“Misir böyük ölkədir və burda elə tədbirlər keçirmək lazımdır ki, Azərbaycanı daha yaxşı tanısınlar”

Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1993-cü ildə Misirin Bakıda və 1994-cü ildə Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Ötən müddət ərzində mədəniyyət və turizm də daxil olmaqla, bir sıra sahələrdə əlaqələr genişlənib. Axır bir neçə ildə Misirdə baş verən məlum hadisələrdən sonra ölkədə bərpa olunmuş sabitlik əlaqələrin yenidən inkişafına stimul verdi. Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayevlə ikitərəfli münasibətlərin bugününə nəzər saldıq.

- Cənab səfir, Azərbaycanla Misir arasında əlaqələrin mövcud səviyyəsini necə dəyərləndirmək olar?
- Ölkələr arasında siyasi əlaqələrin səviyyəsi qənaətbəxşdir. İqtisadi sahəyə gəlincə, biz neft sahəsində əməkdaşlıq etmişik. Təbii ki, gələcəkdə Misir tərəfdən səmərəli layihələr təqdim olunarsa, Azərbaycan bu layihələrdə iştirak edə bilər. Eyni zamanda deyə bilərəm ki, Misir sərmayədarlarının da Azərbaycana marağı var, ölkəmizdəki bir sıra sənaye və istehsalat sahələri onların diqqətini cəlb edir. Əlbəttə ki, biz bunların hamısını öyrənirik, nəzərdən keçiririk. Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fudanın Bakıya səfəri gözlənilir. Səfər zamanı onu misirli iş adamları da müşayiət edəcək, işbirliyi imkanları müzakirə olunacaq.
Azərbaycanla Misir beynəlxalq təşkilatlarda da səmərəli əməkdaşlıq edir. Düşünürəm ki, qarşıdakı dövr münasibətlərimizdə yeni bir səhifə açacaq və əlaqələr hər iki ölkənin maraqlarına uyğun formada inkişaf edəcək.
- Dünya təcrübəsində ölkələrarası əlaqələrin möhkəmlənməsində “qardaş şəhərlər” layihəsi də mühüm yer tutur. Bu təcrübə Misir-Azərbaycan münasibətlərində özünü necə doğruldur?
- 2014-cü ilin avqust ayında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə birlikdə Cənubi Sinay əyalətinin qubernatoru general Xalid Fuda ilə görüşdük, söhbət əsnasında bu məsələ də gündəmə gəldi. “Qardaş şəhərlər” layihəsi Azərbaycan-Misir əlaqələrində də önəm kəsb edir. Misirin Kalyopeya şəhəri ilə Azərbaycanın Xırdalan şəhəri qardaşlaşıb. Görüş zamanı Azərbaycan tərəfi Misirin mühüm turizm mərkəzi olan Şarm Əl-Şeyx şəhəri ilə Qəbələ şəhərinin qardaşlaşması təklifini irəli sürdü və indi bu yöndə hazırlıq işləri görülür. Ümumiyyətlə, “qardaş şəhərlər” layihəsi ilə bağlı mövcud təcrübədən çıxış edərək deyə bilərəm ki, bu, ikitərəfli əlaqələrə müsbət təsir göstərir. Bu çərçivə müəyyən qədər dar görünsə də, nəticədə münasibətlərin intensivləşməsinə stimul verir.
- Bu xüsusda iki ölkə arasında turizm əlaqələrinin perspektivlərini necə görürsünüz?
