Milli Dram Teatrı may ayında üçüncü festivala qatılır

Xəbər verdiyimiz kimi, Akademik Milli Dram Teatrı Türkiyənin Adana şəhərində Sabançı Beynəlxalq Teatr Festivalında və Konyada “Min nəfəs, bir səs” Türkdilli Dövlətlərin Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib. Gələn həftə isə teatr Makedoniyanın paytaxtı Skopyedə Milli Teatrların Beynəlxalq Monotamaşalar Festivalında təmsil olunacaq.
25 may - 5 iyun tarixlərində keçiriləcək festivalda Vladimir Zuyevin “Sülh göyərçini” pyesi əsasında hazırlanmış “Mən... Biz...” adlı monotamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Pyesin tərcüməçisi və ifaçı Əməkdar artist Ayşad Məmmədovdur.
Birhissəli mono reportaj janrında hazırlanan tamaşa komplekslərlə böyüyən 50 yaşlı kişinin dramını göstərir. Anası öldükdən sonra xatirələrlə yaşayan, övladları ilə əlaqə yaratmaq, səhvlərini düzəltmək istəyən qəhrəman nəticədə həyatındakı boşluqlardan bezib, intihar edir. Rejissor ideyasına görə, ailədə komplekslər içində, bivec, mərhəmətsiz böyüyən kəs gələcəkdə cəmiyyətdən təcrid olunaraq gərəksiz həyat ilə barışan, ölümünü gözləyən insana çevrilir. Tamaşa mayın 28-də Makedoniya Milli Teatrının səhnəsində nümayiş olunacaq.

Həmidə