“Ölkənizin regionlarını gəzdikcə, onun nə qədər təbii zənginliyə malik olduğunu görmək olur”

Aralıq dənizinin şərq sahilində, strateji coğrafiyada yerləşən Fələstin tarixən Asiya və Afrika qitələri arasında olan keçid bölgə olub. Artıq dörd ildir ki, Fələstin Muxtariyyətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Səfir Nasser A.Kareem ilə söhbət zamanı o, ölkəsinin Azərbaycanla tarixi əlaqələrindən, diplomatik nümayəndəliyin, eləcə də ölkəmizdəki Fələstin icmasının qatıldığı mədəniyyət tədbirlərindən söz açdı. Söhbətimizə ölkələrimiz arasında münasibətlərdən başladıq.

- Cənab səfir, Azərbaycanla Fələstin arasında əlaqələri necə dəyərləndirmək olar?
- Azərbaycanla Fələstin arasında həmişə yaxşı münasibətlər olub. Əlaqələrimiz son üç ildə daha da genişlənib. Azərbaycandan Fələstinə, Fələstindən isə Azərbaycana qarşılıqlı rəsmi səfərlər olur. Qeyd edim ki, 2011-ci ildə Fələstin prezidenti Azərbaycana səfər edib. Həmçinin bizim xarici işlər nazirimiz iki dəfə ölkənizdə olub. Beləliklə, münasibətlərimiz bütün sahələrdə inkişaf edir.
- Azərbaycanla bağlı təəssüratlarınız necədir?
- Hər şeydən öncə azərbaycanlılar çox istiqanlı, xeyirxah və səxavətli xalqdır. Burada olduğum müddətdə Azərbaycanın bütün regionlarına səfər etmişəm. Ölkəniz çox gözəldir. Eyni zamanda iqtisadi, mədəni baxımdan da zəngindir. Quba, Qəbələ, Zaqatala, Lənkəran və digərləri əsrarəngiz bölgələrdir. Azərbaycanın zənginliyi musiqidə, adət-ənənələrdə, incəsənətdə və hətta regionların həyatında da hiss olunur. Məsələn, götürək Lahıcı. Kənd bütün görünüşü ilə çox maraqlı və təsirlidir. Bütün bunlar bizdə çox dərin təəssürat yaradıb. Mən regionlara bəzən rəsmi, bəzən də ailəmlə birlikdə qeyri-rəsmi səfər edirəm. Düşünürəm ki, Azərbaycanın çox yaxşı gələcəyi var. Sizin mədəniyyətiniz bizim mədəniyyətimizə çox bənzəyir. Məsələn, muğamlarımız arasında tamamilə olmasa da, oxşarlıq mövcuddur. Mətbəximiz isə demək olar ki, eynidir. Biz də sizin kimi dolmanı eyni məhsullardan hazırlayırıq, düşbərə bişiririk və ona “şişpara” deyirik. Ölkənizin regionlarını gəzdikcə, onun nə qədər təbii zənginliyə malik olduğunu görmək olur. Bunlar turist axını üçün böyük potensialdır. Düzdür, Azərbaycanla Fələstin arasında 1500 km yol var. Bu, böyük məsafədir. Lakin biz bir-birimizə rəğbət bəsləyirik, tarixi bağlarımız var. Münasibətlərin daha da yaxınlaşması üçün mədəni əlaqələrin gücləndirilməsi lazımdır. Əgər siz Fələstinə getsəniz və azərbaycanlı olduğunuzu desəniz, sizi qucaqlayacaqlar. Çünki onlar Azərbaycana böyük sevgi bəsləyirlər.
- Mədəni əlaqələri necə dəyərləndirirsiniz? Bu istiqamətdə hansı yeni layihələr nəzərdə tutulub?
- Bu sahədə biz öz həmkarlarımızla, eləcə də Mədəniyyət və Turizm Nazirliyi ilə işləyirik və çalışırıq ki, əlaqələrimizi inkişaf etdirək. Azərbaycanda Fələstin səfirliyinin açılmasının məqsədi də ikitərəfli əlaqələri, o cümlədən mədəniyyət sahəsində münasibətləri inkişaf etdirməkdir. Ümumiyyətlə, mədəniyyət və incəsənət adamları, rəqs, musiqi qrupları vasitəsilə əlaqələr qurmaq ölkələrimiz üçün çox faydalıdır. Lakin Fələstindəki məlum vəziyyət imkanlarımızı məhdudlaşdırır. Başqa ölkələrdən, eləcə də Azərbaycandan Fələstinə gəlmək adamlar üçün o qədər də asan deyil. Digər tərəfdən, Fələstin mədəniyyətinin Azərbaycanda təqdimatına çalışırıq. Bakıda bizim çox kiçik icmamız var. Daha çox tələbələri əhatə edən icma 20 nəfərdən ibarətdir və səfirlik olaraq onları biz koordinasiya edirik. İl ərzində burada keçirilən mədəniyyət tədbirlərində iştirak edirik. Məsələn, Azərbaycan Diplomatik Akademiyasında xarici ölkə səfirliklərinin illik sərgiləri keçirilir ki, biz də orada təmsil olunuruq. Bu günə qədər 4 dəfə öz mədəniyyət nümunələrimizi təqdim etmişik. Məsələn, Fələstinin “Dəkkə” rəqsi bütün dünyada məşhurdur və biz bunu sərgidə Azərbaycan ali məktəblərində təhsil alan tələbələrimiz vasitəsilə göstərdik. Tələbələrimiz peşəkar rəqqaslar deyillər, lakin öz ölkələrini çox gözəl təmsil edə bilirlər. Yaxud götürək hər il “Park Bulvar”da keçirilən “Global village” (“Qlobal kənd”) layihəsini. Həmin tədbirdə də artıq 4 ildir ki, iştirak edirik. Bir sözlə, səfirlik fəaliyyət göstərəndən bəri Bakıda 40-dan çox mədəni tədbirə qatılmışıq. Rəqslərimizi, milli yeməkləri, suvenirlərimizi nümayiş etdiririk. Hətta mən və həyat yoldaşım “Space” telekanalında “Bizim mətbəx” verilişində iştirak etdik. Xanımım milli mətbəximizdən nümunələr hazırladı. Bu da mədəniyyətimizin bir təqdimatıdır. Ümid edirik ki, yaxın gələcəkdə Fələstinin peşəkar sənətkarlarını, tanınmış rəqs qruplarını, musiqiçilərini, rəssamlarını da Azərbaycana gətirə biləcəyik. Sadəcə koordinasiya lazımdır.
- Fələstin mədəniyyətinin Azərbaycanda daha geniş təqdimatı üçün mədəniyyət günləri və ya mədəniyyət həftəsi keçirmək barədə düşünürsünüzmü?
- Qeyd etdiyim kimi, səfirlik olaraq Azərbaycanda heç bir mədəniyyət tədbirini diqqətdən kənarda qoymuruq. Biz mədəni baxımdan bir-birimizə çox yaxınıq. Mən «Azərbaycan-Fələstin münasibətləri yeni inkişaf etməyə başlayıb» fikri ilə razı deyiləm. «Yeni» sözü yalnız diplomatik əlaqələrə şamil oluna bilər. Biz eyni dəyərləri, tarixi məqamları bölüşürük, əlaqələrimizin böyük keçmişi var. Konkret layihələrə gəlincə, məsələn, Bakıda Fələstin filmləri həftəsi keçirə bilərik. Bunun üçün koordinasiya lazımdır ki, aktyorlarla əlaqə qurmaq, onları dəvət etmək mümkün olsun. İşğal altında olduğumuz üçün bu biz arzuladığımız qədər də asan deyil. Bilirik ki, bizim azərbaycanlı qardaşlarımız belə tədbirlərə məmnuniyyətlə ev sahibliyi edər.
- Fələstinli tələbələr Bakıda hansı sahələr üzrə təhsil alırlar?
- Burada 20 tələbəmiz var. Əksəriyyəti tibb, qalanları isə mühəndislik sahəsində təhsil alırlar. İcmamız çox kiçik olsa da, kifayət qədər aktivdir. Tələbələrimizin müxtəlif mədəniyyət tədbirlərində çıxışları da rəğbətlə qarşılanır.
- Fələstində mədəniyyətin daha çox hansı sahələri inkişaf etdirilib?
- Fələstin mədəniyyəti çox zəngindir. Musiqi, rəqs, kino və s. Son 15 ildə 5 film çəkilib. 2014-cü ildə “Ömər” filmi “Oskar”a namizəd göstərildi və Kann festivalında nümayiş olundu. Müxtəlif teatr qrupları fəaliyyət göstərir. Mədəniyyətin digər aspektləri isə geyimlərimiz, əl sənəti nümunələrimiz, adət-ənənələrimizdir. Məsələn, naxış salma sənəti. Bu, Fələstinin ən qədim və məşhur sənət növüdür. Əl işləmələrinə xüsusilə qadın geyimlərində rast gəlmək olar. Təəssüf ki, mövcud şərtlərdə biz bu sənət növlərini inkişaf etdirə bilmirik. Fələstinin çox qədim tarixi var. Bizdə qədim sivilizasiyaya məxsus həm tarixi yerlər, həm də dini-tarixi yerlər çoxdur. Son arxeoloji qazıntılar göstərir ki, Fələstin ərazisi insanın köçəri həyatdan oturaq həyata keçdiyi və əkinçiliyə başladığı ilk yerlərdəndir. Burada eramızdan 8 min il əvvəl dünyanın ən qədim Ariha şəhəri salınıb. Fələstin müxtəlif mədəniyyətlərin bir-biri ilə qaynayıb-qarışdığı bir ölkədir.
Hər bir müsəlmanın qəlbində Fələstinin böyük yeri var. Qurani-Kərimdə buyurulduğu kimi, bura müqəddəs və mübarək yerdir. Burada müsəlmanların ilk qibləsi olmuş Əl-Əqsa məscidi yerləşir. Bu, Yer üzündə tikilmiş ikinci məsciddir. İslam dinində müqəddəs sayılan məscidlər arasında üçüncü yerdədir. Bura İsra (Merac) ərazisi də adlanır. Məhəmməd peyğəmbər məhz buradan meraca yüksəlmişdi. Fələstin xristian və yəhudilər üçün də müqəddəs yer sayılır. Fələstini ”Peyğəmbərlər torpağı” adlandırırlar. Çünki bir çox peyğəmbərlər dünyaya burada gözünü açıb, ömür sürüb və burada da dəfn olunub.

Mehparə