Bu yaxınlarda tədqiqatçı-alim Əmin Əfəndiyev Qax Rayon Mərkəzi Kitabxanasının qonağı olmuş, adəti üzrə kitab payı da gətirmişdi. Alimin kitab hədiyyəsi Xalq yazıçısı Anara həsr olunmuş tədqiqat əsərləri idi.

   Ənənəmizə sadiq qalaraq biz kitabxanamıza yeni daxil olmuş kitabların geniş müzakirəsini aparırıq. Bu dəfə də belə oldu. “Anar - ömür yolu, yaradıcılığı” və “Çağdaşları Anar haqqında” kitablarının müzakirəsi olduqca maraqlı keçdi. Tədbirə kitabxana işçiləri ilə yanaşı, mədəniyyət işçiləri, məktəblilər və rayon ziyalıları da qatılmışdı. Qax Rayon Mədəniyyət Evinin nəzdində İ.Dağıstanlı adına xalq teatrının rejissoru G.Paşayeva yazıçının ssenariləri əsasında çəkilmiş “Gün keçdi”, “Dədə Qorqud”, “Təhminə” filmlərinin əxlaqi-estetik rolu haqqında danışdı.
   Müzakirələrdə çıxış edən G.Seyidova, N.Osmanova, M.Əfəndi, D.Əzizova, A.Əfəndiyeva, S.Elqızı Anarın söz qüdrətindən, əsərlərindəki fəlsəfəsindən bəhs etdilər, yazıçının çoxşaxəli ictimai fəaliyyətini xüsusi ilə vurğuladılar.
   Daim kitabxanamızla əlaqə saxlayan tanınmış gürcü şair-tərcüməçi G.Paçxataşvili maraqlı məruzə ilə çıxış etdi. Qeyd etdi ki, Əmin Əfəndiyevin və Zakirə Əliyevanın müəllifliyi ilə çapdan çıxmış “Anar-ömür yolu, yaradıcılığı” və “Çağdaşları Anar haqqında” (Azərbaycan və rus dillərində) kitablarında yazıçının sənətkar, ziyalı obrazı dolğun şəkildə canlandırılıb.
   Sonda kitabxanamızın kollektivi, ədəbiyyatsevərlər Əmin Əfəndiyevə və Zakirə Əliyevaya kitablara görə təşəkkür etdi. Qeyd olundu ki, bu kitablar Xalq yazıçısı Anarın çoxsaylı oxucularına qiymətli hədiyyədir.
   
   Güllü Əhmədova,
   Qax rayon MKS-nin direktoru