Qurumun rəhbərliyində dəyişikliklər baş verib

Polşanın paytaxtı Varşavada Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının (ASSİSTEJ) 18-ci dünya konqresi keçirilib. Korczak beynəlxalq uşaq və gənclər teatrları festivalı çərçivəsində, ASSİTEJ-in Polşa Milli Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən konqresdə 50-dən çox ölkənin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da 2011-ci ildən ASSİSTEJ-in üzvüdür. Teatrın mətbuat xidmətindən bildiriblər ki, konqresdə qurumun İcraiyyə Komitəsinin 2011-2014-cü illərdə fəaliyyətini əhatə edən məsələlər müzakirə edilib, hesabatlar dinlənilib. Eyni zamanda gələcək illərdə keçiriləcək mühüm beynəlxalq teatr tədbirlərinin tarixləri açıqlanıb.
Toplantıda qurumun rəhbərliyində bəzi dəyişikliklər də baş verib. 2014-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni üzvləri seçiliblər. İvetta Hardi səs çoxluğu ilə yenidən Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyasının prezidenti seçilib, İcraiyyə Komitəsinin mövcud 6 üzvünün sırasına daha 6 üzv əlavə edilib. Marisa Ximenes Kaço ASSİTEJ-in yeni baş katibi seçilib, baş katibliyin ofisi Xorvatiyanın paytaxtı Zaqrebdən Mexikoya (Meksika) köçürülüb.