Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyası özünün 9-cu mövsümünü başa vurur. Kollektivin mövsümdə son çıxışı iyunun 15-də R.Behbudov adına Dövlət Mahnı Teatrında olacaq. İkihissəli tədbirdə əvvəlcə vokal və xoreoqrafik nömrələr, sonra isə E.Hofmanın eyniadlı nağılı əsasında hazırlanmış “Şelkunçik” tamaşasının premyerası təqdim ediləcək.
Birinci hissədə beynəlxalq müsabiqələr laureatları Səbinə Məmmədova və Leyla Yusubova, Moskvada keçirilən “Canlı klassika” müsabiqəsinin qalibi Nəzrin Arıxova, beynəlxalq vokal müsabiqələrinin qalibi Eldar Tahirov, “Günay” rəqs qrupu çıxış edəcək.
Daha sonra nümayiş olunacaq “Şelkunçik” tamaşasının quruluşu və musiqi tərtibatı teatr studiyasının rəhbəri Larisa Tarusovaya, rəqslərin quruluşu isə Günəş Talıbovaya məxsusdur. Tamaşada P.Çaykovskinin musiqisindən istifadə olunub. Baş rolları Elina Kainbekova, Maksim Korşunov, Leyla Yusubova, Leyla Mürşüdova, Gülər Aslanova və Akim Şeqlov oynayırlar.