Azərbaycan Dövlət Musiqili Teatrı 114-cü mövsümünü iyulun 5-də Üzeyir Hacıbəylinin “Ər və arvad” əsərinin tamaşası ilə başa vuracaq. Dahi bəstəkarın 1909-cu ildə yazdığı üçpərdəli “Ər və arvad” musiqili komediyası ilə Azərbaycan musiqili teatrının əsası qoyulub. Ənənəvi olaraq hər il Dövlət Musiqili Teatrı yeni mövsümü sentyabrın 18-də - Milli Musiqi Günündə bu tamaşa ilə açır və iyul ayında da bu tamaşa ilə mövsümü başa vurur.
Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev mövsümün son tamaşasının yaddaqalan sənət axşamı olacağını deyib. Səhnə əsərində əsas rollarda xalq artistləri İlham Namiq Kamal (Mərcan bəy), Afaq Bəşirqızı (Minnət xanım), Fatma Mahmudova (Arvad), əməkdar artistlər Ələkbər Əliyev (Kərbəlayı Qubad), Əkbər Əlizadə (Səfi), Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (Aşpaz), Hüseyn Əlili (Suçu), Ağaxan Şərifov (Süpürgəçi) çıxış edəcəklər.