsahibəmizi nəsri sətirlə bitirirəm: 90 ildir sürdüyünüz tər-təmiz ömrünüzdə bu “günah”a da batmayasız, Şirməmməd müəllim!..

Söhbətləşdi:
Tahir Abbaslı