- Misirdə baş verən məlum hadisələrlə bağlı 2011-ci ildən ölkədə turizm sektoru zəifləməyə başlasa da, 2013-cü ildən etibarən artıq turist axını çoxalmaqdadır. Dünyanın bir çox ölkələrindən buraya turistlərin gəlişi bərpa olunur. Misir tərəfi Azərbaycandan da çoxlu sayda turist qəbul etməkdə maraqlıdır. Əlbəttə, burada bəzi məqamlar mövcuddur. Məsələn, birbaşa hava xəttinin açılması məsələsi var. Ola bilsin ki, Cənubi Sinayın qubernatoru Bakıda olanda bu məsələləri müzakirə edəcək. Avqustda keçirilən görüşlərdə Misirin azərbaycanlı turistləri qəbul edəcək “EgAz tours” şirkəti tərəfindən Bakı və Şarm Əl-Şeyx arasında hava xəttinin açılması ilə bağlı irəli sürülmüş təşəbbüs də müzakirə olunmuş və iki ölkənin müvafiq qurumları tərəfindən müsbət qarşılanmışdı. Hazırda müvafiq nazirliklər arasında da bu məsələlər müzakirə olunur. Bu gün Azərbaycan vətəndaşları Tbilisi və digər şəhərlər vasitəsilə Şarm Əl-Şeyxə, Misirin digər turizm zonalarına gəlirlər. Halbuki, biz bunu birbaşa həyata keçirə və turizm sahəsində ikitərəfli əlaqələrin inkişafına yardım edə bilərik. Digər tərəfdən, bu, qarşılıqlı ticarət, iqtisadi əlaqələr baxımdan da sərfəlidir. Öz növbəsində Azərbaycan tərəfinin də Misirdə həyata keçirilən iqtisadi layihələrə marağı var. Cənubi Sinay qubernatorunun Bakıya səfəri zamanı Azərbaycanın da investisiya imkanlarından Misirdə, Şarm Əl-Şeyxdə istifadə imkanları araşdırılacaq. 2015-ci ilin martında Misirdə beynəlxalq iqtisadi forumun keçirilməsi nəzərdə tutulub. Əlbəttə, əgər dəvət olunarsa, Azərbaycan tərəfi də tədbirdə iştirak edəcək.
- Azərbaycanla Misir arasında mədəni əlaqələrin kifayət qədər tarixi var. 1999-cu ildən Bakıda Misir Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, bir sıra qarşılıqlı mədəniyyət tədbirləri keçirilir. Bu barədə, deyə bilərsiniz?
- İki ölkənin münasibətlərində qədim tarixə malik olan mədəni əlaqələr önəmli rol oynayır. Məsələn, 2014-cü ilin iyununda Azərbaycanda Misir mədəniyyəti günləri keçirildi. Qarşıdakı illərdə isə Misirdə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Bunu xüsusi olaraq qeyd etmək istərdim ki, 2011-ci ildə ölkədə baş verən məlum hadisələrə qədər Misirlə Azərbaycan arasında çox fəal mədəni əməkdaşlıq olub. Amma sonra Misirdəki qeyri-sabit vəziyyətlə bağlı bu əməkdaşlıq zəifləyib. İndi, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrimizi genişləndirməliyik. Çünki Azərbaycan mədəniyyətinin təbliğ olunası çox geniş sahələri var ki, Misir ictimaiyyətinin bu barədə məlumatı yoxdur. Məsələn, götürək, folklor, musiqi, incəsənət, opera və s. sahələri. Misir böyük ölkədir və burda elə tədbirlər keçirmək lazımdır ki, Azərbaycanı daha yaxşı tanısınlar. Misir ictimaiyyətinin müəyyən bir hissəsi var ki, onlar Azərbaycanı tanıyır, istər siyasətini, istərsə də iqtisadiyyatını bilirlər. Amma ölkə əhalisinin əksər qismi öz daxili problemləri ilə məşğuldur və digər hadisələri izləyə bilmirlər. Bizim də borcumuz çalışıb bütün istiqamətlərdə əlaqələri inkişaf etdirməkdir.
- Son zamanlar ölkəmizlə Misir arasında elmi əlaqələrin, kitab mübadiləsinin miqyası da genişlənir və yəqin siz də təsdiqləyərsiniz ki, bu istiqamətdə İsgəndəriyyə kitabxanasının rolu danılmazdır...
- Bu kitabxana ilə artıq 10 ilə yaxındır ki, Azərbaycan tərəfi əməkdaşlıq edir. Son vaxtlarda Beynəlxalq Nizami Gəncəvi Mərkəzi qurulub və onun rəhbəri də İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldindir. İki ölkə arasında bəzi tədbirlər keçirilir. Məlumat üçün bildirim ki, Azərbaycan tərəfinin də razılığına əsasən İsgəndəriyyə kitabxanasında Nizami Gəncəvinin büstü qoyulacaq. Bu kitabxana saysız-hesabsız oxucuların tez-tez müraciət etdikləri bir mədəniyyət ocağıdır. Əlbəttə, dahi Azərbaycan şairinin burada Nizaminin heykəlinin qoyulması Nizami irsinin daha geniş tanıdılması baxımdan mühüm əhəmiyyət kəsb edir. Yəqin ki, bu yaxınlarda büstün rəsmi açılış mərasimi olacaq. Hələ ki, tərəflər arasında danışıqlar gedir. Öncədən deyə bilərəm ki, mərasimdə Azərbaycandan rəsmi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Mehparə Sultanova