Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 114-cü mövsümün son qastrol səfərinə - Şirvana yola düşəcək. İyulun 2-də Şirvan şəhər Mədəniyyət evində “Hərənin öz ulduzu” (Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası nümayiş etdiriləcək. Tamaşada Xalq artisti Fatma Mahmudova, Əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva çıxış edəcəklər.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, qastrol səfərinin məqsədi yay mövsümündə bölgə əhalisinin mədəni istirahətini təşkil etmək, sakinlərin sevimli aktyorlarla canlı təmasına imkan yaratmaqdır.