İnsan əslində yaradılış etibarilə bir az idarəolunmazdır. İstəkləri, ehtiras və özünə rəğbəti eqoizmdən də təhlükəli olub onu haldan-hala salır. Digər tərəfdən, onun ətrafa münasibəti, içində ram edə bilmədiyi hislərin vahiməli püskürtüsü sonda həm özünü, həm də ətrafını külə çevirə bilər.

Sosial problemlərin insan xarakterinin formalaşmasına zərbəsinin unikal səhnə həlli, müxtəlifləşmə, bir növ xarakterin deformasiyası haqqında ironik, acı həqiqətin inandırıcı yozumu olan “Varlı qadın” tamaşasında bu mətləblər bir daha ayırd olundu. Yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan tamaşa bu dəfə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin təqdimatında səhnə həyatına başladı.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa iyulun 11-də Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində təqdim olundu. Onu da qeyd edim ki, əsər indiyədək respublikamızın və bir sıra xarici ölkələrin 20-dək teatrında Azərbaycan, rus, qazax, tacik, özbək, gürcü, qırğız, tatar, kumık, ləzgi dillərində tamaşaya qoyulub, dörd beynəlxalq teatr mükafatına layiq görülüb.
Tamaşaya Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov quruluş verib. “Varlı qadın”ı daha əvvəl Sumqayıt teatrında səhnələşdirən rejissor əsərə yeni əlavələr edib. Quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Aygün Zeynalova olan tamaşada əsas rolları Şuşa teatrının aparıcı aktyorları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev, Nazir Rüstəmov, Mobil Qurbanov, Etibar Cəfərov, Məmməd Məmmədov ifa edirdilər.
Quruluş və aktyor oyunu ilə yadda qalan “Varlı qadın” izləyicilərin də marağına səbəb oldu. Daha çox şuşalı teatrsevərlərin sorağına toplaşdığı tamaşada zamanın məğlub edə bilmədiyi insan münasibətlərindəki dürüstlük işartıları, qürurun qorunması elementləri üzərində gəzişmələr də yox deyildi.
Ümumiyyətlə, eyni əsərin müxtəlif teatrlarda səhnəyə qoyulması hər zaman maraqlı olur. Bu zaman rejissor özünün dəst-xəttinə, quruluş üslubuna kənardan baxmaq imkanı qazanır. Firudin müəllim də bu quruluşunda o baxış imkanından maksimum yararlanmışdı.
Fədakar, zəhmətkeş və istedadlı, daim yeni bir oyun manevrlərinə can atan şuşalı aktyorlar arasında seçim, deyəsən, rejissoru çətinliyə salmışdı. Burada məsələ rol bölgüsündən çox, o rolun uyğunluq nüansında idi.
Hələ nümayişdən öncə teatrın məhdud imkanlarından danışan rejissor buna rəğmən aktyorların öz rollarının öhdəsindən gələ bildiklərini vurğuladı. Rejissor yəqin elə bu məqamları nəzərə alaraq tamaşanın xronometrajına da əl gəzdirmişdi. Belə ki, əvvəlki quruluşda fasiləsiz 2 saat davam edən səhnə əsərinin bu versiyası təxminən 40 dəqiqə azaldılmışdı.
Bu da bəzi səhnələrin ixtisarında, eləcə də bir sıra qəliz görünə biləcək nüansların rejissor tərəfindən başqa detallarla gücləndirilməsində özünü büruzə vermişdi. Müəllifin mətninə xələl gətirmədən edilən bu ixtisar aktyorların işini asanlaşdırmaqla yanaşı, əsas ideyanın birbaşa vurğulanmasını da qüvvətləndirirdi. Bu mənada aktyor oyununa enerji və konkretlik də gəlmişdi. Səhnədə manevr və mətn yükü jest və mimikaların dili ilə deyildiyindən tamaşaçının qavraması da sürətlənmişdi.
Tamaşanın dinamik keçdiyini isə xüsusi vurğulamaq lazımdır. Bunu seyrçi reaksiyası aydın deyirdi. Oynaq, rəngarəng hadisələrlə bol olan bir əsərdə vəziyyət komediya ilə yanaşı, təsiredici və düşündürücü dramatik situasiyalarla da ifadə olunur. Xarakter bolluğu ilə fərqlənən “Varlı qadın”da cəmiyyətin ən müxtəlif fərdlərinin sadəcə yaşam mücadiləsi və bu qovğada cilddən-cildə düşməsi ustalıqla öz əksini tapdığından rejissor elə də çətinlik çəkməmişdi.
Tamaşa təxminən bu fikri qabartdı: insanı narahat edən sosial problemlər çoxdur, amma hər şey ailədən, onun mükəmməlliyindən başlayır. Kiçik dövlət dediyimiz ailədə baş verən elə xırda problemlər sonradan onun həndəvərindən çıxaraq ümumilikdə cəmiyyətə sirayət edir. Adi məişət problemləri, maddi sıxıntılar mənəvi aşınmalara, özünü inkara və hətta ifrat özbaşınalığa gətirib çıxarır. Bu idarəolunmaz situasiyada ailə anlayışı tamamən dağılır. Lap “Varlı qadın”ın ailəsində olduğu kimi. Pul hərisliyi ailənin başçısını, monoqrafiya və saysız elmi məqalələr müəllifi olan professor Sarı Göyüşovu (Teymur Məmmədov) “hərraca” çıxarır. Axsamağında, fiziki və mənəvi eybəcərliklərində ərini günahlandıran Həvva Zərlinskaya (Püstəxanım Zeynalova) və onun vecsiz, işi-gücü geyinmək, əylənmək və tüfeyli dostları ilə vaxt keçirmək olan oğlu Qaranın (Rasəf Mehdiyev) sayəsində ata pulla dəyişdirilir. 1 milyardın varisi olan qadın beləcə bir ailənin, onun şikəst fərdlərinin faciəsinin təməlini qoyur.
Komik hadisələr fonunda təqdim olunan səhnə əsəri cəmiyyətə ciddi mesajlar ünvanlayır. Bütün bəlaların cüzi yanlışlıqlardan qaynaqlanması barədə bu mesaj hər kəsin maddiyyat düşkünlüyü və ümumən pula hərisliyinin uğurlu səhnə cavabıdır.

Həmidə Nizamiqızı