Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 141-ci mövsümünü başa vurdu. Kollektiv iyulun 9-da teatrsevərləri Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişinə topladı.

Hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən gürcü knyazı Pantiaşvili borclarını qaytarmaq və rahat yaşamaq məqsədilə varlı bir qızla evlənmək üçün Tiflisin ən məşhur yengəsi Xanumanı arabulucu tutur. O, knyaz üçün Quliko adlı qız tapır. Kabato adlı digər yengə isə knyazı öz namizədi - varlı tacir Makar Tkvilkotriaşvilinin qızı Keto ilə evləndirmək istəyir. Keto isə öz musiqi müəllimini - knyaz Pantiaşvilinin qardaşı oğlu Koteni sevir... Uzun çək-çevirdən sonra hiyləgər Xanuma knyazı Quliko ilə evləndirir. Kote Keto ilə, Xanuma özü isə Niko ilə evlənir.

Bir az parodiya, bir az da komediya

Fərqli yozum və komizmdə təqdim edilən əsər repertuarda çoxdan olsa da və paralel olaraq paytaxtın digər teatrında oynansa da, akademik səhnənin “Xanuma”sı yenə də baxımlı idi. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov fantaziyasını, vizual modelini çox sərbəst qurmuşdu. Belə ki, o, özünə rahat formanı tətbiq edərək fərqli tərzli mizanlar qurmuş, diskussiyalar, dialoq jestlərdə aktiv bir ab-hava yaratmışdı. Bir az parodiya, bir az məsxərə, bir az da komediya vardı. Yəni hamı oynayır, mütləq nə isə baş verir və həm də oyunun içində oyun elə-belə ötüb keçir. Rəqslər, ifalar, jest və mimikalar aktyorların timsalında belədən-belə səpələnir. Adama kənardan qəribə bir miks təsiri bağışlayan görüntüdə həm də ciddi bir səliqəlilik, mizan təfərrüatı var.
Beləcə, rejissor bədii mətndən bəlli epizodları sanki sintez, fərqli və sürətlə dəyişən əlavələri ilə montaj edir və izləyənlərə klassik yengənin müasir ruhunu göstərməyə çalışır.
Aktyorların vərdiş etdiyimiz ampluadan kənara çıxaraq nümayiş etdirdikləri oyunu da alqışlamaq lazımdır. Onlar akademik teatrın aktyoru kimi adət olunmuş oyun manevrlərindən arınaraq sanki səhnə karnavalında, nə bilim bir banketdə əylənmək ab-havasındakı qədər usta, maraqlı, baxımlı və ən əsası əyləncəli oyunda idilər.
"İkihissəli parodiya" kimi təqdim olunan tamaşada rolları xalq artistləri Bəsti Cəfərova, Cəfər Əhmədov, Səidə Quliyeva, əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Əsgər Məmmədoğlu və başqaları ifa edirdilər.

Bir mövsümdə 10 yeni tamaşa

Tamaşanın nümayişindən sonra mövsümün başa çatması münasibətilə fikirlərini bölüşən Azərbaycan Dövlət Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov və teatrın direktoru, professor İsrafil İsrafilov yaradıcı heyətə uğurlar arzuladılar. Azərbaycan teatrının tarixi inkişaf proseslərindən, bu sahədə qazanılmış uğurlardan və gələcək planlardan söz açdılar.
141-ci teatr mövsümünün Akademik Milli Dram Teatrı üçün son dərəcə səmərəli yaradıcılıq prosesi ilə yadda qaldığını vurğulayan İsrafil İsrafilov mövsüm ərzində biri dövlət sifarişi, 9-u isə daxili imkanlar hesabına olmaqla 10 yeni tamaşanın hazırlanaraq sənətsevərlərin ixtiyarına verildiyini bildirdi. Kollektiv bu mövsümdə üç beynəlxalq teatr festivalına qatılıb, həmçinin ölkədaxili qastrollara böyük önəm verib. “Anamın kitabı”, “Zorən şorgöz”, “Oliqarx” və “Danışan gəlincik” tamaşaları Quba, Xaçmaz, Yevlax, Mingəçevir, Tovuz, Gəncə, Şəmkir, Lənkəran və digər bölgələrdə nümayiş olunub.

Həmidə Nizamiqızı