Akademik Milli Dram Teatrının kollektivi Quba və Xaçmazda sənətsevərlərlə görüşəndən sonra qastrol turunu qərb bölgəsində davam etdirir.
Mayın 21-də başlanan səfər Yevlax, Mingəçevir, Tovuz, Gəncə və Şəmkir şəhərlərini əhatə edir. Qastrol repertuarına C.Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanmış “Anamın kitabı” dramı və A.Şaiqin əsəri əsasında səhnələşdirilən “Danışan gəlincik” uşaq tamaşası daxildir.
“Anamın kitabı” tamaşasına H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. Quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Rolları əməkdar artistlər Ayşad Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, Şəlalə Şahvələdqızı, Mirzə Ağabəyli, Firuz Xudaverdiyev, İradə Həsənova, aktyorlar Anar Heybətov, Hikmət Rəhimov, Ramin Şıxəliyev, Şəhla Əliqızı, Dilarə Nəzərova və başqaları oynayırlar.
“Danışan gəlincik” tamaşasının quruluşçu rejissoru Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı, rəqslərin quruluşçusu Nigar Güləhmədova, rejissor assistenti Dilbər İsmayılovadır. Tamaşada Əməkdar artist Şəlalə Şahvələdqızı, aktyorlar Rəşad Bəxtiyarov, Elnar Qarayev, Günel İmanova və Xədicə Novruzlu çıxış edirlər.

H.Nizamiqızı