Yeni tamaşaya ictimai baxış

İyulun 9-da Azərbaycan Dövlət Musiqili Teatrında səhnələşdirilən “Qızıl toy” operettasına daxili baxış keçirilib. Bəstəkarı Oqtay Kazımi, libretto müəllifi Ramiz Heydər olan əsərin quruluşçu rejissoru Yusif Əkbərovdur.

Xatırladaq ki, “Qızıl toy” tamaşası Musiqili Teatrda sayca üçüncü səhnə həyatını yaşayır. Əsərə ilk quruluşu 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib. Həmin quruluşda Nəsibə Zeynalova, Xanlar Muradov, Səyavuş Aslan, Atabala Səfərov və başqaları oynayıblar.
Əsər 1996-cı ildə Yusif Əkbərovun quruluşunda səhnələşdirilib. Bu dəfə tamaşada Ema Məlikova, Səmayə Musayeva, Möylə Mirzəliyev, Xanlar Muradov, Bəhram Əliyev, Nadir Xasıyev, Ramiz Məmmədov və başqa aktyorlar rol alıblar.
Əsərə yenidən quruluş verən Yusif Əkbərov ictimai baxışın uğurla keçdiyini və premyeranın növbəti mövsümdə olacağını deyib: “Əminəm ki, “Qızıl toy” tamaşaçılar tərəfindən seviləcək”.
Qeyd edək ki, tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssamı Gülnarə Xəlilova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova, rejissor assistenti isə Tamilla Aslanovadır.
Rolları əməkdar artistlər Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlar - Əzizağa Əzizov (Rəhim), Gültac Əlili (Aygün), Elvin Əliyev (Azər), Gülnarə Əzizova (Züzü), Yuliya Heydərova (əcnəbi qız), Svetlana Bulax (turist), Əliməmməd Novruzov, Ruslan Mürsəlov (turist), Elməddin Dadaşov (turist oğlan) oynayırlar.